Təll-Təmr
Təll-Təmr (bəzi mənbələrdə Tel-Tamer; ərəb. تل تمر, kürd. Girê Xurma, klass. süry. ܬܠ ܬܡܪ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin eyniadlı rayonunda qəsəbə, Təll-Təmr nahiyəsinin inzibati mərkəzi.
İlkin olaraq, XX əsrdə aysorların yaşadığı qəsəbənin əhalisinin əksəriyyəti hal-hazırda kürdlərdən təşkil olunmuşdur və son vaxtlarda qəsəbəyə ərəblər köçmüşdür, ancaq aysorlar hələ də qəsəbədə əhəmiyyətli bir icmadır. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir.
Xabur çayının sahilində, Hələb–Mosul magistrial yolu üzərində, eləcə də Əl-Həsəkə və Türkiyənin Diyarbəkir şəhərlərinin birləşdirən əhəmiyyətli bir yol üzərində yerləşən qəsəbə regionda nəqliyyat baxımından yüksək əhəmiyyət daşıyır.
== Coğrafiya ==
Təll-Təmr Suriyanın şimalındakı Cəzirənin Yuxarı Xabur Vadisində, Xabur çayının şərq sahilində yerləşir. Qəsəbə Rəsulayn şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə, Əl-Həsəkə şəhərindən isə 40 kilometr (25 mil) şimal-qərbdə yerləşir.