Bolqarıstan krallığı


Bolqarıstan çarlığı,[3] həmçinin Bolqarıstan krallığı[4] və ya Üçüncü Bolqarıstan çarlığı (bolq. Царство България) — 1908-ci ildə müstəqillik elan edildikdən 1946-cı ildə monarxiyanın ləğvinə qədər mövcud olan Bolqarıstan dövləti. Dövlət Bolqarıstan knyazlığının varisi olaraq yaradılmışdı. Krallıq konstitusiyalı monarxiya idi (1879-cu il Tırnovo konstitusiyası, düzəlişlərlə). Dövlət başçısı çar adlanırdı (Qərb tarixşünaslığında bu titul həm də “kral” kimi qeyd olunur).[5] Ölkədə hökmranlıq edən sülalə Saks-Koburq-Qota olub. Çarın az yaşlı olması və ya fəaliyyət qabiliyyətini itirməsi halında kollektiv regentlik nəzərdə tutulurdu.[6]

Konstitusiya monarxiya
Bolqarıstan çarlığı
bolq. Царство България
Bayraq Gerb
Bayraq Gerb
 
 

Paytaxt Sofiya
Ən böyük şəhər Sofiya
Dilləri bolqar dili
Rəsmi dilləri bolqar[1]
Dövlət dini xristianlıq[2]
Valyuta Bolqarıstan levi
Ərazisi
  • 153.459,6 km²
Əhalisi bolqarlar
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kral ailəsinin qurucusu Ferdinand Müstəqillik Bəyannaməsində əsasən Balkan yarımadası bölgəsindəki bütün torpaqlarda yaşayan etnik bolqarların başçısı elan olunmuşdu. Bəyannaməyə görə kral bu torpaqları (Bolqarıstandan alınmış torpaqlar, xüsusilə Makedoniya) geri qaytarmaq öhdəliyinə malik idi.[7] Bu səbəbdən dövlət demək olar ki, bütün mövcudluğu boyu müharibə şəraitində oldu. Buna görə ona “Balkan Prussiyası” ləqəbi verilmişdi.

Bir neçə il ərzində Bolqarıstan 5 milyona yaxın əhalisindən 1 milyondan çox ordunu səfərbər etmiş və 1910-cu illərdə üç müharibədə - Birinciİkinci Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdi. Birinci Dünya müharibəsindən sonra Bolqarıstan ordusu darmadağın edildi və müttəfiq dövlətlər tərəfindən mövcudluğu qadağan olundu. Bolqar torpaqlarının milli birləşməsi ilə bağlı bütün planlar bununla iflasa uğradı.

İyirmi ildən az bir müddət sonra Bolqarıstan İkinci Dünya müharibəsinə Berlin-Roma-Tokio oxu dövlətlərinin tərəfində daxil oldu. 1944-cü ilin sentyabrında Müttəfiqlərin tərəfinə keçənə qədər yenidən uduzan tərəfi tutdu. 1946-cı ildə monarxiya ləğv edildi, onun sonuncu çarı sürgünə göndərildi və Krallığın yerinə Bolqarıstan Xalq Respublikası yaradıldı.

1908-ci ildə Şərqi Rumeli və Bolqarıstan knyazlığı Bolqar krallığına birləşdi. Bu sərhədlər 1912-ci ilə qədər qaldı.

XVI əsrdə müasir Bolqarıstan ərazisi Osmanlı imperiyası tərəfindən işğal olundu. 400 ilə yaxın bir müddətdə osmanlılar Bolqar torpaqlarına şəriksiz sahib oldular. Bu vəziyyət 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra dəyişdi.[8][9] Belə ki, müharibə də məğlub olan Osmanlı imperiyası Bolqar xalqının özünüidarəetməsi ilə barışmalı oldu. Bolqarıstan dövlətçiliyinin əsası Bolqarıstanda Müvəqqəti Rusiya Administrasiyası dövründə, rus ordusu tərəfindən işğal edilmiş Bolqarıstan ərazisinə Rusiya administrasiyası nəzarət etdiyi zaman qoyuldu. Müvəqqəti Rusiya Administrasiyasının əsas məqsədləri dinc həyat qurmaq və Bolqarıstan dövlətinin dirçəlişinə hazırlıq idi.[10][11][12]

