Abakar Hacıyev (11 aprel 1979, Zaqatala rayonu – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Abakar Hacıyev | |
---|---|
Abakar Məhəmməd oğlu Hacıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 aprel 1979 |
Doğum yeri | |
Vəfat tarixi | 27 oktyabr 2020 (41 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2000-ci ildən |
Rütbəsi | Polkovnik-leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Abakar Hacıyev 1979-cu il aprelin 11-də Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub.[2] Orta təhsilini Ş. Qurbanov adına 3 saylı Zaqatala şəhər tam orta məktəbində alıb. 1996–2000-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Ailəli idi. Hacı və Eldar adında oğulları, Elvira adında isə qızı yadigar qaldı.[3][4]
1996–2000-ci illərdə keçmiş Bakı Ali Dənizçilik Hərbi Akademiyasında — indiki Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alan Abakar Hacıyev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmətə başlayıb.[5] 24 il nazirliyin Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkərandakı hərbi hissələrində çalışıb. 2017-ci ilin noyabrında Qusarda "zampolit" kimi fəaliyyətə başlayıb. Sonuncu xidmət yeri Qusar olub. Xidmət illəri ərzində mayor hərbi rütbəsinə qədər yüksəlib.[6][7]
Azərbaycan Ordusunun mayoru olan Abakar Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abakar Hacıyev oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Zaqatala rayonunda dəfn olunub.[8][9]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[10]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[11]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[12]