Haaqa məhkəməsi

Beynəlxalq Ədalət Məhkəməsi — ( ing. International Court of Justice ) Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı (BMT Nizamnaməsinin 92-ci maddəsinə görə). Onun qərargahı Niderlandın Haaqa şəhərindəki Sülh Sarayındadır.[1]

Beynəlxalq Ədalət Məhkəməsi
International Court of Justice
Cour internationale de Justice
Loqonun şəkli
Ümumi məlumatlar
52°05′20″ şm. e. 4°17′53″ ş. u.
Ölkə
Yaranma tarixi 1945
icj-cij.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1945-ci ildə BMT Nizamnaməsi ilə yaradılmış məhkəmə 1946-cı ildə Daimi Beynəlxalq Ədalət Məhkəməsinin varisi kimi fəaliyyətə başlamışdır. Beynəlxalq Ədalət Məhkəməsinin Əsasnaməsi məhkəməni təşkil edən və tənzimləyən əsas konstitusiya sənədidir.[2] Beynəlxalq Məhkəməni Beynəlxalq Cinayət Məhkəməsi və Belçika Hərbi Cinayət Qanununları ilə qarışdırmaq olmaz. Məhkəmə iki rəsmi dildə ingiliscə və fransızca icra olunur.

Məhkəmənin iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir. Beynəlxalq Məhkəmə tərəfindən qəbul edilən qərarların sayı nisbətən az idi, lakin 1980-ci ildən başlayaraq, xüsusən də inkişaf etməkdə olan ölkələr arasında Məhkəmədən istifadə etmək istəyi açıq şəkildə ortaya çıxmışdı.[3]

Təşkili və tərkibi[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Məhkəmə vətəndaşlıqlarından asılı olmayaraq yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslərdən seçilmiş və müstəqil hakimlər kollegiyasını təşkil edən on beş nəfərdən ibarətdir. Beynəlxalq Məhkəmənin hakimləri əsasən BMT-yə üzv dövlətlər arasından seçilir. BMT-in Baş Assambleyası və BMT-in Təhlükəsizlik Şurası 15 hakimi ayrı-ayrılıqda müstəqil şəkildə seçir. Hakimliyə nazmizədlər həm Baş Assambleyada, həm də Təhlükəsizlik şurasında birgə topladıqları səs sayına görə seçilirlər. Əgər bir dövlətin bir neçə namizədi çox səs toplayıbsa, onların ən yaşlısı hakim seçilir. Hər bir hakim ayrı-ayrı ölkənin vətəndaşı olmalıdır, yəni bir dövləti eyni vaxtda iki hakim təmsil edə bilməz. Seçim zamanı namizədlərin təkcə göstərilən tələblərə uyğunluğu deyil, həm də onların hansı hüquq sistemini təmsil etməsi də nəzərə alınır.[4]

Seçilmiş bu hakimlər öz hüquqlarından 9 il müddətində istifadə edə bilərlər. Yəni hakimlər 9 illiyinə seçilirlər. Hakimlərin 9 illik seçilməyinə baxmayaraq, seçkilər hər üç ildə bir keçirilir və hər seçkidə 5 köhnə hakimi yeniləri əvəz edir. Statut hakimlərə yenidən seçilmək hüququ da verir. Seçilən hər bir hakim diplomatik toxunulmazlığa malik olur və elmi, pedeqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir işlə məşğul ola bilməzlər.[5]

Hakimin səlahiyyətlərinə xitam üç halda verilir:

1) Hakim öz istəyi ilə istefa verdikdə;

2) Beynəlxalq Məhkəmə tərəfindən səlahiyyətlərinə xitam verildikdə;

3) Səlahiyyət müddəti bitdikdə.

1960-cı ildən bu günə kimi Təhlükəsizlik Şurasının beş daimi üzvündən dördü hər zaman Beynəlxalq Məhkəmədə təmsil olunub. Bunlar ABŞ, Fransa, Rusiya və Böyük Britaniyadır. Təhlükəsizlik Şurasının daimi üzvlərindən yalnız hazırkı Çin Xalq Respublikasını (1971-ci ilə kimi Çin Respublikası) bu siyahıya daxil edə bilmirik. Çünki ÇXR 1967-1985-ci illər arası Birləşmiş Millətlər təşkilatına namizəd təqdim etməyib.