Yeni dövlətin sərhədləri 1878-ci ildə Berlin konqresi tərəfindən müəyyən edildi.[13] Bu müqavilə azad edilmiş Bolqarıstan ərazilərinin Osmanlı imperiyası və digər qonşu dövlətlərin xeyrinə ciddi şəkildə azalmasına səbəb oldu. 1879-cu ildə orta əsrlər Bolqarıstanın paytaxtı Tırnovoda yeni dövlətdə konstitusiya monarxiyasını quran Təsis Məclisi tərəfindən konstitusiya qəbul edildi.

6 sentyabr 1885-ci ildə Bolqarıstan knyazlığının Osmanlı imperiyasının tərkibində olan Şərqi Rumeli muxtar vilayətinin tərkibinə qatması həmin il noyabrın 14-də Serb-Bolqar müharibəsinin başlanmasına səbəb oldu. Müharibə bolqar knyazlığının qələbəsi ilə başa çatdı. 19 fevral 1886-cı il tarixli Buxarest Sülh Müqaviləsi Şərqi Rumelinin knyazlığa birləşdirilməsi aktının beynəlxalq aləmdə tanınmasını bildirirdi. Lakin Avropa ölkələri bu birləşməni yalnız 1908-ci ildə tanıdı.

I Aleksandrın bu siyasəti Osmanlı imperiyasının Balkanlarda təsirini zəiflətdi. Bu isə Böyük Dövlətlərin maraqlarına cavab vermirdi. Bununla əlaqədar olaraq I Aleksandr xarici dövlətlərin təzyiqi altında istefa verdi. 1886-cı ildə Battenberq şahzadəsi I Aleksandr taxtdan əl çəkdikdən və 1887-ci ildə almanpərəst Saxe-Koburq və Qota hökmdarı I Ferdinand taxta çıxdı.

I Ferdinand dövründə konstitusiyaya düzəlişlər edildi, kralın səlahiyyətləri genişləndirildi və 1879-cu ildə qəbul edilmiş demokratik normalar məhdudlaşdırıldı. Osmanlı imperiyasının növbəti zəifləməsi və Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən ilhaqı zamanı Bolqar şahzadəsi I Ferdinand fürsətdən istifadə edərək və Vyana ilə ilkin gizli razılaşma ilə 22 sentyabr 1908-ci ildə Bolqarıstanın müstəqilliyini elan etdi. 1908-ci ildə knyazlıq krallığa çevrildi. Kral titulunun qəbulu Şərqi Rumeli üzərində tam hüquqi müstəqillik və tam suverenliyin faktiki statusunu ifadə edirdi. Konstitusiyaya lazımi düzəlişlər 1911-ci ildə Beşinci Böyük Xalq Məclisi tərəfindən edildi. Əsas dəyişikliklər Bolqarıstan sərhədləri ilə bağlı oldu. Belə ki, Berlin Konqresi (1878) tərəfindən müəyyən edilmiş ərazi sərhədlərini yenidən nəzərdən keçirmək qarşıya əsas məqsəd kimi qoyuldu. Bu addım və hərbiləşdirmə yolunun tutulması Bolqarıstana “Balkanlar Prussiyası” ləqəbini qazandırdı.

Balkan müharibələri

[redaktə | mənbəni redaktə et]
Balkan yarımadası Balkan müharibələrindən sonra, 1912-1913-cü illər

Bolqarıstan krallığı Osmanlı dövləti]]nin Balkan yarımadasındakı torpaqlarının böyük bir hissəsinə iddialı idi. Bu səbəbdən 8 oktyabr 1912-ci ildə Bolqarıstan, Serbiya, YunanıstanÇernoqoriyadan ibarət "Balkan ittifaqı" Osmanlı imperiyasına müharibə elan etdi.[14]

