Talışlar
Talışlar (tal. Tolışon) — Azərbaycan Respublikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq.. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir.
Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir.
Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar.
2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur.
Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar.