Söz bağçası[1] və ya Yaponiyada tanınan adı ilə Kotonoha no Niwa (言の葉の庭?) — Makoto Şinkayın rejissorluğu və ssenaristliyi CoMix Wave Films studiyası tərəfindən 2013-cü ildə çəkilmiş dram və romantika anime filmi. Əsas personajları Miyu İrino və Kana Hanazava səsləndirmişlər. Şinkayın əvvəlki filmlərinin əksəriyyətində bəstəkar olan Tenmonun əvəzinə Daysuke Kaşiva film üçün musiqi bəstələmişdir. Filmin əsas mahnısı olan "Rain" orijinal olaraq 1988-ci ildə Senri Oe tərəfindən yazılmış və ifa olunmuşdur. Lakin filmin istehsalı prosesində Motohiro Hata tərəfindən yenidən ifa olunmuşdur. Filmin premyerasının baş tutduğu 2013-cü ildə Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyası və Şinkay tərəfindən yazılan roman seriyası adaptasiyası nəşr olunmağa başlamışdır.
Söz bağçası | |
Anime filminin posteri. | |
言の葉の庭 (Kotonoha no Niwa) | |
---|---|
Janr | dram, romantika |
Anime | |
Rejissor | Makoto Şinkay |
Prodüsser | Noritaka Kavaquçi |
Bəstəkar | Daysuke Kaşiva |
Studiya | CoMix Wave Films |
Digər lisenziyalar | |
Vaxt | 46 dəq. |
Manqa | |
Yazıçı | Makoto Şinkay |
Rəssam | Midori Motohaşi |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Monthly Afternoon |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 25 aprel 2013 – 25 oktyabr 2013 |
Cildlər | 1 |
Manqa | |
Manqaka | Makoto Şinkay |
Nəşriyyat | Kadokawa Shoten |
Jurnal | Da Vinci |
Demoqrafiya | seynen |
Nəşr tarixi | sentyabr 2013 – aprel 2014 |
Cildlər | 1 |
Filmin diqqət mərkəzində olan əsas personajlar 15 yaşlı ayaqqabı dizayneri Takao Akizuki və 27 yaşlı müəmmalı qadın Yukari Yukinodur. Bu iki şəxs yağışlı bir gündə Şincuku Qyoen Milli Bağında qarşılaşırlar və həmin gündən etibarən hər yağışlı gündə bu bağda görüşməyə davam edirlər. Takao hər səhər məktəbə getməyərək bağda ayaqqabı dizaynı ilə məşğul olur. Yukino isə həyatındakı şəxsi problemlərə görə işindən yayınaraq bağa pənah gətirir. Yukino Takaoya adı da daxil olmaqla özü barədə heç nə demir, lakin Takao onun üçün ayaqqabı hazırlamaq istədiyini bildirir. Tezliklə Takao Yukinonun əsl şəxsiyyətini və şəxsi problemlərini öyrənir, ikili arasında emosional münasibətlər yaşanır. Şinkay hekayəni "tənha kədər nağılı" kimi yazdığını bildirmiş, yapon dilindəki ənənəvi "sevgi" sözünün mənasından ilhamlanmış və ayaqqabıdan həyat üçün metafor kimi istifadə etmişdir. Əsas mövzunu yağış, Manyoşuu poeziyası və yapon bağçası təşkil edir. Şinkaya görə əsas personajlar arasındakı yaş və şəxsiyyət fərqləri hətta yetkinlərin belə özlərini yeniyetmə kimi hiss edə biləcəklərini göstərir.
"Söz bağçası" filminin premyerası 28 aprel 2013-cü ildə Avstraliyada keçirilmiş Qızıl Sahil Film Festivalında baş tutmuşdur. 31 may 2013-cü ildə Yaponiya premyerası baş tutmuşdur. Azərbaycanda isə 19 fevral 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş etdirilmişdir. Yaponiya premyerası zamanı Şinkayın rejissoru olduğu "Dareka no Manazashi" (だれかのまなざし?, azərb. Kimsənin baxışı) adlı qısametrajlı anime filmi ilə birlikdə ekranlaşdırılmışdır. Yaponiya premyerasının baş tutduğu gün film iTunes üçün buraxılmışdır. DVD və Blu-ray buraxılışlarının buraxıldığı 21 iyun 2016-cı il tarixində film hələ kinoteatrlarda nümayiş etdirilirdi. Film Şimali Amerikada Sentai Filmworks, Böyük Britaniyada Anime Limited, Avstraliya və Yeni Zelandiyada isə Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. Bir çox yerli və beynəlxalq film tədbirlərində nümayiş etdirilmişdir. Film 2013-cü ildə iTunes-da ilin ən yaxşı animasiyası seçilmişdir. 2013-cü ildə Animation Kobe Bədii Film Mükafatına layiq görülmüş, Fantaziya Beynəlxalq Film Festivalında və Ştutqart Animasiya Filmi Festivalında mükafatlar qazanmışdır. Filmin çizimləri ümumilikdə müsbət rəylər almış, lakin hekayənin uzunluğu, məzmunu və emosional klimaksı ilə bağlı müxtəlif fikirlər səsləndirilmişdir.
"Söz bağçası" dram[2] və romantika [3] janrındadır. Hadisələr yağış mövsümündə Tokioda Takao Akizuki adlı 15 yaşlı gənc oğlanın və ayaqqabı dizaynerinin bir səhər məktəbə getməyərək Şincuku Qyoen parkında ayaqqabı eksizləri çəkməyə qərar verməsi ilə başlayır. Takao parkda işinə getməyərək şokolad yeyən və pivə içən Yukari Yukino adlı 27 yaşlı qadınla rastlaşır. Uniformasındakı məktəb gerbini görən Yukino vidalaşanda ona tanka (Yaponiya poeziyasında janr) deyir və Takaonun ağlında Yukinonun ona dediyi bu tapmaca hərlənməyə başlayır. Takao və Yukino hər yağışlı səhərdə parkda görüşməyə davam edirlər, lakin hələ də bir-birilərini tanıtmırlar. Yukino Takaonun ayaqqabı dizaynerliyi ilə maraqlandığını bildirdikdən sonra Takao onun üçün ayaqqabı dizayn etmək istədiyini ifadə edir. Yağış mövsümünün sonunda Takao parka gəlməyi dayandırır və bütün diqqətini işinə yönəldir.
