Şamaxı Safari Parkı
Şamaxı Safari Parkı — Azərbaycanın Şamaxı rayonunda safari turizminə aid park.
Şamaxı Safari Parkı “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq yaradılmışdır. Bu məqsədlə vəhşi heyvanlar üçün ekoloji qoruq Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənmişdir. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilmişdir. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artmışdır. Belə ki, 2017-ci ilin oktyabr ayında parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var idi.
Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində 36 kilometr uzunluğunda enli yol çəkilmişdir. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilmişdir. Maral, lan və muflonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilmişdir. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunmuş, inzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılmışdır.