Təbiətin yeddi möcüzəsi
Təbiətin yeddi möcüzəsi layihəsi Dünyanın yeddi möcüzəsi layih'sinin möhtəşəm uğurundan sonra İnternetdə növbəti kampaniya ilə başlanmışdır. Bu kampaniyada Azərbaycanın palçıq vulkanları da iştirak edir. Dünyadakı 800-dən artıq palçıq vulkandan 300-dən çoxu Azərbaycandadır. Buradakı palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdəkindən xeyli fərqlənir.
Assoşieyted Press agentliyi xəbər verir ki, "Təbiətin yeddi möcüzəsi" Beynəlxalq internet-müsabiqəsinin təşkilatçısı olan İsveçrənin "New 7 Wonders Foundation" qeyri-kommersiya təşkilatı 222 ölkədən 261 təbiət möcüzəsi seçmişdir.
Həmin siyahıya Azərbaycanın palçıq vulkanları, Fudzi dağı (Yaponiya), Atakama səhrası (Çili), Böyük Baryer rifi (Avstraliya), Monblan dağı (Fransa), Vezuvi vulkanı (İtaliya), keçmiş SSRİ-nin ən yüksək dağ zirvələrindən biri olan Lenin piki (Qırğızıstan, Tacikistan), "Oxuyan barxan" adı ilə məşhur olan "Altın Emel" Milli Parkı (Qazaxıstan), İsıkgöl (Qırğızıstan), Belovejsk meşəsi (Belarus, Polşa), Dnepr çayı (Rusiya, Belarus, Ukrayna), Kurşskaya Kosa (Litva, Rusiya), Baykal gölü (Rusiya) daxil olmuşdur.
Təbiətin bu möcüzələri yeddi kateqoriya üzrə seçilmişdir: landşaft, adalar, süxur törəmələri, vulkanlar, milli parklar, meşələr və dəniz törəmələri.
Layihənin təşkilatçılarından biri olan Tia Viyerinq demişdir: "Biz bütün bəşəriyyəti planetimizin təbiətinin ən füsunkar guşələrini birlikdə seçməklə, təbiəti nə dərəcədə qiymətləndirdiklərini fəal surətdə göstərməyə çağırırıq". Təbiətin möcüzələrinə təxminən bir milyard adamın səs verəcəyi gözlənilir.
İyulun 7-dək davam edəcək səsvermədə iştirak etmək üçün qeydiyyata düşmək lazımdır.