Oleq Volkov
Oleq Vasilyeviç Volkov (8 (20) yanvar 1900, Sankt-Peterburq – 10 fevral 1996[…], Moskva) — Rusiya publisisti.
Oleq Vasilyeviç Volkov 21 yanvar 1900-cu ildə Sankt-Peterburqda dvoryan ailəsində doğulmuşdu. V.Nabokovla birlikdə Tenişev məktəbini bitirmiş, Moskvada Nansenin diplomatik missiyasında, Aclara kömək komitəsində tərcüməçi işləmişdir. Vətəndaş müharibəsində ağlar tərəfdən vuruşduğuna görə 1928-ci ildə həbs olunmuş, 27 il həbs və sürgün həyatı keçirmiş, 1955-ci ildə bəraət almışdır. İngilis və fransız dillərini gözəl bilən Volkov həmin dillərdən rus dilinə, rus dilindən fransız dilinə tərcümələr etmişdir. “O dolu düşməliydi…” (1974), “Cığırın sonunda” (1977), “Kudeyarın xəzinəsi” (1963), “Orada hər bir daş canlıdır” (1985), “Belə olmaz, qadağandır” (1976), “Hamı cavabdehdir” (1989) və s. kitabların müəllifidir.
Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülmüş yazıçı 1996-cı ildə Moskvada vəfat edib.
O.Volkov “Zülmətə eniş” (və ya “Zülmətə enərkən”) xatirə-romanında Azərbaycan milli mübarizləri mövzusunu hələ 1928-ci ildən, Butırka həbsxanasında onlarla tanış olduğu vaxtdan diqqətdə saxlamış, bir sıra müsavatçılarla dost olmuşdur. O, xalqımızın davranışına, özünü ləyaqətlə aparmasına, azərbaycanlıların həmrəyliyinə və birliyinə, bir-birinə münasibətlərinə yüksək qiymət vermişdir.