Vahə
Vahə — səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. Vahənin əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır.
Vahələrin sahəsi (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca hektardan on minlərlə km2
-ə qədər olur. Vahələr səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi xurma ağacıdır.