Belarus əhalisi — Belarus Respublikası ərazisində yaşayan əhalinin cəminə verilən ad. Belarusu əhalisinin 81,2%-ini belaruslar, 11,4%-ini ruslar, digər qruplarını isə polyaklar (3,9%), ukraynalılar və başqaları təşkil edir. Doğum səviyyəsinin aşağı düşməsi (1991-ci ildə 1000 nəfərə 12,9; 2003-cü ildə 9,0), ölüm səviyyəsinin isə artması (1991-ci ildə 1000 nəfərə 11,2; 2003-cü ildə 14,5) səbəbindən əhalinin təbii azalması (1990-cı ildə 10190 min nəfər; 2000-ci ildə 9990 min nəfər) səciyyəvidir. Əhalinin 17,8%-ini əmək qabiliyyətli yaşadək (16 yaşadək) olanlar, 21,2%-ini isə əmək qabiliyyətli yaşdan yuxarı olanlar təşkil edir. Qadınlar 53%-dir. Orta ömür müddəti 68,5 ildir (kişilər üçün 62,7, qadınlar üçün 74,7).[1]
Əhalinin orta sıxlığı 1 km²-də 47 nəfərdir. Minsk vilayətinin mərkəzi hissəsi daha sıx məskunlaşmışdır (1 km2 -də 81 nəfər). Şəhər əhalisi 71,5%-dir; şəhər əhalisinin 60%-indən çoxu əhalisi 100 min nəfərdən artıq olan şəhərlərdə yaşayır. Şəhər aqlomerasiyalarının formalaşması prosesi gedir; onların arasında paytaxt Minsk aqlomerasiyası fərqlənir. Ən iri şəhərləri (min nəfər, 2005): Minsk (1742,1), Qomel (480,9), Mogilyov (365,9), Vitebsk (342,1), Qrodno (317,4) Brest (300,7). İqtisadi cəhətdən fəal olan əhali 4428,2 min nəfərdir (2004).[2]
İqtisadi sferada işləyənlərin ümumi sayının 26,8%-i sənayedə, 13,3%-i ticarətdə və ictimai iaşədə, 10,7%-i kənd təsərrüfatında, 10,7%-i təhsildə, 7,7%-i inşaatda, 7,6%-i səhiyyədə və sosial təminat sahəsində, 7,6%-i nəqliyyat və rabitə sahəsində çalışır. İşsizlik 1,9% təşkil edir. Dindarların əksəriyyəti xristiandır, müsəlmanlar və yəhudilər də var.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.