Bu məqaləni vikiləşdirmək lazımdır. |
Avantekst (fr. l’avant-texte "dotekst, prototekst") — folklor mətninin mövcudluğunun əsas formasıdır. Folklor mətninin heç vaxt əsas variantı olmur, əksinə, həmişə mətnin bərabər variantları kompakt şəkildə mövcud olur.
Ədəbiyyatdakı avantekstin analoqu mətndir. Tərtib zamanı mətnə fərqli yanaşmalar nəşrin keyfiyyətinə birbaşa təsir edir. Bu fərqlilik xalq dilinin ədəbi dil xüsusiyyətləri ilə verilməsinə, mətnlərdə akustikanın pozulmasına, regional tələffüz əlamətlərinin yazıda itməsinə, mətnlərin nöqsanlı sistemləşdirilməsinə, şərti işarələrdən düzgün istifadə edilməməsinə və digər qüsurlara yol açır, pərakəndəlik yaradır. Elə buna görə də folklor materiallarının bu qaydalara ciddi əməl edərək, səhvlərə yol vermədən, vahidlik prinsipini gözləyərək tərtib edilməsi folklor tərtibçisinin əsas vəzifəsi olmalıdır[1].
Folklorda mətnin müxtəlif variantları olur. Hansı şəraitdə gerçəkləşməsindən asılı olmayaraq, hər hansı bir söyləmə aktı söyləyicinin dünyagörüş və ifaçılıq səviyyəsini aşkarlamada önəmli gedişatdır. Söyləmə aktının həyata keçirilməsində bir çox vasitələr iştirak etsə də, qeyd şərtsiz demək olar ki, dil bu aktın icra olunmasında alternativsiz vasitədir. Yerdə qalan təmayüllər yalnız yardımçı funksiyada gedişata qatıla bilir ki, bu da müəyyən mənada söyləmənin effektini artırmış olur (Müxtəlif jest, əl-qol və pantomim hərəkətlər bu baxımdan əhəmiyyət daşıyır)[2], lakin müxtəlif janr və ənənələrdə sabitliyin ölçüsü çox fərqli olsa da, folklor mətni söyləyicinin yaddaşında əzbərlənmiş formada saxlanılmır. Hər söyləyicinin ifasında mətn müəyyən modellərə (süjet, kompozisiya, janr) uyğun olaraq yenidən redaktə olunur.
Sözlü ənənədə (folklorda) söyləyicilik tarixən çoxplanlı və ayrıca bir kateqoriyada özünə yer almış sənət sahəsi olmuşdur. Ümumiyyətlə, söyləyicilik yalnız şifahi mətnin (mif, nağıl, dastan, lətifə və s.) əzbərlənməsi və söylənilməsi prosesindən ibarət olmamış, həm də əhatəsində olduğu etno-mədəni mühitin bütöv bir sözlü ənənəsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəslə transformasiyasını təmin edəcək sənət növü olması ilə seçilmişdir. Şifahi ənənədə söyləyicilik və ifaçılıq yaxın anlayışlar olsa da, mətn tipi və icra ortamının dəyişkənliyi bu anlayışların ayrı-ayrı sahələrə xidmət eydiyini ortaya çıxarır. Belə ki, aşıqlar dastanların nəsr hissəsini şifahi olaraq söyləyir, nəzm hissəsini isə sazın müşayiəti ilə ifa edirlər, lakin folklorda epik növə daxil olan elə örnəklər vardır ki, onların nəzm hissəsi ya azdır, ya da ki heç yoxdur (mif, nağıl, əfsanə, rəvayət və s.). Yaxud elə lirik örnəklər vardır ki (bayatı, layla, oxşama, düzgü və s.), onların da söylənilmə prosesi ayrıca müşayiət tələb etmir (bəzən istisnalar olur)[2].