Yukino "Söz bağçası"nda[4]
Manyoşuu, 11-ci kitab, 2513-cü şeir
Yay tətilindən sonra Takao məktəbə qayıdır və Yukino ilə qarşılaşır. Takao dostundan öyrənir ki, Yukino ədəbiyyat müəllimidir və dedi-qoduların hədəfi olub. Məlum olur ki, əlavə mübahisələrdən yayınmaq istəyən Yukino işdən yayınaraq parka gəlməyə qərar veribmiş və beləliklə qorxularının öhdəsindən gələrək yenidən "gəzə" biləcəyini düşünübmüş. Günortadan sonra Takao Yukino ilə qarşılaşır və onun tankasına cavab olaraq Manyoşuu Yaponiya poeziyası kolleksiyasından 2514-cü şeiri əzbərdən deyir. Qəfildən şiddətli yağış başlayır və onlar Yukinonun mənzilinə gedib günortanı orada keçirirlər. Günorta yeməyindən sonra Takao Yukinoya onu sevdiyini etiraf edir, lakin Yukino müəllimə olduğunu və tezliklə Şikokuya köçəcəyini bildirir. Takao qəflətən sağollaşıb mənzildən ayrıldıqdan sonra Yukino səhvini başa düşür və dalınca qaçaraq onu pilləkən qəfəsində tapır. Hələ də qanı qara olan Takao əsəbi şəkildə ondan nifrət etdiyini bildirir və adamayovuşmaz olduğuna görə onu sərt tənqid edir. Yukino onu qucalayaraq ağlamağa başlayır və parkda keçirdikləri vaxt zamanı onu xilas edən şəxsin o olduğunu deyir.
Takao Söz bağçasında[5]
Manyoşuu, 11-ci kitab, 2514-cü şeir
Əlavə səhnələrdə Takaonun imtahanları güclə də olsa keçdiyi və məqsədlərinə çatmaq üçün işlədiyi göstərilir. Yukino isə Şikokuya köçür və müəllimliyə davam edir. Post-kredits səhnəsində Takao qışda parkı yenidən ziyarət edir, Yukinonun məktubunu oxuyur, tamamladığı ayaqqabıları skamyanın üzərinə qoyur və karyerasında uğur əldə etdikdən sonra onu tapacağına and içir.
Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyasında hekayəyə əlavələr edilmişdir. Məsələn, yağış mövsümünün başa çatmasından sonra yağışlı bir yay günündə Yukino Takaonu yenidən görmək ümidi ilə yenidən parka gəlir, lakin Takao daxil olmaq istədiyi ayaqqabı kollecinə baş çəkməyə getdiyindən gələ bilmir.[6] Bundan əlavə, hekayənin sonunda Yukinonun Takaonun onun üçün hazırladığı ayaqqabıları geyindiyi təsvir olunur.[7]
Takao Akizuki ayaqqabı dizayneri olmaq üçün gərgin çalışan 15 yaşlı gənc lisey tələbəsidir. Yağışlı səhərlərdə məktəbə getmir və parkda ayaqqabı dizayn etməklə məşğul olur.[8] Miyu İrino[8] tərəfindən səsləndirilmişdir. Uşaqlıq səhnəsində isə Vataru Sekine[8] tərəfindən səsləndirilmişdir.
Yukari Yukino müəmmalı 27 yaşlı qadındır. Takao hər yağışlı səhərdə onunla qarşılaşır.[8] Daha sonra Takao öyrənir ki, Yukino onun liseyində müəllimədir və müxtəlif dedi-qoduların hədəfi olub.[9] Kana Hanazava[8] tərəfindən səsləndirilmişdir. Makoto Şinkayın "Sənin adın" adlı başqa bir anime filmində də görünmüşdür.
Takaonun 47 yaşlı anasıdır və həyat yoldaşından boşanıb. Ailəsindən çox şəxsi həyatına önəm verir.[8] Fumi Hirano[8] tərəfindən səsləndirilmişdir.
Takaonun 26 yaşlı qardaşıdır. Evi tərk edərək sevgilisi ilə yaşamağa başlayır[8][10] Takeşi Maeda tərəfindən səsləndirilmişdir.[8]
Takaonun qardaşının 24 yaşlı sevgilisidir. Takao ilə dostdur[8] və ayaqqabı dizaynerliyi ilə maraqlanır.[10] Yuka Terasaki[8] tərəfindən səsləndirilmişdir.
Takaonun sinif yoldaşı və dostu, eləcə də Satonun sevgilisidir.[8] Suquru İnoe[8] tərəfindən səsləndirilmişdir.
Takao ilə birlikdə eyni liseyə gedir və Takaonun dostudur.[8] Mequmi Han[8] tərəfindən səsləndirilmişdir.
Həmişə dostlarının əhatəsində olan və Takao ilə eyni liseydə oxuyan qızdır.[8] Yukinonun liseydəki problemləri onunla əlaqədardır.[11] Mikako Komatsu[8] tərəfindən səsləndirilmişdir.