Məhkəmə yenidən seçilmək hüququ ilə sədri və vitse-sədri üç illiyə seçir. Seçkilər gizli səsvermə yoluyla mütləq çoxluq prinsipi əsasında həyata keçirilir. Məhkəmə yenidən seçilmək hüququ ilə mütləq səs çoxluğu və gizli səsvermə yoluyla yeddi il müddətinə öz katibini seçir. Bu qayda ilə də katibin müavini seçilir.[6]

Məhkəmə katibinin funksiyaları çox genişdir və məhkəmənin Statut və reqlamentində müfəssəl təsbit olunub. Məhkəmənin katibliyinin fəaliyyəti dörd sahədə həyata keçirilir:

məhkəmə işi, məsələn, müxtəlif məhkəmə və tarixi ilk olaylara aid sənədlərin, qanunvericilik və saziş mətnlərinin və eləcə də hüquqşünasların rəylərinin yığılması;

diplomatik iş, o sıradan məhkəmənin adından müxtəlif xəbərlərin hazırlanması;

inzibati və maliyyə işi (məsələn, işçi heyətə, otaqlara, büdcənin hazırlanmasına və s. aid məsələlər);

dilçilik işi – müxtəlif sənədlərin redaktəsi və tərcüməsi üzrə işlərin icrası

Ümumi xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Məhkəmənin mərkəzi Hollandiyanın Haaqa şəhəridir, ancaq hakimlərin razılğı ilə başqa bir yerdə də toplantı keçirilə bilər.

Beynəlxalq Məhkəmənin səlahiyyətləri ancaq dövlətlər arasındakı mübahisələrə aiddir. Məhkəmə adi şəxslərlə dövlət arasındakı və əlbəttə, adi şəxslər arasındakı mübahisələrə baxa bilməz. Hətta dövlətlər arasındakı mübahisələrə də bütün tərəflərin razılığı ilə baxıla bilər. Beləliklə, məhkəmənin səlahiyyəti dövlət üçün məcburi yox, ancaq fakültətivdir (yəni könüllüdür). Məhkəməyə fakültətiv səlahiyyətin verilməsi qərarı San-Fransiskodakı konfransın 4-cü komissiyasının birinci komitəsində məhkəmə üçün məcburi səlahiyyətin çoxsaylı tərəfdarları ilə olduqca gərgin mübarizədən sonra səs çoxluğu ilə qəbul edilmişdir.

Dövlətlərin mübahisələri məhkəməyə fakültətiv xarakterli həll üçün vermələri xüsusi olaraq özünü onda büruzə verir ki, Beynəlxalq Məhkəmənin statutunun 36-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq "tərəflərin məhkəməyə təqdim etdikləri bütün işlər onun səlahiyyətinə aiddir…". Fəqət statutun üzvü olan dövlətlər işlərin müəyyən kateqoriyaları üzrə məhkəmənin səlahiyyətini özləri üçün qəbul edə bilərlər.

Beynəlxalq Məhkəmənin statutunda onun məcburi yurisdiksiyasının tanınması üçün bir neçə variant təsbit edilib.[7] Belə ki, dövlət məcburi yurisdiksiya barədə maddələr olan müvafiq bəyanatla çıxış edə bilər, yaxud ikitərəfli beynəlxalq sazişin iştirakçısı ola bilər. Belə sazişlərə sülhməramlı sazişlər, sülh və əməkdaşlıq haqqında, təbii ehtiyatların müştərək istismarı haqqında, dəniz hövzələrinin bölüşdürülməsi haqqında və digər sazişlər aiddir. Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası barədə çoxsaylı beynəlxalq sazişlər vardır. Bir çox dövlətlər bu sazişlərin iştirakçılarıdır.[8]

Beləliklə, Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası saziş layihəsində dövlət tərəfindən ya tamamilə, ya hər hansı bir şərtlə, ya da beynəlxalq mübahisələrin konkret kateqoriyaları üzrə qəbul edilir.[9] Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyasının tanınmasında şərtlərin geniş tətbiq edilməsi onun fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə daraldır.

Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası dövlətlərin bəyanatları ilə yanaşı, beynəlxalq münasibətlərin bəzi spesifik sahələrini tənzimləyən bir sıra beynəlxalq konvensiyalarda da nəzərdə tutulmuşdur. Bir qayda olaraq, onlarda bu konvensiyaların şərhinə və tətbiqinə aid olan mübahisələrin təhqiqat üçün məhkəməyə verilmə qaydları və şərtləri çox ciddi qeyd olunur. Misal kimi 1961-ci il diplomatik əlaqələr haqqındakı Vyana konvensiyasına mübahisələrin məcburi həlli barədəki fakültətiv protokola müraciət etmək olar. Protokolun I maddəsində deyilir: "Konvensiyanın şərhi və ya tətbiqi üzrə mübahisələr Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyasına aiddir və bu protokolun iştirakçısı olan hər bir dövlətin mübahisəyə aid ərizəsi üzrə müvafiq olaraq bu məhkəməyə təqdim oluna bilərlər".

Beləliklə, BMT-nin Beynəlxalq Məhkəməsinin məcburi yurisdiksiyasının tanınmasının aşağı səviyyədə olmasına baxmayaraq bir sıra hallarda ona kifayət qədər geniş səlahiyyətlər verilir ki, bu da məhkəmənin dövlətlərarası mübahisələrin həllində böyük potensial imkanlara malik olduğuna dəlalət edir. Əgər hər hansı bir dövlət heç bir hüquqi əsas olmadan Beynəlxalq Məhkəmənin çıxardığı qərarı yerinə yetirmirsə, bu zaman BMT-in Təhlükəsizlik Şurası adekvat tədbirlər həyata keçirə bilər.

Ümumən, qəbul edilmiş bir qaydaya müvafiq olaraq iddiaçı dövlət təqdim olunmuş mübahisənin mahiyyəti üzrə baxılması üçün məhkəmənin səlahiyyətini əsaslandırmalıdır. Bundan əlavə, mübahisənin mövcudluğu faktının və onun hüquqi təbiətinin sübuta yetirilməsi öhdəliyi də elə bu dövlətin üzərinə qoyulur. Bu maddənin pozulması iddianı mənasızlaşdırır və beləliklə də, BMT-nin Beynəlxalq Məhkəməsinin yurisdiksiyasının tətbiqini mümkünsüz edir.

Məhkəmə özünün məhkəmə funksiyalarından əlavə ixtiyari təşkilatın (belə sorğuları etmək üçün BMT-nin Nizamnaməsi ilə və ya ona müvafiq olaraq müvəkkil təyin olunmuş) sorğusu üzrə ixtiyari hüquqi məsələ üzrə məsləhət arayışı vermək hüququndadır. Beynəlxalq Məhkəmənin məsləhət arayışı ancaq beynəlxalq hakimlərin beynəlxalq hüququn bu və yaxud digər məsələsi üzrə rəylərinin ifadəsidir. Bu məcburi xarakter daşımır və Beynalxalq Məhkəməyə məsləhət arayışı üçün müraciət etmiş orqanı heç cürə məhdudlaşdırmır.

Çoxlu sayda konvensiya və sazişlər mövcuddur ki, onlara müvafiq olaraq dövlətlər gələcəkdə məhkəmənin yurisdiksiyasını tanıyacaqlarını öhdələrinə götürürlər. Bunlara aiddir: iki dövlət arasında yaranacaq mübahisələrin hamısına və ya bəzi kateqoriyalarına aid olan ikitərəfli sazişlər, mübahisələrin bir və ya daha çox kateqoriyalarına aid olan çoxtərəfli konvensiyalar və s. (statutun 36-cı maddəsinin 1-ci bəndi və 37-ci maddəsi). Beynəlxalq Məhkəmə bəzi məhdudiyyətlərlə eləcə də beynəlxalq təşkilatların qərarlarının qanuniliyi üzərində dolayısı nəzarəti həyata keçirə bilər, apelyasiya instansiyası rolunda çıxış edə bilər və beynəlxalq inzibati tribunalların qərarlarının yenidən baxılması üzrə arayış çıxara bilər.

Statutun 38-ci maddəsinə müvafiq olaraq Beynəlxalq Məhkəmə öz qərarlarında aşağıdakılara əsaslanır:

a) beynəlxalq konvensiyalar və sazişlərə;

b) beynəlxalq ənənəyə;

c) hüququn mədəni millətlər tərəfindən qəbul edilmiş ümumi prinsiplərinə;

d) hüquq normalarını müəyyənləşdirmək üçün yardımçı vəsait kimi məhkəmə qərarları və ən görkəmli mütəxəssislərin doktrinalarına.[10]

Bundan əlavə tərəflərin razılığı olarsa məhkəmə işi formal qanun üzrə yox, Statut 38.2-yə əsasən ədalətlilik prinsiplərinə uyğun (yəni ex aequo et bono - “bərabərlikdən kənar və yaxşılıq naminə”) həll edə bilər.

Beynəlxalq Məhkəmə əsasən aşağıdakı məsələlərə baxır: (Statut 36.2)

Hər hansı bir bəyamnamənin təfsiri;

Beynəlxalq hüquqla əlaqədar hər bir məsələ;

Beynəlxalq öhdəliyə zidd bir hərəkətin gətirdiyi hər növ zərər ilə əlaqədar məsələlər;

Hər hansısa bir məsələnin Beynəlxalq Məhkəmənin səlahiyyətləri çərçivəsində olub olmaması ilə əlaqədar yaranan ziddiyəti yalnız Beynəlxalq Məhkəmə həll edir.[11]

BMT-in Beynəlxalq Məhkəməsində hər iş, bir qayda olaraq, iki mərhələdən – yazılı və şifahi mərhələdən keçir. Yazılı mərhələ adətən bir neçə ay davam edir, çünki hər tərəfdən uyğun yazılı izahatların – memorandumların təqdimatı tələb olunur. Bir qayda olaraq, iş iki dövlətin razılığının (məhkəmədə işin araşdırılması haqqında razılığın) məhkəməyə verilməsi ilə başlanır. Əgər dövlət məhkəmənin səlahiyyətinə tabe olacağı barədə öz üzərinə öhdəlik götürübsə iddiaçı dövlət tərəfindən birtərəfli yazılı müraciət ilə ona qarşı iş qaldırıla bilər.

İş məhkəmədə dinlənilməyə hazır olduqda şifahi təhqiqat başlanılır. Bu mərhələ adətən bir neçə gün (nadir hallarda bir neçə həftə) çəkir. Tərəflər nümayəndələri vasitəsilə çıxış edirlər və qəyyumların və vəkillərin köməyindən istifadə edə bilərlər. Belə təhqiqatdan sonra məhkəmənin bağlı iclası keçirilir. Açıq iclasda isə ancaq məhkəmənin qərarı elan edilir. Qərar hakimlərin səs çoxluğu ilə qəbul olunur, səslər bərabər olarsa sədr həlledici səsə malikdir.

Beynəlxalq Məhkəmə işlərin daha tez həlli üçün tərəflərin razılığı nəticəsində 5 nəfərdən ibarət dairə yarada bilər (Statut, 29. Maddə). 1993-cü ildə Statutun 26.1 Maddəsinə görə ətraf mühitlə əlaqədar işlərə baxılması üçün xüsusi dairə yaradilib.[12]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The Court | International Court of Justice". web.archive.org. 2018-01-10. Archived from the original on 2018-01-10. İstifadə tarixi: 2023-09-09.
  2. "Charter of the United Nations | INTERNATIONAL COURT OF JUSTICE". www.icj-cij.org. İstifadə tarixi: 2023-09-09.
  3. "Cases | INTERNATIONAL COURT OF JUSTICE". www.icj-cij.org. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-09.
  4. Pérez-Aznar, Facundo. "Casual Vacancies in the ICJ: Law, Practice, and Policy". EJIL: Talk! (English). 2022-09-07. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-09.
  5. Internet Archive. The Statute of the International Court of Justice : a commentary. Oxford ; New York : Oxford University Press. 2006-01-01.
  6. "Is "Moonlighting" a Problem? The role of ICJ judges in ISDS". International Institute for Sustainable Development (ingilis). 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-09.
  7. "Declarations Recognizing the Jurisdiction of the Court as Compulsory | International Court of Justice". web.archive.org. 2011-06-29. 2011-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-09.
  8. Library Genesis. International dispute settlement. New York, NY [etc.] : Cambridge University Press. 2011-01-01.
  9. "Declarations recognizing the jurisdiction of the Court as compulsory | INTERNATIONAL COURT OF JUSTICE". www.icj-cij.org. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-09.
  10. academic.oup.com https://academic.oup.com/jids/article-abstract/10/2/200/5523172?redirectedFrom=fulltext&login=false (#bare_url_missing_title). İstifadə tarixi: 2023-09-09.
  11. "Beynəlxalq Ədalət Məhkəməsi". digitalcommons. 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.10.
  12. "Международный Суд". www.un.org (rus). 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-10.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]