Müharibənin birinci mərhələsi (oktyabr-dekabr 1912-ci il) Balkan ittifaqı qoşunlarının hücumları ilə səciyyələnirdi. Müharibəyə hazır olmayan Osmanlı qoşunları elə ilk günlərdən Frakiyanı tərk edərək Çatalcaya doğru geri çəkilmək məcburiyyətində qaldı. Serblər Kimovoda, yunanlar isə Salonikdə türkləri məğlub etdilər. Bolqarıstan krallığı təxminən 600 min insanı səfərbər edərək, müttəfiqlər düşərgəsində hərbi baxımdan ən güclü ölkə idi. Oktyabrın 18-də müharibəyə qoşulan Bolqarıstan ordusu general Radko-Dmitriyevin komandanlığı ilə tezliklə İstanbula doğru irəliləməyə başladı, 26 mart 1913-cü ildə Ədirnəni tutdu və Osmanlı imperiyasının paytaxtına yaxınlaşdı.

Müvəqqəti barışıq zamanı Osmanlı, SerbiyaBolqarıstan hərbi əməliyyatları dayandırsalar da, YunanıstanÇernoqoriya müharibəni davam etdirirdilər. Müharibənin ikinci mərhələsi (fevral-may 1913-cü il) Ədirnəyə hücüm istisna olmaqla, mövqe müharibəsi ilə fərqlənirdi.[15]

Osmanlının məğlubiyyətini gözləməyən Avropa dövlətləri təşvişə düşərək 1913-cü il 3 mayda tərəflər arasında barışıq sazişi imzalatmağa nail oldular. Elə həmin il 30 mayda isə Londonda sülh müqaviləsi bağlandı. Bu müqavilənin şərtlərinə görə Osmanlı imperiyası Balkanlarda, Egey dənizində olan torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qaldı. Albaniya müstəqil knyazlıq elan edildi. Bolqarıstan Osmanlı imperiyasından demək olar ki, Ədirnə daxil bütün Trakya ərazisini (İstanbul istisna olmaqla) aldı. Bolqarıstan tarixində ilk dəfə Egey dənizinə geniş çıxış əldə etdi.

Balkanlardakı Osmanlı mülklərinin belə bölgüsü Serbiya və Yunanıstanı qane etmədi. Avstriya-Macarıstan və Almaniyanın dəstəyi ilə Bolqarıstan daha çox ərazilərə sahib olmuşdu. Bu səbəbdən Serbiya və Yunanıstan ordusunu əvvəllər razılaşdırılmış sərhədlər çərçivəsinə qaytarmaqdan imtina etdilər. Bolqarıstan və Serbiya arasında mübahisə əsasən çoxmillətli əhaliyə sahib Makedoniya üstündə idi. Hələ 1890-cı illərdə Makedoniya Yunanıstan (və ümumiyyətlə yunanlar) və Bolqarıstan arasında rəqabət meydanına çevrilmişdi. Bütün bunlar İkinci Balkan müharibəsinə gətirib çıxardı. Qısamüddətli olan müharibə birincidən bir ay keçməmiş başladı.

29 iyun 1913-cü ildə Bolqarıstan qoşunları Makedoniyanı işğal etdilər. Eyni zamanda bolqar qoşunları Yunanıstana da soxuldular (Kilkis döyüşü). Serbiya və Yunanıstan Rumıniya və Osmanlı imperiyası tərəfindən dəstəkləndi. Rumıniya və Osmanlı Bolqarıstana müharibə elan etdi. Bolqarıstan krallığı bu müharibəni uduzdu. İkinci Balkan müharibəsi 19 avqustadək davam etdi. Ağır məğlubiyyətə uğradılan Bolqarıstan Ədirnə və Dobrucanı (Rumıniyaya güzəştə gedildi) itirdi.[16] Osmanlı imperiyası isə əvvəl itirdiyi Ədirnə və Kırklarelini geri qaytardı. Beləliklə London konfransının qərarları qismən dəyişdi. Lakin bütün bu ərazi itkilərinə baxmayaraq Bolqarıstan Egey dənizinə çıxışını saxlamağa müvəffəq oldu.

Birinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]
Bolqarıstan krallı I Ferdinand təbəələri arasında

1915-ci ildə Bolqarıstan krallığı I Ferdinandın alman yönümlü siyasəti nəticəsində Almaniya imperiyası, Avstriya-Macarıstan imperiyası və Osmanlı imperiyası tərəfində Birinci Dünya müharibəsinə girdi. Müharibənin əvvəlində Bolqarıstan neytrallığını elan etmişdi. Lakin Almaniyanın verdiyi vədlər onu fikrindən daşındırdı. Bolqarıstan həm də bu müharibəyə bütün Makedoniyanı ilhaq etmək imkanı kimi yanaşırdı. Bolqarıstan Antanta ölkələrində “slavyanların xaini” kimi qəbul olunmağa başladı.

Üçüncü Bolqarıstan krallığı 1915-ci il oktyabrın 14-də Serbiyaya müharibə elan edərək aktiv hərbi əməliyyatlara qoşuldu. Bolqar qoşunları Serbiya və Rumıniyaya qarşı əməliyyatlarda iştirak edirdilə.[17] Onlar həm də Saloniki cəbhəsində vuruşurdular. Müharibə zamanı Bolqarıstan qoşunları Serbiya, Rumıniya və Yunanıstan ərazisinin əhəmiyyətli bir hissəsini işğal etdilər. 1918-ci ilin sentyabrında müttəfiq qüvvələr Bolqarıstan ordusunun cəbhəsini yarmağa müvəffəq oldular və 29 sentyabr 1918-ci ildə Bolqarıstan Antanta ölkələri ilə Saloniki sülhünü imzalamağa məcbur oldu.

Müharibədəki məğlubiyyətdən sonra çar I Ferdinand taxtdan əl çəkərək Almaniyaya qayıtdı. 1918-ci ildə böyük oğlu III Boris onun varisi oldu. 1919-cu ildə Versal sülh prosesinin bir hissəsi olaraq Nöyi müqaviləsi imzalandı. Müqaviləyə görə Bolqarıstan müharibədə uduzan tərəf olaraq, ərazisinin və əhalisinin bir hissəsini itirdi. Ən əsası Bolqarıstan Yunanıstanın xeyrinə Egey dənizinə çıxışdan məhrum edildi. Üstəlik Bolqarıstan bir neçə öhdəliklər də qəbul etdi. Ölkə ordusunu 20.000 nəfərdən çox olmamaqla azaltmalı və 100 milyon dollardan çox təzminat ödəməli idi. Bolqarlar müqavilənin nəticələrini “İkinci Milli Fəlakət” adlandırdılar.[18]

Çar III Borisin dövründə

[redaktə | mənbəni redaktə et]
Bolqar zabitləri Makedoniya cəbhəsində

1920-ci illərdə Bolqarıstan Antanta ölkələri ilə əlaqələri inkişaf etdirirdi. Ölkə rus mühacirlərini fəal şəkildə qəbul edirdi. Bolqarıstanın zəifləməsi fonunda qalib ölkələrin maraqlarına uyğun siyasət yürüdən Aleksandr Stamboliski baş nazir oldu. O, 1920-ci ilin martında keçirilən demokratik seçkilərin nəticəsində hökumət qurmuşdu.[19] Lakin Aleksandr Stamboliskinin Antanta və xüsusilə Serbiyaya güzəştlər etməsi, mühafizəkar dairələrin narazılığına gətirib çıxardı.

1923-cü il iyunun 9-na keçən gecə Bolqarıstanda paytaxt qarnizonunun əsgərləri və Sofiya Hərbi Məktəbinin kursantı tərəfindən həyata keçirilən çevriliş baş verdi. Hökumət və parlament üzvləri həbs olundu. Aleksandr Sankov baş nazir təyin edildi.

