Azərbaycanın dövlət təltifləri
Azərbaycanın dövlət təltifləri — Vətəndaşların vətəni müdafiə, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, təhsil, maarifləndirmə, vətəndaşların sağlamlığının, həyatının və hüquqlarının müdafiəsi, xeyriyyəçilik fəaliyyəti və dövlət qarşısındakı digər görkəmli xidmətlərinə görə mükafatlandırılmasının ali formasıdır. Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir.
1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy, Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden və 4 medal təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı", "Şöhrət" ordenləri və "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi", "Hərbi xidmətlərə görə" medalları.
2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Qanun layihəsinə əsasən 2 orden 15 medal təsis edildi.