Trastamar sülaləsi
Trastamar sülaləsi (ing. House of Trastamara) (isp. Casa de Trastámara) — İspaniyanın məşhur kral ailəsi. Araqon, Navarra və Neapol krallıqlarının birləşdirilməsindən öncə 1369-cu ildə Kastiliyada hakimiyyəti ələ alan Trastamarlar İvreya sülaləsinin qeyri-məşru alt qoludur.
Kastiliya kralı XI Alfonsonun 1350-ci ildə ölümündən sonra böyük oğlu Pyotr atasının taxtına əyləşdi. Pyotr mərhum kralın xanımı Portuqaliyalı Mariyadan dünyaya gəlmişdi və kralın yeganə məşru övladı idi. Ancaq XI Alfonsonun uzun müddətdir ki, Eleonora adlı bir xanımla münasibəti və bu məşuqəsindən dünyaya gələn qeyri-məşru 10 övladı var idi. Trastamarlar ailəsinin ilk nümayəndələri olan kralın bu övladları taxta çıxan ögey qardaşları I Pyotra siyasi müxalifət apardılar. İki qrup arasındakı münasibətləri daha da kəskinləşdirən isə Portuqaliyalı Mariyanın ərinin məşuqəsini həbs etdirib daha sonra da edam etdirməsi oldu.
Pyotr ilk öncə 1356-cı ildə ögey qardaşı Henrinin rəhbərlik etdiyi çevrilişin qarşısını aldı.