Udin
Udilər, Udinlər (udicə Udi, Uti, rus. Удины) — Şərqi Qafqazda ən qədim xalqlardan biri. Udilər Oğuz rayonunun inzibati mərkəzi olan Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda (Kaxetinin Zinobiani kəndində), Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə yaşayırlar.
Udilər udi dilində danışırlar. Udilər arasında eləcə də Azərbaycan, rus, gürcü və başqa dillər geniş yayılmışdır. Dinləri xristianlıqdır.
Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. Adları çox güman ki qədim qaynaqlarda sadalanan utilərlə əlaqədardır. Həmçinin Qafqaz Albaniyası dövründə Albaniyanın qərbi və cənub-qərbi ərazilərini (təxmini olaraq indiki Qarabağ ərazisi və ona yaxın mahallar) əhatə edən Uti vilayəti də mövcud idi.