Abdulla xan Ustaclı
Abdulla xan Qara xan oğlu Ustaclı (digər Azərbaycandilli mənbələrdə Abdullaxan Ustaclı deyə qeyd olunur; 1515, Diyarbəkir – 2 oktyabr 1567, Şirvan) — Qızılbaş sərkərdəsi, Şirvan bəylərbəyi, I Şah İsmayıl Səfəvinin bacısı oğlu.
Abdulla xan hicri 956 (1549–1550)-cı ildə Şirvan bəylərbəyisi vəzifəsinə təyin olunmuş və 974 (1566–1567)cü ildə vəfat edənədək, 17 il ərzində həmin vəzifəni tutmuşdu. O, Şirvan əyanlarının separatçı çıxışlarını (Qurbanəlinin, Mehrabın, Qasım Mirzənin) yatırmağa nail oldu və burada Səfəvilərin hakimiyyətini möhkəmləndirdi. Bundan sonra Abdulla xanın nüfuzu daha da artdı. I Şah Təhmasib həm də bibisi oğlu olan Abdulla xanla çox vaxt hesablaşırdı. Cenkinsonun öz qeydlərində Şirvan canişini Abdulla xanın sarayının şahanə təmtəraqının təsvirinə böyük yer verməsi, onu mədh edərək "Şirvan kralı" adlandırması təsadüfi deyildi.
== Həyatı ==
Abdulla xan Qara xan oğlu Ustaclı Diyarbəkirdə anadan olmuşdu. Ustaclı elinin Təmişli oymağındandır. Anonim müəllif tərəfindən qələmə alınan Tarixi Qızılbaşan adlı əsərdə onun haqqında məlumata rast gəlinir. Müəllif yazır ki, Ustaclı tayfasının ən böyük əmirlərindən biri olan Abdulla xan I Şah İsmayılın bacısı oğlu, I Şah Təhmasibin isə bacısının əri idi.