Çar III Boris bu çevrilişi dəstəklədi. Yeni hökumətin gəlişinə cavab olaraq Sentyabr üsyanı başladı və bu üsyan amansızcasına yatırıldı. Sol ekstremistlər terrorlarını davam etdirdilər. Onlar 1925-ci il aprelin 16-da Sofiyada Müqəddəs Nedeli kafedralında partlayış törətdilər. Köhnə revanşist əhvali-ruhiyyə yeni Bolqarıstan hökumətinə faşist İtaliyası ilə münasibətləri yaxşılaşdırmağa imkan verdi. Buna baxmayaraq, ölkədə seçkilər davam etdirildi və çoxpartiyalı struktur saxlanıldı.

1934-cü il mayın 19-da Bolqarıstanda növbəti çevriliş baş verdi. Nəticədə Kimon Georgiyevin başçılıq etdiyi Zveno qrupunun hərbçiləri hakimiyyəti ələ keçirdilər. Tırnovo konstitusiyası dayandırıldı və siyasi partiyalar qadağan edildi. Daxili siyasətdə iqtisadiyyatın mərkəzləşdirilməsi və milliləşdirilməsi həyata keçirilirdi. Faşistyönlü xarici siyasət istiqaməti qaldı. Bu cür rejim monarxofaşizm adlanırdı.

1934-cü il mayın 19-da baş vermiş hərbi çevrilişdən sonra Bolqarıstanla faşist Almaniyası arasında yaxınlaşma gücləndi.[20]

1 avqust 1938-ci ildə ordunun artırılmasına qoyulan məhdudiyyətlərin götürüldüyü Saloniki sazişləri imzalandı. Saloniki sazişləri həmçinin Bolqarıstan qoşunlarının Yunanıstan və Türkiyə ilə sərhədlərdə əvvəllər silahsızlaşdırılmış zonalara daxil olmasına icazə verdi.

1938-ci ildə Almaniya Bolqarıstana silah almaq üçün 30 milyon reyxsmark kredit verdi.[21]

1940-cı ildə Çar Boris Cənubi Dobrucanın Bolqarıstana qaytarılmasına nail oldu.

İkinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

2 fevral 1941-ci ildə Bolqarıstan və Üçüncü Reyx Bolqarıstan ərazisinə alman qoşunlarının yerləşdirilməsi haqqında protokol imzaladılar.

1941-ci il martın 1-də Vyanada Bolqarıstanın Berlin-Roma-Tokio paktına qoşulması haqqında sənədlər imzalandı.

Bolqar ordusunun Dobrucada qarşılanması

1941-ci ilin aprelində Bolqarıstan faşist Almaniyası və faşist İtaliyası ilə birlikdə Yunanıstan əməliyyatında və Yuqoslaviya əməliyyatında iştirak etdi. Nəticədə Egey sahillərinin (Qərbi Frakiyanın qərb hissəsi) 14.466 km² və Vardar Makedoniyasının bir hissəsi 28.000 km²-ə bərabər ərazi Bolqarıstana birləşdirildi.[22] Bolqarıstan Saloniki və Afona iddia etsə də, onları ona vermədilər. Artıq 1941-ci ilin sentyabrında Türkiyədən gələn yunan repatriatların məskunlaşdığı Drama şəhəri ərazisində Bolqarıstan işğalçı qüvvələri, yunanların fikrincə, soyqırıma bərabər olan terrordan istifadə etdilər.[22][23] Bundan sonra almanlar bolqarlara məxsus olan Mərkəzi Makedoniya ərazisini azaltdılar.[24]

22 iyun 1941-ci ildə Almaniyanın SSRİ-yə hücumunun başlaması ilə Bolqarıstanda genişmiqyaslı müqavimət baş qaldırdı. Rəsmi Sofiya SSRİ ilə müharibə vəziyyəti elan etmədi.

25 noyabr 1941-ci ildə Bolqarıstan Antikomintern paktına qoşuldu.[25]

1941-ci il dekabrın 13-də Bolqarıstan Böyük BritaniyaABŞ-a müharibə elan etdi. Baxmayaraq ki, aktiv hərbi əməliyyatlarda iştirak etmədi. Buna baxmayaraq, Bolqarıstan şəhərləri müttəfiq hava hücumlarına məruz qalmağa başladı. Alman qoşunlarının yerləşdirilməsi və xammal təchizatı üçün ərazisini təmin etməklə yanaşı, Bolqarıstanda azsaylı yəhudi əhalisinə qarşı ayrı-seçkilik tədbirləri tətbiq edildi. Lakin bir dənə də olsun yəhudi Bolqarıstandan deportasiya edilmədi.

