Vənədli
Vənətli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vənətli kənd inzibati ərazi dairəsində kənd.
Vənətli kəndi təpəli düzənlikdədir. Vaxtilə Ordubad rayonunun Vənənd kəndindən gəlmiş ailələr əvvəlcə Qubadlı rayonunun Dondarlı kəndinin qərbində Dağbaşı Vənətli kəndini salmış, sonralar isə indiki əraziyə köçmüşlər. Oykonim “Vənənddən gələnlər, vənəndlilər” mənasındadır.
Kənddə 1993-cü ilə qədər (erməni qəsbkarları tərəfindən işğalınadək) orta məktəb,uşaq bağçası, ətraf 15 kəndə xidmət göstərən 50 çarpayılıq xəstəxana, ətraf 7 kəndə xidmət göstərən poçt və ATS, kitabxana, klub, mağazalar, baytarlıq müalicəxanası və digər sosial obyektlər olmuşdur.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci ilin 23 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Vənədli kəndi Zəngilan rayon mərkəzindən 14 km şimal- qərbdə,Ələddin (Aladin) dərəsi ərazisində, Süsən meşəsinin ətəyində yerləşir. Bir tərəfdən Süsəndağı, digər tərəfdən Ütəlgi dağı və Çaxmaq dağı ilə əhatələnib. Mənbəyini Süsəndağı silsiləsindən götürən Süsən çayı Vənətlini keçərək, şərqə doğru uzanıb gedir və Qubadlı rayonu ərazisindən keçərək Araz çayına tökülür.