Tantal (mifologiya)
Tantal (yun. Τάντᾰλος) yunan mifologiyasında Zevs və okeanida Plutonun oğlu, Friqiyada yerləşən Sipilin çarı.
Zevslə Friqiya çariçası Plutonun oğlu, Lidiyalı Ksanfa görə isə Himeneyin oğludur), onun arvadı Diona və ya Steropa və ya Evrianassadır. Pelop, Nioba və Broteyin atasıdır.
İlahların sevimlisi kimi Tantal onların şuralarına və yemək məclislərinə çağrılırdı. Belə yüksək vəziyyət onun qürurlanmasına səbəb oldu və ilahları təhqir etdiksən sonra onu cəza olaraq Aidə, cəhənnəmə atdılar.
Əfsanənin bir versiyasına görə, o Zevsin gizli qərarlarını açıqlamış və ya insanlara ilahların sirrlərini açmışdı, digər versiyaya görə, o dostlarını qonaq etmək üçün ilahların stolundan nektar və ambroziya oğurlamışdı. Üçüncü versiyaya görə, Tantal onun üçün Zevsin məbədindən oğurlanmış qızıl itə sahib olmaq məqsədilə yalandan and içərək söyləmişdi ki, o Pandareydən Zevsin qızıl itini götürməmişdir və buna görə də, Zevs onu ildırımla vurmuş və Sipil dağını Tantalın başına uçurmuşdu.
Nəhayət, başqa bir mifə görə, Tantal ilahların hər şeyi görüb görmədiklərini sınamaq üçün öz oğlu Pelopu öldürmüş, onun ətindən yemək hazırlamış və ilahları bu yeməyə qonaq etmişdi. Lakin onlar hər şeyi başa düşmüş və Pelopu diriltmişdilər.