"Söz bağçası" filmi Makoto Şinkayın rejissorluğu ilə çəkilmişdir. Orijinal hekayə və ssenari Şinkay tərəfindən yazılmışdır. Animasiya kompazisiyası, açar animasiya və montajdan da o məsul olmuşdur.[12][13] Şinkayın dediyinə görə filmdə bu qədər roldan məsul olmasının əsas səbəbləri şirkətin kiçik olması və filmdə öz ideyalarını daha dəqiq təsvir etməsinə icazə verilməsidir.[14]
Anime filmi Shinkai Creative, CoMix Wave Films tərəfindən istehsal olunmuş və prodüseri Noritaka Kavaquçi olmuşdur.[12] Keniçi Tsuçiya animasiya rejissoru və personaj dizayneri, Hiroşi Takiquçi isə art-direktor olmuşdur.[12][15][16] Filmin çəkilişlərinə hazırlıqlar 2012-ci ilin yazında başlamış və həmin ilin 24 dekabrında film anons edilmişdir. Yaponiya buraxılışı üçün təyin olunan ilk tarix 2013-cü ilin ilk yarısı idi.[17] İstehsal prosesi Şinkayın Şincuku ətrafında məkan axtarması ilə başlamış və cəmi 6 ay çəkmişdir. İstehsal rəsmi şəkildə Şinkayın çəkdiyi şəkillər əsasında şəkilli eskizlər hazırlaması ilə başlamışdır.[18]
2013-cü ilin əvvəllərində Şinkaya materialı manqaya adaptasiya etmək təklifi edilmişdir.[19] Manqa adaptasiyanın rəssamı Midori Motohaşi təyin olunmuşdur.[20] Aprel ayında Şinkay açıqlamışdır ki, manqa adaptasiyasının istehsalında heç bir rol oynamamış, işi tamamilə manqakanın öhdəsinə buraxmışdır. Lakin tamamlanmış işlə maraqlandığını ifadə etmişdir.[19]
Şinkaya görə "Söz bağçası" filmi onun ilk "sevgi" sözünün yapon dilindəki ənənəvi mənasından istifadə edərək sevgi hekayəsi yaratmaq cəhdi idi. Hazırda yamato kotoba (大和言葉?, azərb. yapon sözləri) adı ilə tanınan milli yapon sözləri Manyoşuu dövründə kanci ilə yazılmağa başlamışdır və "sevgi" mənasını verən koy sözü (hazırda 恋 kimi yazılır) 孤悲 ("tənha kədər") şəklində yazılırdı.[21][22] Şinkayın qeyd etdiyi kimi "romantika" sözünün daha müasir forması olan ren'ay (恋愛?) Qərb mədəniyyətinin təsiri ilə yaranmışdı.[21][23] "Söz bağçası" koy sözünün orijinal mənasını ("bir nəfəri tənhalıqda gözləmək") müasir şəkildə açıqlayır.[17][22][24] Şinkaya görə tənhalıq filmin mərkəzi elementidir. Bir müsahibədə Şinkay qeyd etmişdi ki, filmi özünü tənha hiss edən və ya sosial problemləri olan insanları cəsarətləndirmək üçün yaratmışdır. Lakin o bunu da bildirmişdir ki, film tənhalığı mütləq düzəldilməli bir şey kimi dəyərləndirmir.[25]
Tənhalığın filmin əsas mövzusu olmasına baxmayaraq, ayaqqabıdan və yağışdan, eləcə də, Manyoşuu poeziyası və yapon bağçasından mövzu kimi istifadə edilmişdir.[26] Yağışın adətən kədər və qəmginlik ünsürü kimi hesab edilməsinə baxmayaraq, "Söz bağçası"nda yağış dünyanı canlandırır və əsas personajları həyatın reallıqlarından və cəmiyyətin təyin etdiyi məhdudiyyətlərdən qoruyur.[27] Şinkay qeyd etmişdir ki, sevgi ilə yağış arasındakı paralellik nə idarə edilə, nə də dayandırıla bilər.[13][28]
Şinkaya görə ayaqqabı Yukinonun yenidən "gəzməyi" öyrənmək istədiyi həyatı təmsil edir.[18] Takaonun ayaqqabı dizaynerliyi isə onlar arasındakı münasibəti simvolizə edir.[14] Eyni şəkildə, Yukino stresdə olarkən istifadə etdiyi əsas qidalar – şokolad və pivə onun emosional sağlamlığı üçün metafor təşkil edir.[18]
Şinkayın bir çox filmləri səhv anlaşılmalar və qarşılıqsız sevgi üzündən kədərli sonluqla bitir. Şinkaya görə yazdığı hekayələrdə əsas məqsəd müxtəlif problemlərlə qarşılaşan yeniyetmələri cəsarətləndirməkdir.[18] Bir müsahibədə Şinkay etiraf etmişdir ki, o artıq qadınlar tərəfindən rədd edilməyə öyrəşib və hiss etmişdir ki, hekayələri cəsarətləndiricidir, çünki hekayələrin personajları sevgidə uğursuz olsalar da, cəhd etməyə davam edirlər.[29] "Söz bağçası"nda göstərilir ki, əslində insanlar bizim düşündüyümüz kimi xətti və düzgün şəkildə dolğunlaşmırlar. Şinkay "Biz hamımız 27 yaşlı uşağıq" deməklə Yukinonun 27 yaşında olmasına baxmayaraq, özünü kamil və yetkin hiss etmədiyini demək istəmişdir.[30] Yukinonun seyyusu Kana Hanazava da Şinkayın bu fikri ilə razılaşmışdır.[31]
