Tütək
Tütək – ağacdan hazırlanmış nəfəsli musiqi aləti.
İnsanlar tarixin müxtəlif dövrlərində qarğı, qamış, sümük, ağac, saxsı və metaldan nəfəsli musiqi alətləri düzəltmişlər. Ən qədim nəfəsli musiqi aləti tütək hesab edilir. Belə güman edilir ki, tütəyi çobanlar icad etmiş, ilk dəfə onlar dilə gətirmişlər.
Etnoqrafik axtarışlardan aydın olur ki, hələ də Azərbaycanın kənd yerlərində daxili boşluğu olan bəzi bitkilərin, xüsusilə taxıl və qamışın özəyini əl ilə dartıb çıxarır, buğum hissəsini qırdıqdan sonra deşiyin ağzını azacıq əzərək bəsit çalğı aləti düzəldirlər. Onu üfürdükdə nazik cır səs alınır, hətta bəzən onların üzərində kiçik dəliklər açılıb müxtəlif havalar çalınır. Kim bilir, bəlkə də nəfəslə çalınan musiqi alətlərinin yaranmasında belə sadə xalq təcrübəsinin müəyyən rolu olmuş, sonralar ağac və qarğı zoğundan tütək düzəltmişlər. Sadə tütəklərin düzəldilməsi o qədər də çətin deyildir. İçərisi novlu olan quru qarğını kəsib ucunda dil, üzərində isə səslənməni nizama salan dəlik açırlar.
Nizami Gəncəvinin məlumatından aydın olur ki, naməlum bir çoban qamışlıqdan keçərkən bir qamış kəsib ondan tütək duzəldir və ürəyinin kədərini onunla dağıdır.