Rasim Quliyev (jurnalist, məmur)
Rasim Quliyev (tam adı: Rasim Vaqif oğlu Quliyev; 30 avqust 1970, Şahbuz rayonu) — Azərbaycanlı siyasətçi, jurnalist, dövlət məmuru.
Rasim Vaqif oğlu Quliyev 30 avqust 1970-ci ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Şahbuz rayonunda anadan olub.
1977–1987-ci illərdə Qarababa kənd orta məktəbində orta təhsil alıb.
1988-ci ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunub, 1993-cü ildə Geofizik-Mühəndis ixtisası üzrə bitirib.
Ailəlidir, 3 övladı, 2 nəvəsi var.
Jurnalist Bəhruz Quliyevin böyük qardaşıdır.
1988–1993-cü illərdən başlayan Azərbaycan Milli Azadlıq Hərəkatı dövründə tələbə hərəkatının aktiv liderlərindən biri kimi SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən dəfələrlə millətçi adı ilə təqib, təzyiqlərə məruz qalıb və dəfələrlə siyasi mövqeyinə görə qısamüddətli həbs olunub.
1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 1999-cu il YAP-ın 1-ci qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib.
O dövrdə Heydər Əliyevin qatı tərafdarı kimi siyasi fəaliyyət göstərmiş, "yaş senzinin ləğvi" ilə bağlı mitinqlərdə aktiv iştirak edib. 1992-ci ilin 30 dekabrında həmin dövrün hakimiyyəti tərəfindən həbs edilib və ölkədə demokratiyanın, insan haqlarının, söz azadlığının bərqərar olunması tələbi ilə həbsxanada aclıq aksiyası keçirmişdir.