Etnik stereotip
Stereotip sözü yunan dilində stereos — möhkəm, tyros — iz deməkdir. Psixologiya elminin, xüsusilə onun sosial və etnopsixologiya sahələrində istifadə edilən əsas anlayışlardan biri də stereotip, sosial stereotip və etnik stereotip anlayışlarıdır. Sosial stereptiplər hər hansı bir hadisə, qrup, tarixi şəxsiyyət, peşə, xalq haqqında yalnız müvafiq sosial məkanda yaşayan insanlar üçün səciyyəvi olan təsəvvürlərdən ibarət psixi hadisədir. İnsanlar sosial stereotiplərə sosializasiya prosesində yiyələnirlər. "Sosial stereotip" termini ilk dəfə amerikan sosioloqu U. Lipman tərəfindən 1922-ci ildə "İctimai fikir" əsərində işlədilmişdir. U. Lipmana görə, stereotiplər mədəniyyətlə determinasiya olunan, nizamlanan "dünya təsviridir", onun köməyi ilə mürəkkəb sosial obyektlərin qavranılması üçün göstərdiyimiz səylərə qənaət edir və dəyərləri, mövqeyimizi, hüququmuzu müdafiə edirik. Başqa sözlə ifadə etsək, stereotiplər sosial informasiya axınında insanı istiqamətləndirir və ona özünü qiymətləndirməsini qorumağa kömək edir. Stereotiplər sadə, ümumiləşmiş, bəzən də təhrif olunmuş şəkildə olduğu üçün o qədər də etibarlı deyidir. Stereotiplər , əsasən, sosial obyektlərə (peşə, xalq, qrup, müəyyən sinif, əhali, təbəqə və s.) müəyyən münasibət yaradır, eləcə də fərdin sosializasiyasına kömək edir. Stereotiplər insanın şəxsi təcrübəsinin ümumiləşdirilməsi əsasında formalaşdırılır.