Suqovuşan qurultayı
Muğan qurultayı və ya Suqovuşan qurultayı — Hotaki-əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində nəzarəti ələ aldıqdan sonra Nadir xan Əfşar bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi. Nadir xan Səfəvilərdə naibüssəltənə (səltənət vəkili) adlansa da, əslində, real hakimiyyət onun əlində idi. Hakimiyyəti rəsmən ələ keçirmək üçün və özünü şah elan etmək üçün Nadir xan 1736-cı ilin fevral-mart ayında Muğan düzünə, Kürlə Arazın qovuşduğu yer olan Qalaqayında Muğan (Suqovuşan) qurultayını çağırdı. Suqovuşan qurultayında taxta kimin sahib olması məsələsi müzakirəyə çıxarıldı. Uzunsürən müzakirələrdən sonra qurultay iştirakçıları Nadirin şah seçilməsinə razı oldular.
XIX əsr Azərbaycan tarixçisi A.A.Bakıxanov yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 min adam gəlmişdi: "Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (1736) ildə, şübat (fevral) ayının 26-da İranın səltənət taxtına oturdu".
Mirzə Mehdi xan əsərində yazır ki, Nadir şahın taxta çıxması xalqın istəyilə baş vermişdir və Nadir özü hakimiyyəti istəməmişdir. Amma həmin dövrün şəraiti, İran və Azərbaycanın sahibsiz qalması onu buna məcbur etmişdir. Bəzi mənbələrə görə isə Nadir xan qəsdən, guya hakimiyyətə ehtiyacı olmadığı üçün bunu etmişdir, yəni hakimiyyətdən boyun qaçırmışdır. Lakin əsas məqsəd hakimiyyəti ələ keçirmək idi.