Vəngli
Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vənkli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vənkli kəndi Vənkli kəndi adlandırılmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
== Tarixi ==
Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur.
Vəngli kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.