Uça Caparidze
Uça İlya Malakiyeviç Caparidze (gürc. უჩა ჯაფარიძე; 4 (17) avqust 1906 – 6 iyul 1988, Tbilisi) — gürcü boyakarı və qrafiki, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1958). SSRİ xalq rəssamı (1963), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981).
== Həyat və yaradıcılığı ==
Uça Caparidze 17 avqust 1906-cı ildə Kutaisi quberniyasının Qari kəndində anadan olub. 1922–1924-cü illərdə Tbilisidə M.Toidzenin Xalq rəssamlıq studiyasında, 1924–1925 və 1928–1931-ci illərdə isə Rəssamlıq Akademiyasında təhsil almışdır. Erkən yaradıcılığa L. Qudiaşvilinin təsiri (rənglərin ifadəliliyi, kompozisiyanın dekorativliyi) olmuşdur. 1932–1936-cı illərdə Moskvada yaşamışdır. Uça Caparidze tarixi tabloların ("1901-ci ildə Tiflisdə 1 may nümayişi", 1939–1941), məişət rəsmlərinin ("Ananın düşüncələri", 1945, "Babanın fəxri" 1954, "Kolxoz bazarı", 1960), portretlərin (bəstəkar Z.P. Paliaşvili, 1940, şair Q.V. Tabidze, 1943, aktrisa V.İ.Ancaparidze, (1956) və b.), mənzərələrin, kitab illüstrasiyalarının (Q.V. Tabidze, İ.Q. Çavçavadze və başqalarının kitablarına) müəllifidir. "Xeyir-dua" (1957) əsərinə görə 1958-ci ildə Ümumdünya sərgisinin gümüş medalını almışdır. 1936-cı ildən Tbilisi Rəssamlıq Akademiyasında dərs demişdir.