"Söz bağçası" filminin ərsəyə gəlməsinin arxasında duran əsas ideya Şinkayın müasir Tokionun gözəlliyini çəkmək və filmdə göstərmək arzusu idi. On il Şincukuda yaşamış[19][32] rejissor bu yeri film üçün əsas məkan seçmiş və minlərlə şəkil çəkərək şəkilli eskizlərini yaratmışdır.[18] Yaponiyadakı ən sevdiyi məkanların dincliyini və harmoniyasını insanlarla bölüşərək onları bu yerləri ziyarət etməyə cəsarətləndirmək istəyən[14] Şinkay Tokiodakı Şincuku Qyoen Milli Bağını filmdə göstərmək qərarına gəlmişdir.[33] 2011-ci ilin martında baş vermiş zəlzələdən sonra Şinkay bağın məhv olmasından narahat olmuş və onu anime filmində "qorumaq" istəmişdir.[13]
Digər Yaponiya animeləri kimi "Söz bağçası" ənənəvi animasiya, rotoskopiya və kompüter animasiyası (CGI) istifadə edilərək istehsal olunmuşdur. Bunun sayəsində filmdə daha realistik yağış səhnələri əldə edilmişdir.[34] Şinkay filmin ilk yarısında arxaplanları çəkdiyi şəkillərdən və Adobe Photoshop proqramından istifadə edərək yaratmışdır. Digər yarısında isə ənənəvi animasiyaya və kompüter qrafikalarına üstünlük vermişdir.[18] Şinkayın digər filmlərində olduğu kimi arxaplanlar canlı və parlaqdır. Personajlar daha az ətraflı təsvir edilsələr də, hələ də inandırıcı və realistikdirlər.[13]
Parkdakı yağış səhnələri üçün rəng palitrasının tonu aşağı salınmış və solğun yaşıl kölgələmədən istifadə edilərək gurultulu, yağışlı hava səhnələri əldə olunmuşdur.[13] Nəticədə, personajların daha dəqiq təsvir edilməsinə nail olunmuşdur. Rəng tonlarının arxaplanlara və işıqlandırmaya uyğunlaşdırılması personajların sifətlərinin daha aydın görünməsinə yol açmışdır.[35] Şinkaya görə roman rəngləndirmə metodu dəqiq testlərdən sonra digər rəngləndirmə metodları arasından seçilmişdir. Roman rəngləndirmə metodu sayəsində hər personajın arxaplanla inteqrasiya olunmasına, beləliklə, işığın təbiətdə olduğu kimi dəridə refraksiya etməsinə nail olunur. Şinkay hiss etmişdir ki, bu rəngləndirmə metodu sayəsində anime digərlərindən daha öndədir.[36]
Şinkay əvvəlcə Takaonu hər kəsə kömək edən oğlan kimi təsvir etmək istəmişdir,[18] lakin hiss etmişdir ki, bir şey etmək istəyirsə, böyük həvəsə malik olmalıdır, ona görə də yaradıcı iş faydalı və qaneedici ola bilər. Potensial əl işlərindən ibarət hazırladığı siyahıdan "ayaqqabı" sözünün üzərində durmağa qərar vermişdir. Hekayə üçün ilkin planları ilə test etdikdən sonra bu ideyanı bəyənmişdir. Şinkay pinəçilərin insanlara "gəzməyə" kömək etdikləri fikrinə də gəlmişdir.[37]
Orijinal hekayəni komandanın qalan üzvlərinə ilk dəfə təqdim edərkən Şinkay öyrənmişdir ki, Yukino bilməyərəkdən özünü eqoist kimi aparır.[19] Rejissor bunu düzəltmək üçün onun şəxsiyyətinə qorxaqlıq və nöqsanlar əlavə etmişdir: bir az qanqaraldıcı hadisə baş verən kimi duyğunlarını büruzə verməsi kimi.[38] Şinkay daha sonra fikir vermişdir ki, Yukinoda görünən bu şəxsiyyət nöqsanları keçmiş sevgilisində də var idi (o bundan "She and Her Cat" adlı qısametrajlı filmində bəhs etmişdi).[18] Yukinonun şəxsiyyətini daha qaneedici etməklə yanaşı, bu şəxsiyyət nöqsanları personajın təsvir edilməsini çətinləşdirirdi, çünki o, gənc oğlana həm nöqsanlı, həm də cazibədar görünməli idi.[30][38] Şinkayın diqqətini verdiyini bir başqa cəhəti isə görünüşü idi. O düşünürdü ki, o, gözəl paltarlar və ayaqqabılar geyinməli idi. Reallıqla dəbi balanslaşdırmaq üçün Şinkay ayaqqabı dizaynerliyi ilə maraqlanmış, geyim koordinatoru və stilist ilə işləmiş və çəkiliş heyəti ilə həftəlik dəb görüşləri təşkil etmişdir.[38]
Yukinonun şəxsiyyətinin "dolaşıq realistik elementlər"indən biri onun saflıq duyğusu idi. Bunu isə ancaq səslə izləyiciyə çatdırmaq mümkün idi. Bir neçə gün səs sınaqlarına qulaq asdıqdan sonra Şinkay səsi çox da təbii olmasa da, əsasən emosional qızların rolunu ifa edən Kana Hanazavanı seçməyə qərar vermişdir. Şinkayın Hanazavanın səsindən təsirlənməsinə səbəb olan amillərdən biri də olduqca geniş ifadə diapazonuna malik olması idi.[30]
Filmin son səhnəsindən sonra Şinkay Hanazavanı layihəyə cəlb etməsindən tamamilə məmnun qalmışdı. O bilirdi ki, Yukino ağlayanda nəsə təsirləndirici bir şey olmalı idi ki, duyğuların kəskin şəkildə ifadə edildiyi vurğulansın. Şinkaya görə musiqi lazım olan effekti verə bilmirdi və Hanazava işinin öhdəsindən məharətlə və təlimatsız gəldi. Bir müsahibədə Şinkay demişdir: "Mən inanıram ki, xanım Hanazavanın ağlama səhnəsindəki performansı təkbaşına filmi tamamlayır".[39] İlk cəhddən əla şəkildə alınan bu son səhnə[40] Takao personajı üçün seyyu seçməkdə vacib rol oynamışdır. 15 yaşlı təmizürəkli oğlanı canlandırmaq üçün xeyli seyyu olsa da, Şinkay ancaq Miyu İrinonun son səhnədə lazımı effekti verəcəyi fikrinə gəlmişdir.[41] Bundan əlavə, İrino Şinkayın "Children Who Chase Lost Voices" anime filmində Şun və Şin personajlarını canlandırmışdır.[42]