Müharibə illərində Bolqarıstan ordusunda əsasən alman silahları ilə silahlanmış yarım milyona qədər əsgər və zabit var idi.

1944-cü il sentyabrın 5-də (Rumıniya kapitulyasiya edildikdən sonra) SSRİ Bolqarıstana müharibə elan etdi. Ancaq Bolqarıstan ordusu Qırmızı Orduya praktiki olaraq heç bir müqavimət göstərmədi. Sentyabrın 9-da Vətən Cəbhəsi qüvvələrinin hazırladığı üsyan nəticəsində almanpərəst hökumət devrildi və yeni sovetyönlü hakimiyyət Almaniyaya müharibə elan etdi. 1944-1945-ci illərdə Bolqarıstan ordusu üç cəbhədə: Yuqoslaviya, MacarıstanAvstriyada almanlara qarşı vuruşdu. Bir qayda olaraq, bolqar xalqının əksəriyyəti və Vətən Cəbhəsinin siyasətçiləri SSRİ-ni dəstəkləyirdilər. Lakin müharibədən sonra uzun illər ərzində Bolqarıstanda Qoryanski hərəkatının anti-sovet gizli qüvvələrinin silahlı müqaviməti davam etdi.

Üçüncü Bolqarıstan Krallığının süqutu

[redaktə | mənbəni redaktə et]
Sovet ordusunun 1944-cü ilin sentyabrında Sofiyaya daxil olması

Hələ II Dünya müharibəsi bitməmişdən əvvəl çar rejimi Üçlər paktı hökumətləri ilə əməkdaşlığa görə açıq şəkildə qınanırdı. 1945-ci il fevralın 1-də yüzlərlə məmur hərbi cinayətlərdə və dövlətə xəyanətdə ittiham olunaraq edam, həbs və məhkum edildi. Onların arasında Bolqarıstan krallığının üç keçmiş regenti - Boqdan Filov, Nikola Mixov və Preslav şahzadəsi Kirill də var idi. Bununla belə, monarxiya müharibə başa çatdıqdan sonra, Todor Pavlov, Venelin Qanev və Cviatko Boboszevskidən ibarət yeni regent şurası təyin edildikdən sonra da qorunub saxlanıldı.

1946-cı il sentyabrın 8-də referendum keçirildi, burada seçicilərin 91,63%-i (4509354 nəfərdən 4132007-si) iştirak etdi. Onlardan 92,72%-i respublikanın lehinə səs verdilər. Monarxiyanın ləğvi nəticəsində II Simeon ailəsi ilə birlikdə Misirə, 1951-ci ildə isə İspaniyaya mühacirət etdi. Beləliklə Üçüncü Bolqarıstan krallığı mövcudluğunu dayandırdı. Lakin monarx heç vaxt rəsmi olaraq taxtdan əl çəkməmişdi. 1996-cı ildə keçmiş Bolqarıstan kralı II Simeon vətəninə qayıtdı və sonra siyasətə qədəm qoydu. 2001-2009-cu illərdə isə respublikanın baş naziri oldu.

II Dünya müharibəsi başlayanda Bolqarıstanın əldə etdiyi ərazilərdən yalnız Cənubi Dobrucanı saxlaya bildi. 1920-ci ildən Yunanıstana verilən Qərbi Trakyadan və Makedoniyanın yunan hissəsindən 150 min bolqar sürgün edildi. Eyni zamanda, minlərlə il Qara dəniz sahillərində yaşayan yunan əhalisinin demək olar ki, hamısı Bolqarıstandan deportasiya edildi.[22]