Folklor mətninin ifaçısı (söyləyici, mahnı ifaçısı) ifaçı yaddaşında saxladığı bəzi əhəmiyyətli bloklardan folklor əsərinin mətnini hər dəfə yenidən yaradır. Bu önəmli bloklar folklor ənənəsinin formalaşdırdığı mənaları (janr modeli, süjet çərçivəsi, tematik bloklar, üslub klişeleri və s.) folklor əsəri yaratmaq üçün zəruri edir. Buna görə də ifaçının əsərin bütün mətnini xatırlamasına ehtiyac olmur.
Avantekst fenomenini tədqiq edən tədqiqatçılar, folklor əsərinin şifahi mətninin yenidən yaradıldığı çoxsaylı səviyyə vahidlərini inkişaf etdirmişlər, lakin bu vahidlər elm adamları tərəfindən yaradılan bir modelləşdirmə reallığının elementləridir. Bunlar arasında — motiv, çərçivə, elementar süjet və s. mühüm yer tutur. Ümumiyyətlə, folklor mətninin tərtibi onun toplanması ilə nəşri arasında bir fəaliyyət proqramıdır. Bu işləri folklorşünas-filoloq həyata keçirir. Onun əsas vəzifəsi nümunələrdə dil və üslub, o cümlədən dialekt-şivə xüsusiyyətlərinin qorunub saxlanılmasını təmin etmək, toplanmış materialı ədəbi növlərə, janrlara, mövzuya görə qruplaşdırmaq, (akademik və ya kütləvi) nəşrin xarakterinə uyğun olaraq mətndəki qüsurları aradan qaldırmaq, mətnə müvafiq izahlar, qeydlər vermək, lüğətlər hazırlamaq, mətnləri sistemləşdirmək, kodlaşdırmaqdır. Yazıya alındığı andan folklor mətninə yarandığı zamanın və məkanın möhürü vurulur: müxtəlif dövrlərə məxsus nitq təzahürləri, eləcə də müxtəlif dialekt göstəriciləri söylənmiş mətnin dövrünü və yerini bəlli edir. Xalqın sevgi və nifrəti, sevinc və kədəri, tarix və etnoqrafiyası, məişət və məşğuliyyəti ilə yanaşı, xalq dilinin özünəməxsusluğu da əks olunmuş bu mətnlərdə yazıya köçürülməklə həmin zaman və məkana məxsus xeyli əlamətlər "dondurulur". Bunların yazıda doğru və düzgün əks olunması tarixilik və müasirlik baxımından böyük elmi əhəmiyyətə malikdir[1].
Bu gün hər bir oxucu, ən azı, orta təhsil almış və bu təhsil zamanı ana dilində düzgün yazmağı və oxumağı bacaran, Azərbaycan dilinin yazı və tələffüz qaydalarının incəliklərini öyrənmiş şəxslərdir. Onların yazıdakı hər hərfin, hecanın, sözün necə səslənməsi, sözlərin yazılışı ilə tələffüzü arasındakı fərq, durğu işarələrinin rolu və s. haqqında geniş məlumatı var. Odur ki, folklor kitablarında ədəbi tələffüz əlamətlərində ifrata varmağa ehtiyac yoxdur, lakin mühüm olan regional dil əlamətlərinin yazıda əks olunmasıdır ki, bu, həm folklorşünaslıq və dilçilik, həm də tarixi baxımdan mühüm əhəmiyyət kəsb edir. Nəsrdən fərqli olaraq, nəzmdə bu, daha vacibdir. Çünki cüzi dəyişiklik ölçü, bölgü və qafiyədə problemlər yaradır, misra sayını artırıb-azalda bilir və nəticədə, ən azı, struktur pozulmasına gətirib çıxarır.
Son zamanlar folklorşünaslar, müəyyən folklor mətninin müxtəlif variantlarda yayılması faktından çıxış edərək, mətnin ifaçı tərəfindən yadda saxlanması lazım olan məcburi məqamları (seçim) müəyyən etmişlər[1]: