Abdulla Sur
Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi.
== Həyatı ==
Abdulla Sur 23 iyul 1883-cü ildə Gəncədə anadan olmuşdur.
=== Təhsili ===
İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır.
1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır.
Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır.
== Fəaliyyəti ==
İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.