Rekultivasiya
Rekultivasiya (lat. re-yenidən başlama, təzədən təkrar edilmə; cultivo-becərirəm)- torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlər. Torpağın pozulması faydalı qazıntı yataqlarından istifadə etdikdə (əsasən açıq üsulla), geoloji kəşfiyyat-axtarış işləri zamanı, tikintilər və s. işlər apardıqda baş verir. Bu zaman torpaq örtüyü pozulur və ya tamamilə dağıdılır, hidroloji rejim pozulur, texnogen relyef əmələgəlir və s. Rekultivasiya nəticəsində pozulmuş torpaq sahələrindən kənd təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su hövzələri, rekreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir.
Torpağın rekultivasiyası adətən iki mərhələdə aparılır:
texniki (səthin planirovkası, onun münbit qatla örtülməsi və ya torpağın yaxşılaşdırılması, yolların salınması, hidrotexniki və meliorativ qurğuların tikilməsi)
bioloji (rekultivasiya aparılan sahədə aqrotexniki və fitomeliorasiya tədbirləri yerinə yetirərək, münbitliyi bərpa etmək, torpaqəmələgəlmə prosesini sürətləndirmək, flora və faunanın bərpasına şərait yaratmaq)
Rekultivasiya üsulları torpaqların rekultivasiyasında tətbiq olunan, daha doğrusu, pozulmuş və çirklənmiş torpaqların münbitliyinin bərpa olunmasına yönəldilən fəaliyyət və tədbirlər sistemidir. Bura töküntü süxurların yamaclarının bərkidilməsi, neftlə çirklənmiş torpaqlarda texniki və bioloji rekultivasiya, münbit torpaq qatının qazılması, daşınması, bioloji preparatlarla neftli torpaqların qatışdırılması, kanalların, karxanaların doldurulması, aqrotexniki, fitomeliorativ, meliorativ və s. tədbirlərin həyata keçirilməsi kimi işlər daxildir.
Bu üsulda neftlə çirklənmiş torpaq qatı sahədən çıxarılaraq yuma sexinə daşınılır.