Müqəddəs Şupxalişay (erm. Շուփհաղիշոյ) - Alban Həvari kilsəsinin V-VI əsrlərdə yaşamış Partav arxiyepiskopu.
Müqəddəs Şupxalişay | |
---|---|
Kilsə | Alban Həvari kilsəsi |
Arxiyepiskopluq | Partav arxiyeparxiyası |
Şəxsi məlumatlar | |
Doğum | V əsr Yerusəlim |
Vəfat | VI əsr |
Adı süryani dilində "İsanın izzəti" (klass. süry. ܫܘܒܚܐܠܝܫܘܥ) mənasına gəlir. Şupxalişay haqqında Alban ölkəsinin tarixində Yerusəlimdən gəldiyi qeyd edilir. 498-ci ildəki Aluen kilsə məclisi barədə sənəddə adı III Vaçaqandan sonra Partav arxiyepiskopu kimi çəkilir. Bundan başqa 506-cı ildə alban ruhanilərinin nümayəndə heyətinin tərkibində erməni katolikosu I Babken (490-515) tərəfindən Dvində (Dəbildə) çağırılmış erməni-alban-iber kilsə məclisində də iştirak etmişdir. Onun nə zaman müqəddəsləşdirildiyi ilə bağlı məlumat yoxdur. Heç bir xristian kilsəsi tərəfindən belə qəbul edilmir.
Müqəddəs Şupxalişayın adı Alban ölkəsinin tarixində Müqəddəs Yeliseydən sonra gələn bir katolikos kimi göstərilsə də onun katalikosluq dövrü ziddiyyətlidir. Ümumiyyətlə bəzi tədqiqatçılar onu tarixi şəxs saymırlar. S.X.Ovannesyan göstərir ki, Aluen kilsə məclisinin iştirakçısı Şupxalişay IV əsrdə katolikosluq etmişdir. Şupxalişayın müasiri alban çarı III Mömin Vaçaqan yox, II Vaçaqan olmuşdur, məclis də onun vaxtında çağırılmışdır. S.X.Ovannesyan Alban ölkəsinin tarixində və alban katolikoslarının siyahısında Şupxalişayın adı ilə bağlı ziddiyyətlərin olduğunu qeyd edir. Siyahıda Şupxalişayın adı Maarifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisdən (IV əsr) sonra alban katolikosları sırasında verilir, kontekstdə isə o, alban çarı III Mömin Vaçaqanın müasiri (V əsr) və Aluen kilsə məclisinin iştirakçısı kimi təqdim edilir. Alban katolikoslarının siyahısına inanıb mətnin doğruluğunu inkar edən S.X.Ovannesyan Şupxalişayın IV əsrdə katolikos olduğunu qeyd edir.[1] Fəridə Məmmədovaya görə S.X.Ovannesyan Alban ölkəsinin tarixinə əlavə edilmiş alban katolikoslarının siyahısının doğruluğuna tam inanmış və bu siyahıdakı zidiyyətləri tuta bilməmişdir.[2]
Alban ölkəsinin tarixi əlyazmalarının birində və ona uyğun olan nəşrlərdə Şupxalişay birbaşa Qriqorisin varisi kimi qeyd olunur, digər siyahılarda və onlarla əlaqədar nəşrlərdə isə Şupxalişay daha 5 katolikoslarla birlikdə Qriqorisdən əvvəl gəlir.[3]
Fəridə Məmmədova belə hesb edir ki, katolikosların siyahısına yox, Musa Kalankatlının mətninə inanmaq daha düzgündür. Belə ki, III Vaçaqanın müasiri kimi verilmiş Şupxalişay haqqında, III Vaçaqanın özü barədə, habelə Aluen kilsə məclisi barədəki mətnlər VII əsrin sonlarınada və VIII əsrin əvvəllərində yazılmış birinci kitaba daxildir. Lakin Musa Kalankatlının III kitabının sonundakı alban katolikoslarının siyahısı, şübhəsiz, X əsrə qədərki dövrdə yazılmışdır. Beləliklə, sonradan əlavələrə məruz qalmış siyahıda xüsusilə onun ilk alban katolikoslarına həsr olunmuş hissələrində xətalar vardır. Məmmədova fikrini Alban ölkəsinin tarixindən bu istinadla müdafiə edir: "Alban katolikoslarının siyahısına sonradan belə bir qeyd əlavə edilmişdir: "Patriarxların adı haqqında həqiqətləri yazmaq lazım idi. Ancaq onların əməllərindən, yaşadıqları dövrdən bəhs edən yadigar, onlardan əvvəlki patriarxların siyahısı, eləcə də vəsiyyətləri qanundan qorxmayanlar tərəfindən yandırıldığına görə, onların olduğu yerlər haqqında məlumat bizə gəlib çatmadığından biz bu siyahını bacardığımız qədər düzgün tərtib etməyə çalışmışıq ki, həmin məsələlərlə məşğul olmaq istəyənlər ondan istifadə edə bilsinlər."[4] İ.Şahxatunyants bunları belə təqdim edir: "...ancaq keşmiş katolikosların əməlləri,yaşadıqları dövr və onların adı haqqında məlumatlar şərəfsizlər tərəfindən yandırıldığından heç biri bizə məlum deyil, buna görə də biz məlumatları yarımçıq da olsa veririk ki, bu məsələlərlə maraqlananlar istifadə edə bilsinlər."[2]
İ.Şahxatunyantsın verdiyi katolikoslar siyahısı Musa Kalankatlının məlum nəşrlərindən fərqlənir. Burada Şupxalişaydan əvvəl 3 katolikos təqdim edilir:
Fəridə Məmmədovanın fikrincə "Müqəddəs sima" sonradan əlavə olunmuşdur. Onun fikrincə alban katolikoslarının siyahısı Alban kilsəsinin avtokefallığı məsələsi ilə əlaqədar olaraq sonrakı redaksiyalarda külli miqdarda dəyişikliklərə məruz qalmışdır. Alban redaksiyası Alban kilsəsinin müstəqilliyini, onun patriarxlıq təməlini sübut etməkdən ötrü Şupxalişayı daha 5 katolikosla birlikdə Maarifçi Qriqorinin oğlu Müqəddəs Qriqorisdən irəli çəkdi, erməni redaksiyası isə alban katolikoslarını əlqoymanı ermənilərdən qəbul etdiklərini sübut etməyə çalışmış, bu məqsədlə də siyahıda Şupxalişayı Qriqorisdən sonraya salmışlar.[2] Zaza Aleksidzenin fikrincə "Müqəddəs sima" Maarifçi Qriqorinin təyin etdiyi Satalalı Tomasdan başqası deyil.[5]
Fəridə Məmmədovanın fikrincə, kontekstlərin verdiyi məlumata görə Şupxalişayın adı katolikoslar siyahısında yerləşdirilməlidir. O, alban hökmdarı Yesuagenin (IV əsr) müasir alban katolikosu İyeremiyanın varisi olmuş və özündən sonrakı bir neçə katolikosla bərabər alban katolikosu Ter Abbasdan qabaq yaşamışdır. Sonrakı tarixçilər Kirakos Gəncəli, Mxitar Qoş Şupxalişayın adı ilə bağlı ziddiyyətlərə diqqət yetirmiş, bu şəxsin adının katolikoslar siyahısının əvvəlində verilməsinə şübhə edərək, onun V əsrdə yaşadığını göstərmişlər. Lakin Abbasdan əvvəl katolikosluq mərkəzinin Çolada olduğu, Partava sonradan köçürüldüyünü nəzərə alsaq Şupxalişayın katolikos olmadığı nəticəsinə gəlirik.