Şəki xanlarının müxtəsər tarixi (kitab)

Şəki xanlarının müxtəsər tarixi (əsil adı: Şəki xanlarının ixtisar üzrə tarixi) — Kərim ağa Fatehin Şəki xanlığından bəhs edən tarixi əsəri

Şəki xanlarının müxtəsər tarixi
Şəki xanlarının ixtisar üzrə tarixi
Müəllif Kərim ağa Fateh
Janr Tarix
Mövzu Şəki xanlığı
Orijinalın dili Azərbaycan dili
Səhifə 7 (1993)

Bu əsər Şəkinin XVIII-XIX əsrlər siyasi tarixinə aid ilk mənbələrdən biridir.

Tədqiqi[redaktə | mənbəni redaktə et]

“Şəki xanlarının müxtəsər tarixi” elm aləminə 1858-ci ildən məlumdur. Həmin ildə akademik B.Dorn Azərbaycan dilində yazılmış bu əsərin əslini “Əl-İntixabətul-Bəhiyyə” adlı külliyatda topladığı tarixi əsərlər sırasında Sankt-Peterburqda nəşr etdirib. 1924-cü ildə həmin əsərin əsli və ruscaya tərcüməsi Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti tərəfindən nəşr etdirilib. Lakin hər iki nəşrdə əsərin həqiqi müəllifini müəyyən etməkdə səhvə yol verilmiş və əsəri başqa bir şəxsin, bu əsərlə heç bir əlaqəsi olmayan adamın adı ilə nəşr etdiriblər.

B.Dorn "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatın 13-cü səhifəsində əsərin müəllifi haqqında belə deyir: “1858-ci ildə bu əsərin müəllifi haqqında Xanıkov mənə belə yazmışdır: “Kiçik Şəki tarixinin müəllifi mənim dostum, nəslənbənəsl Şəki qazısı olan Hacı Əbdüssəlim əfəndinin oğlu Hacı Əbdüllətif əfəndidən başqa kimsə ola bilməz.

Bu şərqşünasların ardınca prof. N. İ. Aşmarin və əsərin 1926-cı il nəşri üçün tərcümə edən A. Dadaşov eyni səhvi təkrar etmişlər. Aşmarin kitabın müqəddiməsi əvəzinə yazdığı 24 sətirlik məqalədə N. Xanıkovun B. Dorna yazdığı məlumatdan başqa əsərə heç bir şey əlavə etməyib.

Bu səhv ilk dəfə Salman Mümtazın “Maarif işçisi” jurnalının 1929-cu il 2 və 3-cü nömrələrində dərc etdirdiyi “Tənqid və mülahizələr” adlı məqaləsində aşkara çıxarıb. S.Mümtaz bir sıra dəlillərlə qeyd etmişdir ki, bu əsərin müəllifi Hacı Çələbi nəslindən olub, Şəkinin son xanı - Fətəli xanın oğlu, Fateh təxəllüsü ilə şeir yazan Kərim ağadır.

Mümtaz həmin əsəri tədqiq və başqa məxəzlərə müraciət edərək belə bir nəticəyə gəlir: “Fətəli xan, məşhur Hacı Çələbi xanın nəticəsi, Həsən ağanın nəvəsi və Məhəmmədhüseyn xan Müştaq təxəllüslünün oğludur. Məhəmmədhüseyn xanın üç oğlu var idi ki, onlar da Məhəmmədhəsən xan, Fətəli xan və Səlim xandan ibarət idi. Məhəmmədhəsən xan ilə Səlim xanın hər birinin üç oğlu olduğu halda, Fətəli xanın yalnız bir oğlu var idi ki, o da türki və farsi şerləri ilə məşhur olan Kərim ağa Fatehdir”.[1]

Müəllif Şərq adətinin əksinə olaraq, istər əsərin əvvəlində, istərsə də sonunda öz adını çəkməyib.

Nəşrlər[redaktə | mənbəni redaktə et]

  • Əbdüllətif Əfəndi. “Şəki xanlarının müxtəsər tarixi”. Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti. Bakı, 1926.
  • Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyat, 1958.
  • Kərim Ağa Fateh, Şəki xanlarının müxtəsər tarixi; Hacı Seyid Əbdülhəmid, Şəki xanları və onların nəsilləri. [1], 2-ci, təkrar nəşri. “Azərbaycan Ensiklopediyası” NPB. Bakı. 1993, səh. 8-15. ISBN: 89600-007-4
  • Məmməd Adilov, “Şəki xanlarının əslü nəcabəti haqqında”, “Tarix” qəzeti, 1997-ci il, № 18

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. S.Mümtaz. “Tənqid və mülahizələr”. “Maarif işçisi” jurnalı. № 2-3 (43-44), Bakı, 1929.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Сегаль. «Елизаветпольская губерния». Тифлис, 1902, səh. 11
  • B. II. Левиагов. «Очерки из истории Азербайджана в XYIII веке», Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1948. Səh 7
  • A.B.Şükürzade. Об авторстве «Истории Шекинских ханов». Bakı, Azərbaycan SSR EA-nın “Məruzələri”, 1951. N 1, səh. 43-45.
  • Kərim Ağa Fateh, Şəki xanlarının müxtəsər tarixi; Hacı Seyid Əbdülhəmid, Şəki xanları və onların nəsilləri. 2-ci, təkrar nəşri. F. Babayev. Ön söz. “Azərbaycan Ensiklopediyası” NPB. Bakı. 1993, səh. 3-5. ISBN: 89600-007-4

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]