İngiliscə dublaja gəldikdə isə, Şinkay ingilis dilini ana dili səviyyəsində bilmədiyinə görə ingilis dublajındakı səsləndirmənin keyfiyyəti haqqında fikir bildirmək istəməmişdir. O hiss etmişdir ki, səsləndirmə yaxşı idi, çünki personajların səslərindəki emosiyanı hiss edə bilirdi. Lakin Şinkay bildirmişdir ki, son fikir ancaq ingilisdilli izləyicilər tərəfindən səsləndirilə bilər.[14]
"Söz bağçası" filmi qısadır, təxminən 46 dəqiqə uzunluğundadır.[18][19] Bu, Şinkayın erkən işlərində görünən haldır.[18] Anime News Network-a verdiyi bir müsahibədə rejissor qısa filmlər üzərində işləməyi sevmədiyini qeyd etsə də, "Söz bağçası" filminin kinoteatrlarda nümayiş etdirilməsini planlaşdırmadığını bildirmişdir. Əvəzində isə insanların tablet, kompüter və ev teatrları vasitəsilə filmi izləyəcəklərinə ümid edirdi.[19] Başlanğıcda filmin uzunluğu müəyyənləşdirilməmişdi və Takao ilə Yukino arasındakı münasibətlərin vurğulanmasına diqqət ayrılmışdır,[18] lakin istehsal prosesinin əvvəlində filmin qısa olacağı məlum olmuşdur.[14]
Şinkay 46 dəqiqəlik filmin kinoteatrlarda yaxşı gəlir əldə etməsinin çətin olduğunu qəbul etsə də,[18] anime sənayesində bir çox şəxslər filmin kinoteatr və tədbirlərdə nümayiş etdirilməsini xahiş etmişdirlər.[19] Anime Expo 2013 tədbirində bir müsahibədə filmin distribüteri olan Toho şirkətindən bir təmsilçi vurğulamışdır ki, hekayənin keyfiyyəti və rejissorun reputasiyası filmin kinoteatrlara daşınmasında vacib rol oynamışdır.[18]
Şinkayın əvvəlki filmlərində musiqini Tenmon bəstələmişdi.[43] Lakin "Söz bağçası" filmində musiqi Daysuke Kaşiva tərəfindən bəstələnmişdir.[12][15][16] Kaşiva Şinkayın "5 Centimeters Per Second" anime filminin fanatı idi və ona bir neçə albomunu göndərmişdi. Şinkay film üçün ssenari yazarkən bu albomlara qulaq asmış və albomlardan biri filmin musiqisi üçün seçməyə qərar vermişdir. Bir müsahibədə Şinkay demişdir ki, musiqi filmin digər animelərlə müqayisədə daha unikal görünməsinin əsas səbəbi olmuşdur.[44]
Əsas mahnı "Rain" Senri Oe tərəfindən yazılmış və ifa olunmuş,[15][16] 1988-ci ildə Yaponiyanın populyar mahnılarından biri olmuşdur.[34][45][46] Şinkay universitetdə təhsil alarkən Oenin mahnısına qulaq asmaqdan zövq alırdı və filmin mövzularından birinin yağış olduğuna görə ağlına gələn ilk mahnı məhz "Rain" idi.[44] Şinkaya xüsusilə mahnının sözlərinin film kimi gündəlik həyatı əks etdirməsi xoşuna gəlmişdi. Mahnı 2013-cü ildə yenidən hazırlanmış və Motohiro Hata tərəfindən ifa olunmuşdur.[34][44] Şinkay Hata ilə bir neçə dəfə görüşmüş və Hata ilə Takaonun sənətçilik həvəsi arasındakı bənzərliyi qeyd etmişdir. Bundan əlavə, Şinkay hiss etmişdir ki, Hatanın səsi mükəmməldir, çünki səsi bir az narahat gənc adamın səsinə oxşayır və filmə kədər gətirir.[44]
Keysi Marşal Simer, QSFF direktoru
"Söz bağçası" filmi də daxil olmaqla Şinkayın filmlərində rast gəlinən əsas iki mövzu incə romantika və uzun davam edən emosiyalardır.[47] Lakin filmdə bütün diqqətin "tənha kədər"ə (koy) yönəldilməsi bir neçə səbəblə şərh edilə bilər. "The Jakarta Post" qəzetindən Sintiya Uebbə görə tənhalıq filmin sonunda – Takao Yukinonun Şikokuya köçəcəyi həqiqəti ilə üzləşdiyi anda ortaya çıxır.[13] Anime News Network-dan Luk Kerrolla görə yağış mövsümünün başa çatması və ayrılıq koy duyğusunu yaratmışdır.[48]
