Aydın Hacıyev (professor)
Aydın Cəfər oğlu Hacıyev — professor.
== Həyatı ==
Aydın Hacıyev 1936-cı ildə Şuşanın Malıbəyli kəndində anadan olmuşdur. O, 1947-ci ildə Malıbəyli kənd 7 illik məktəbini bitirib, Şuşadakı pedaqoji texnikuma daxil olmuşdur. Aydın Hacıyev 1951-ci ildə həmin texnikumu bitirərək Tərtər rayonunun Sarov kəndində müəllimlik fəaliyyətinə başlamışdır. 1953-cü ildə təhsilini davam etdirmək üçün o, V.İ.Lenin adına (indiki N.Tusi adına) ADPÜ-nin fiologiya fakültəsinə qəbul olmuş və 1957-ci ildə həmin üniversiteti bitirmişdir.
A.Hacıyev ölkəmizin qocaman ali məktəbində professor M.Rəfilidən, akademik Ə.Dəmirçizadədən, professor A.Abdullayevdən, S.Əfəndiyevdən, professor Ə.Seyidovdan elmlərin əsaslarını dərindən öyrənməyə səy göstərmişdir. A.Hacıyev 1957-62-ci illərdə Mingəçevir şəhərinin 10 saylı məktəbində əvvəl müəllim sonra isə direktor vəzifəsində çalışmışdır.
A.Hacıyev 1962-ci ildə V.İ.adına ADPU-də ədəbiyyat tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuş, V-VIII siniflərdə lirik şerlərin tədrisi metodikası adlı dissertasiya mövzusu üzərində tədqiqat işləri aparmış, 1966-cı ildə bu dissertasiyanı uğurla müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Həmin ildən o, bir alim kimi H.Tusi adına ADPU –nin fiologiya fakültəsində həm müəllim kimi, həm də tədqiqatçı kimi fəaliyyətə başlamışdır.
Aydın Hacıyev 1975-ci ildən başlayaraq “Azərbaycan Sovet uşaq nəsrinin təşəkkül və inkişaf problemləri (1920-1960)” adlı doktorluq dissertasiyası üzərində işləmişdir.