  1. Росен Ташев, Обща теория на правото. Основни правни понятия. (2010) изд. Сиби, стр. 101, ISBN 978-954-730-678-3.
  2. J. Havighurs, Robert. The Constitutions of the States at War, 1914–1918. Harvard University Press. 2005. səh. 91. ISBN 9780822974079. The Orthodox Christian Religion of the Eastern Rite is the State religion of the Kingdom of Bulgaria
  3. Quliyev, Vilayət. "Parisə əzablı yol" (PDF). Azərbaycan jurnalı (az.) (5). 2018. 2023-03-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-06-27.
  4. "Atatürk niyə padşah olmadı? – FOTOLAR". Teleqraf.com. 15 dek 2016. 2023-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.
  5. "Central Powers Page 4 – Kingdom of Bulgaria". 28 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Jan 2022.
  6. "Bulgaria at the end of the 19th-century". Encyclopedia Britannica. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-01.
  7. "Independent Bulgaria". www.bulgarianestates.org. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-01.
  8. Close MacGahan, Januarius A. Mr. Schuyler's Preliminary Report. London. 1876. 89.
  9. Jelavich, Barbara. History of the Balkans: Eighteenth and Nineteenth Centuries. Cambridge University Press. 1999. 347.
  10. Dennis P. Hupchick. The Balkans : from Constantinople to Communism (1st Palgrave Macmillan paperback ed). New York: Palgrave MacMillan. 2004. 264. ISBN 978-1-4039-6417-5, 1-4039-6417-3, 0-312-21736-6, 978-0-312-21736-5.
  11. Jonassohn, Kurt. Genocide and gross human rights violations: in comparative perspective. 1999. 210. ISBN 9781412824453.
  12. Eversley, Baron George Shaw-Lefevre. The Turkish empire from 1288 to 1914. 1924. 319.
  13. Suleyman Elik. Iran-Turkey Relations, 1979–2011: Conceptualising the Dynamics of Politics, Religion and Security in Middle-Power States. Routledge. March 2013. səh. 12. ISBN 978-1-136-63088-0. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  14. "Ivan Evstatiev Geshov | prime minister of Bulgaria". Encyclopedia Britannica (ingilis). 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-01.
  15. "BalkanCrises, 1912-Jun.1914". 2003-11-06. 2003-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  16. Iordachi, Constantin. Diplomacy and the Making of a Geopolitical Question: The Romanian-Bulgarian Conflict over Dobrudja, 1878–1947 (ingilis). Brill. 2017-01-01. ISBN 978-90-04-33782-4. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  17. Glenny, Misha. The Balkans. USA: Penguin Books. 2012. ISBN 978-0-670-85338-0.
  18. Detrez, Raymond. Historical dictionary of Bulgaria. Lanham. 2015. ISBN 978-1-4422-4179-4. OCLC 880831268.
  19. Nohlen, Dieter; Stöver, Philip. Elections in Europe : a data handbook. Baden-Baden, Germany: Nomos. 2010. səh. 368. ISBN 978-3-8329-5609-7. OCLC 617565273.
  20. В. В. Александров. Новейшая история стран Европы и Америки, 1918—1945. Учебное пособие для студентов исторических факультетов. — М.: Высшая школа, 1986. — С. 250—251.
  21. Освободительная миссия советских вооружённых сил на Балканах. / Отв. ред. А. Г. Хорьков. — М.: Наука, 1989. — С. 37. — ISBN 5-02-008474-3
  22. 1 2 3 университетская коллективная работа «Εμείς οι Έλληνες», Σκαϊ Βιβλίο, Афины 2008.
  23. Γριγοριάδης Σ.Ν. Ιστορία της σύγχρονης Ελλάδας 1941—1974. Т. 1. Афины: Polaris, 2009, s. 106—107. ISBN 978-960-6829-10-9
  24. Смотри карту оккупационные зоны в Греции 1941—1944 Arxivləşdirilib 2014-10-26 at the Wayback Machine
  25. Большая Советская Энциклопедия. / редколл., гл. ред. С. И. Вавилов. 2-е изд. том 5. М.: Государственное научное издательство «Большая Советская энциклопедия», 1950. стр.422-423

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]