Beneath The Tangles-dan Kaze koy haqqındakı bu şərhlərlə və hekayə haqqında bildirilən "acılı-şirinli romantika" və "başqa bir sevgi hekayəsi" fikirləri ilə razılaşmamış, mövzunun məlum olmadığını demişdir. Əvəzində diqqətini insanın yoldaşlıq və başa düşülmə ehtiyacına yönəldən Kaze baş qəhrəmanların dostları ilə mənalı münasibətlərinin olmamasından əziyyət çəkdilərini qeyd etmişdir.[28] "Hardcore Gamer" onlayn jurnalının tənqidçisi Bredli Storm da eyni fikirlə çıxış etmişdir.[49] Baş qəhrəmanlar etdikləri söhbətlər – "söz bağçası" əsnasında yoldaşlıq tapırlar: Takao öz həvəsini bölüşəcək, Yukino isə ona qarşı insan kimi davranan şəxs tapır. Nisbətən yaşlı və təcrübəli olan Yukinoya görə Takao ilə birləşə biləcəyini öyrənəndə tənha kədərin ümidsizlik hisləri yoxa çıxmışdır. Ailəsinin dəstəyini görməyən və dostları ilə arası soyuq olan Takao isə Yukino ilə tanış olana qədər yoldaşlıq münasibətlərinin əksikliyini hiss etməmişdir. O, bu hissi romantik sevgi hissi ilə səhv salmış və bu hissin əsl təbiətini Yukino köçəndə anlamışdır. Kazeyə görə "romantik sevgi potensial olaraq belə hislərdən çiçəklənə bilərdi, lakin hekayənin mövzusu bu deyil". Əvəzində isə bölüşdükləri sevgi daha sadədir və yaş fərqini heçə sayır. Filmin sonunda hər iki personaj dostluqlarını məktublaşaraq davam etdirirlər. Bir gün yenə birləşəcəkləri və münasibətlərini yeniləyəcəkləri ümidi isə qorub saxlanılır. Lakin özlərini dünyanın qalan hissəsindən təcrid etsəydilər və Şincuku Qyoendəki bağda görüşməyə davam etsəydilər, onlar "yenidən gəzməyi öyrənə" bilməzdilər.[28]
Tənqidçilər tərəfindən müzakirə edilən mövzulardan biri də yağış və ya sudur. Sintiya Uebbə görə yağış "yerinə yetirilməmiş arzu"nu təcəssüm edir.[13] Bredli Storm isə suya hekayənin üçüncü personajı kimi baxaraq Takao və Yukinonu bir araya gətirdiyini və yeni həyatı simvolizə etdiyini bildirmişdir.[49] Kaze yağışın onların hazırkı tənhalığını təcəssüm etdiyini bildirsə də, Şinkayın yağışı kontol edilə bilməyən sevgi simvolu kimi görməsi fikrini də qəbul etmişdir. Yağışın onların tənhalığını simvolizə etdiyini açıqladıqdan sonra Kaze qeyd etmişdir ki, tanka sadəcə romantika elementi deyil, həm də Yukinonun hətta özünü tənha hiss etməsə belə onunla kiminsə qalması üçün etdiyi "sadə xahiş"dir.[28]
Anime filmi Yaponiyada 24 dekabr 2012-ci ildə anons edilmiş və ilkin buraxılış tarixi kimi 2013-cü ilin birinci yarısı kimi müəyyən olunmuşdur.[50][51] Filmlə bağlı yeniliklər Facebook vasitəsilə çatdırılmışdır.[52] 20 fevral 2013-cü ildə CoMix Wave Films studiyası YouTube vasitəsilə subtitrlı (bir neçə dildə) treyler yayımlamış[15][53][54] və filmin Yaponiyada 31 may 2013-cü ildə buraxılacağını açıqlamışdır.[53]
Aprel ayının əvvəllərində filmin dünya üzrə premyerasının Avstraliyanın Brodbiç şəhərətrafı qəsəbəsində keçiriləcək Qızıl Sahil Film Festivalında (QSFF) baş tutacağı anons edilmişdir.[24][55] Film festivalın sonunda – 28 aprel 2013-cü ildə[48] "Möhtəşəm Yaponiya" Qızıl Sahil xətti çərçivəsində nümayiş etdirilmiş və Şinkay qonaq qismində çıxış etmişdir.[24][55] Filmin premyerasının Avstraliyada baş tutmasının səbəbi avstraliyalılara verdikləri dəstəyə görə təşəkkür etmək idi.[24] QSFF direktoruna görə filmin bütün biletləri öncədən satılmış və hətta nümayiş üçün daha böyük kinoteatr seçilmişdir.[56] Dünya premyerası haqqında narahatlıq keçirən[13] Şinkay film barədə hər kəsin suallarını cavablandırmış,[48][56][57] lakin növbəti ay baş tutmuş Yaponiya premyerasına qədər hekayə və məzmun haqqında fikir bildirməmişdir.[56] Şinkay bir saat boyunca fanatlara avtoqraf paylamış,[56][57] lakin daha yüksək qatılım əldə etmək üçün iki saat yarım tədbirdə qalmışdır.[56]
Dünya premyerasından sonra filmin ilk 5 dəqiqəsi 12 mayda TV Tokyo[58][59] və NTV kanalları vasitəsilə yayımlanmışdır.[47] 22 mayda Şinkay rəsmi Twitter hesabı vasitəsilə filmin Yaponiya, Honkonq və Tayvanda eyni gündə (31 may) nümayiş etdiriləcəyini və buraxılış günündə iTunes vasitəsilə izləməyin mümkün olacağını açıqlamışdır. Bundan əlavə, Şinkayın ilin əvvəlində buraxılmış[60] "Dareka no Manazashi" adlı qısametrajlı anime filmi də "Söz bağçası" ilə birlikdə ekranlaşdırılmışdır.[61] Oktyabr ayına qədər film Yaponiyanın bir çox kinoteatrlarında nümayiş etdirilmişdir.[29]
"Söz bağçası" filminin ABŞ premyerası Anime Expo 2013 tədbiri çərçivəsində Los-Anceles Konvensiya Mərkəzində 6-7 iyul tarixlərində baş tutmuşdur. Film Sentai Filmworks tərəfindən ekranlaşdırılmış və Şinkay xüsusi qonaq qismində çıxış etmişdir.[62] Kanada premyerası Monrealda keçirilən 2013 Fantaziya Beynəlxalq Film Festivalında baş tutmuş və film burada 22-25 iyul tarixlərində ekranlaşdırılmışdır.[63][64] Madman Entertainment tərəfindən keçirilmiş Reel Anime 2013 tədbiri çərçivəsində "Söz bağçası" "Ghost in the Shell: Arise" anime filmi ilə birlikdə yenidən Avstraliyada ekranlaşdırılmışdır.[65][66][67]
