Report İnformasiya Agentliyi
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir.
"Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır.
"Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.
Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir.
"Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.
Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.