Qızartma
Ədəbi dilimizdə işlənən bu sözün əsasında “qızarmaq” feili dayanır. Sözün sonundakı –ma şəkilçisi feildən isim düzəltmişdir. –ma, -mə şəkilçisi məhsuldar bir şəkilçi kimi məsdərin son samitini itirməsi ilə əmələ gəlib, əşya bildirən isimlər düzəldir: qazma, tikmə, hörmə, yazma, düymə, dolama, qatlama, bulama, doğrama və s. -ma –mə omonim şəkilçidir. İnkarlıq bildirən –ma, -mə şəkilçi ilə vurğuya görə fərqlənir. İsim düzəldən –ma, -mə vurğulu, inkar şəkilçisi vurğusuzdur: məs., yazma′ - yaz′ ma, hörmə′ - hör′mə, qatlama′ - qat′lama, vurma′ - vur′ma, çıxma′ - çıx′ma və s. Bu şəkilçi feillərdən isim düzəltdiyi kimi, feili isimlər də düzəldir. Feili isim kimi çıxış etdikdə feili sifət, feli bağlama və məsdərlərdə olduğu kimi, –ma, -mə şəkilçisindən əvvəl növ və inkarlıq əlamətləri işlənə bilir. Məs.: doydurma – doydurmama, anlama – anlamama, yığma – yığdırma – yığışma – yığışmama, becərmə - becərtdirmə - becərtdirməmə və s. İnkar şəkilçisindən fərqli olaraq, isim və feili isim düzəldən –ma, -mə şəkilçisi şəxssiz feili formasından isim düzəltməyə doğru inkişaf yolu keçir. Mahiyət etibarilə -ış şəkilçisi ilə sinonimdir. (13, 59-69) “Bu xörək adının əmələ gəlmə tarixi qədimdir. Rəng əlamətinə görə əmələ gəlmişdir. Bu termin, fikrimizcə, qızıl və qırmızı rənglərilə bağlı bir anlayışdır. XI yüzillikdə M. Kaşğari lüğətində sağlam bir məntiq ilə “isimdən düzələn feillər” bölümündə bu söz belə açıqlanır:
“Qızardı”mənasında söylənən “top qızardı” ifadəsinə gelişmişdi. Bunun əsli “Kızıl ordi”, yəni ”kızıl oldu” deməkdir. B. Ögemin fikrincə, kızartma daha çox “ətin rəngini dəyişdirmə və qırmızılaşdırma” mənasında söylənmirdi. Əsas bişirmə anlayışı “qovurma” idi. (24, 18)
Qızartma sözü Türkiyə türkcəsində kızartma, başqırd türkcəsində kırılğan yaşıltə, qazax türkcəsində kıvırılğan kököpister, qırğız türkcəsində kızartma, özbək türkcəsində kızartma (səbzəbət kavurması), tatar türkcəsində kuırdak, kızdırma, türkmən türkcəsində gök önümlerden qovrulan nahar, uyğur türkcəsində korulğan səy (33, 484-485) formalarında işlənir.