"Söz bağçası" 27 sentyabr 2013-cü ildə Moskvada nümayiş etdirilmiş və Şinkay ona verilən sualları cavablandırmışdır.[29] Böyük Britaniya premyerası oktyabr ayının ortalarında keçirilmiş Şotlandiya Animeni Sevir 2013 tədbirində baş tutmuş və Şinkay da tədbirdə iştirak etmişdir.[68][69] 2014-cü ilin fevralına qədər film 11 ölkədə nümayiş etdirilmişdir.[70] 2014-cü ilin aprel ayının ortasında Amsterdam Təsəvvür Film Festivalında,[71] aprel ayının sonunda Ştutqart Animasiya Filmi Festivalında,[72] 21 mayda Nexo Anime layihəsi çərçivəsində İtaliya kinoteatrlarında,[35] iyul ayının sonunda San-Fransisko Yaponiya Film Festivalında ekranlaşdırılmışdır.[73] Azərbaycanda isə 19 fevral 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş etdirilmişdir.[1]
Teatr buraxılışının baş tutduğu gündə film iTunes-da da buraxılmışdır.[70][74] Bu isə bir film üçün nadir haldır. Bundan əlavə, film hələ kinoteatrlarda nümayiş etdirilərkən DVD və Blu-ray buraxılışları satışa çıxarılmışdır.[74] 31 mayda baş tutmuş Yaponiya premyerasından təxminən bir ay sonra – 21 iyunda filmin DVD və Blu-ray nəşrləri buraxılmışdır.[75][76] DVD 16 səhifəlik buklet və 30 dəqiqəlik bonus materiallarla (Şinkay və istehsalçı heyətinin üzvlərindən alınmış bir neçə müsahibənin qısa versiyası da daxil olmaqla) buraxılmışdır. Blu-ray versiyası da eyni bonuslarla buraxılmış, lakin bonus materialların uzunluğu 90 dəqiqə (müsahibələrin uzun versiyası) olmuşdur.[75]
24 aprel 2013-cü ildə distribüter Section23[77] və Sentai Filmworks anime filmini Şimali Amerikada ikidilli şəkildə DVD və Blu-rayda buraxmağı planlaşdırdıqlarını açıqlamışdır.[78][79][80][81] DVD və Blu-ray eyni gündə – 6 avqust 2013-cü ildə buraxılmışdır.[75][76][82]
Anime Böyük Britaniyada Anime Limited tərəfindən lisenziyalaşdırılmışdır (anons 18 oktyabr 2013-cü ildə edilmişdir).[69] 2013 Lucca Comics & Games tədbirində Dynit şirkəti filmi İtaliyada lisenziyalaşdırdığını bildirmişdir.[35] Avstraliyada Madman Entertainment animeni DVD şəklində 19 fevral 2014-cü ildə buraxmışdır.[2] Fransa şirkəti Kazé isə animenin alman dilinə dublaj edərək 28 mart 2014-cü ildə "Dareka no Manazashi" qısametrajlı filmi ilə birlikdə buraxmışdır.[27]
Midori Motohaşinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası 25 aprel 2013-cü ildən 25 oktyabr 2013-cü ilə kimi "Monthly Afternoon" jurnalında nəşr olunmuşdur. 22 noyabr 2013-cü ildə Kadokawa tərəfindən bir tankobon cildi buraxılmışdır.[83] 2014-cü ilin fevralında Şimali Amerika nəşriyyatı Vertical Katsucon anime tədbirində manqanı lisenziyalaşdırdığını açıqlamışdır.[20][76][84] Manqanın ingilisdilli versiyası 28 oktyabr 2014-cü ildə buraxılmışdır.[85]
Media Factory nəşriyyatının dəstəyi ilə Şinkay hekayə əsasında roman seriyası yazmışdır.[70] Roman seriyası 2013-cü ilin sentyabrından[70][86][87] 2014-cü ilin aprelinə[70][86][88] kimi "Da Vinci" jurnalında nəşr olunmuşdur. Filmdə və serializasiya olunmuş roman fəsillərində göstərilməyən səhnələrə malik tam roman[70] Kadokawa Shoten tərəfindən 11 aprel 2014-cü ildə buraxılmışdır.[70][89]
№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 22 noyabr 2013[83] | ISBN 978-4-06-387941-4 | 28 oktyabr 2014[85] | ISBN 978-1-939130-83-9 |
Şinkayın bir çox filmləri kimi "Söz bağçası" da daha qatı və şəxsi əhval-ruhiyyəsinə görə gənclərə və böyüklərə uyğun hesab edilmişdir.[13] Film yaxşı gəlir əldə etmiş, bir çox kinoteatrlarda əlavə ekranlaşdırmalar təklif edilmişdir.[29][90] Kinoteatrlardakı uğuruna görə film Şinkayın ən böyük hiti hesab edilmişdi.[70] Şinkay "Söz bağçası"nı ən yaxşı filmlərindən biri kimi dəyərləndirmiş[19] və tənqidçilər filmin hekayəsi barədə xoş sözlər demişlər.[74] Filmin rəqəmsal versiyası 2013-cü ilin sonunda iTunes Store-da Qərb və Yaponiya filmləri arasında 7-ci yerdə göstərilmişdir.[74] Buraxılışından bir il sonra yerli və beynəlxalq tədbirlərdə populyarlığını qorumuşdur.[90] Xəbər və tənqid saytı ICv2 filmin DVD-sini "2013-cü ilin ən yaxşıları: Anime" siyahısında göstərmişdir.[91]
