“Zəfər-Məşəl” strukturu - Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli neft-qaz yatağı. Zəfər–Məşəl strukturunda kəşfiyyat işlərinin aparılmasına dair müqavilə 1999-cu il aprelin 27-də imzalanmış, 2000-ci il mayın 8-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuşdur. 1999-cu il aprelin 27-də SOCAR (50%), “ExxonMobil” (30%) və “ConocoPhillips” (20%) arasında “Zəfər-Məşəl” dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında PSA tipli müqavilə imzalanıb. Lakin sonra ləğv olunub. Strukturda neft ehtiyatının 140 milyon ton (onlardan 100 mln. tonu Zəfər və 40 mln. tonu Məşəl yatağının payına düşür), onun işlənilməsi üçün isə 2 milyard dollar investisiya lazım olduğu proqnozlaşdırılır.[1] Yatağın dəniz dərinliyi 450-950 metr arası dəyişir. Yatağın sahəsi 643 kvadrat kilometrdir.
Zəfər-Məşəl 1961-ci ildə seysmik tədqiqatlar nəticəsində üzə çıxarılmış, ilk geofiziki işlər isə 1985-ci və 1987-ci illərdə aparılmışdır. Blokda kəşfiyyat qazma işləri o vaxt aparılmayıb. 2003-cü ilin noyabr ayında “Ekson Azərbaycan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli “Zəfər–Məşəl” strukturunda ilk kəşfiyyat quyusunun qazılmağa başlandığını elan etmişdir. Quyunun qazıldığı yerdə suyun dərinliyi 618 metr, quyunun layihə dərinliyi isə 6800 metrdir. Quyunu yeni “Lider” üzən yarımdalma qurğusundan (ÜYDQ) istifadə etməklə, Danimarkanın Maersk Contractors şirkəti qazıb. Strukturda ilk kəşfiyyat quyusu karbohidrogen ehtiyatları aşkar etməyib və layihənin operatoru olan “ExxonMobil” müqavilə üzrə kəşfiyyat işlərini davam etdirməkdən imtina edərək SOCAR-a kompensasiya ödəyib. Bu quyuda qazma işləri “ExxonMobil” şirkətinə $150 mln.-a başa gəlib.[2] 2017-ci ildə verdiyi açıqlamada ARDNŞ rəhbəri Rövnəq Abdullayev gələcəkdə Zəfər–Məşəl strukturunda müəyyən işlər görməyi planlaşdırdıqlarını deyib.[3]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |