Termodinamik sistem
Termodinamik sistem — tarazlıq vəziyyətində konsentrasiya, temperatur, təzyiq və b. hal parametrlərinin müəyyən qiymətlərilə səciyyələnən və çoxsaylı hissəcikləri (atomlar, molekullar və b.) olan fiziki sistem (cism); termodinamikada "sistem" adı altında onu xəyalən bütün ətraf mühitdən ayıran cismlər (məsələn: süxurlar, minerallar və b.) nəzərdə tutulur. Termodinamik sistem hüdudlarından kənardakı cismlər xarici mühitə aid edilir. Sistemə öz fiziki xüsusiyyətlərini dəyişən və (yaxud) öz aralarında və ətraf cismlərlə (mühitlə) qarşılıqlı əlaqəyə girərək köhnələrin yeniləşməsi, ya da tamamilə itməsi və yeni fazaların yaranmasına səbəb olan yekcins cismlər (fazalar) aiddir. Faza məfhumunu təmin edən yekcinslilik əlaməti ona əsaslanır ki, həmin cism (faza) özünün bütün hissələrində tamamilə eyni fiziki xüsusiyyətlərə və eyni kimyəvi tərkibə malik olur. Birfazalı sistemlər homogen, iki və daha artıq fazalılar isə heterogen adlanır. Bir mineralın digərindəki möhtəvisi mineralların iki bərk fazalı heterogen, qaz və maye möhtəviləri isə üç fazanın (bərk, maye və qazın) heterogen sistemini əmələ gətirir. Müxtəlif sərbəstlik dərəcəsinə görə divariantlı, monovariantlı, nonvariantlı, polivariantlı; komponentlərin sayına görə birfazalı, ikifazalı, üçfazalı, çoxfazalı; ətraf mühitə münasibətinə görə qapalı, təcrid olunmuş, açıq; fiziki-kimyəvi amillərə görə izobar-izoentropik, izotermik-izobarik, izoxor-izotermik termodinamik sistemlərə ayrılır.
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.