Anime News Network-dan Luk Kerrol filmi tərifləmiş və onu "vizual həzz" adlandırmışdır, lakin filmin qısa olmasından razı qalmamış və Şinkayın yeni rəngləndirmə metodunu bəyənməmişdir.[48] Con Heyvard anime filmindəki səhnələrin (xüsusilə Şincuku Qyoendəki) "demək olar ki, fotorealistik"liyindən təsirlənmişdir.[92] Məsul redaktor Bambu Don filmi "əla dizayn edilmiş və zərif şəkildə animasiya edilmiş" olaraq təsvir etmişdir.[93] O, filmin qısa müddətli olmasına baxmayaraq hekayənin çox sürətli işlənməməsindən təsirlənmiş, musiqi və artı tərifləmişdir.[94]
UK Anime Network-dan Endi Henli animeyə 10 üzərindən 10 xal vermiş, onu "uyğun gələn həyəcanlandırıcı hekayəyə malik və vizual cəhətdən gözəl" adlandırmışdır. O, baş qəhrəmanlar arasındakı münasibətlərin yaş fərqinə baxmayaraq təbii inkişafını tərifləmiş və filmin emosional klimaksından zövq almışdır. Henli bildirmişdir ki, "Söz bağçası" "Children Who Chase Lost Voices" filminə nisbətən "daha möhkəm fokuslaşmaya" malikdir və sonluğu "5 Centimeters Per Second" filminin sonluğundan daha yaxşıdır. Sonda isə filmin Şinkayın ən yaxşı işi olduğunu qeyd etmişdir.[69] Dan Rods filmi "Children Who Chase Lost Voices" filmindən sonra "Makoto Şinkayın əsl qayıdışı" şəklində təsvir etmişdir. Belə ki, məhz həmin filmdən sonra Makoto Şinkayın "növbəti Hayao Miyazaki" olması ehtimalından bəhs etmişdi. Tənqidçi filmi gözəlliyinə, romantikasına, hekayənin gedişatına və incəliyinə görə tərifləmişdir. Rods sonluğun "5 Centimeters Per Second" filminin sonluğunun üzərində işlənmiş forması olduğunu qeyd etsə də, tələskənliyə yol verildiyini və həddən artıq emosional alındığını bildirmişdir. O, filmin ingiliscə dublajını sərt tənqid etmişdir.[95]
Keysi Marşal Simer, QSFF direktoru
"Hardcore Gamer" onlayn jurnalından Bredli Storm animeyə 5 üzərindən 4,5 xal vermiş, animeni "əzablı səmimi və təsirli emosional" və "indiyə qədər istehsal olunmuş ən gözəl animasiya filmi" kimi təsvir etmişdir. Filmin uzunluğuna baxmayaraq, Storm Şinkayın izləyiciləri personajlarla uzunmetrajlı filmlərdən daha tez və effektiv "bağlamasından" təəccüblənmişdir. O narahat olmuşdur ki, bəzi izləyicilər filmin incə mesajını qaçıra və filmə "sevgi kitablarından götürülmüş bayağı və ya klişe film" kimi baxa bilərlər.[49] Geekenstein-dən Kurtis Stoun animeyə 5 üzərindən 5 xal vermiş[43] və 2013-cü ildə ən bəyəndiyi 5 animenin siyahısında birinci yerdə göstərmişdir.[96] O ancaq musiqi və artı tərifləməmiş, həmçinin personajların səsləndirilməsini (xüsusilə sonuncu səhnədə) bəyənmişdir.[43] Midnight Eye-dən Lindsey Nilson "diqqəti cəlb etməyən məkanlar"ın poetik istifadəsinə görə filmi Studio Ghibli studiyası tərəfindən istehsal olunmuş "Whisper of the Heart" filmi ilə müqayisə etmişdir. O, art və musiqidən, xüsusilə arxaplanda günəşin batdığı səhnədə Dokomo qülləsinin möhtəşəm mənzərəsindən təsirləndiyini bildirmişdi. Buna baxmayaraq, tənqidçi animeni "həddən artıq kədərli klimaks"ına, "çox emosional olan" pop mahnısına və əksetdirici səssizliyin çatışmazlığına görə tənqid etmişdir.[97]
"Northwest Asian Weekly" qəzetindən Andru Hemlin animeyə 4 ulduz üzrə 3,5 ulduz vermiş, təbiətin poetik istifadəsini alqışlamış, filmi qısalığına görə tənqid etmişdir.[33] Twitch Film-dən Trunq Ru da filmin artını tərifləmiş və "dürüst və saf emosiyalar"la dolu olduğunu qeyd etmişdir.[22] Həddindən artıq emosional sonluğuna görə o, filmi "saf, xoş və bir az da sevimsiz" olaraq təsvir etmişdir. Otaku's Study-dən Sem filmə A- dərəcəsi vermiş, onu "sürükləyici məhəbbət hekayəsi" kimi təsvir etmişdir.[3] Sem həmçinin seyyuların performansını və musiqini tərifləmişdir. T.H.E.M. Anime Reviews-dan Allen Mudi artı bəyənmiş və bunun filmin qüsurlarını ört-basdır etdiyini iddia etmişdir. Belə ki, ona görə filmin əsas qüsurları qısalığı və inkişaf etdirilməmiş hekayəsi idi.[46] The Fandom Post-dan Kris Beveric artı tərifləmiş, lakin hekayənin zəif olduğunu bildirmişdir. O, hekayənin sadə, sonluğun qəfil olduğunu, baş qəhrəmanlar arasındakı yaş fərqinin "ağırlıq" yaratdığını qeyd etmişdir.[98] Emi Von (Yam-ın redaktoru) animasiyanın filmin ən yaxşı xüsusiyyəti olduğunu demiş, lakin hekayənin gedişatını də bəyənmişdir. Təkcə klimaksın qüsurlu olduğunu düşünmüşdür.[99] Anime e Manga-dan Akumetsu filmin möhtəşəm ola biləcəyini demiş, lakin hekayənin həddindən artıq "səmimi", filmin çox qısa və sonluğun çox drammatik olduğu qənaətinə gəlmişdir.[35]
iTunes Store əməkdaşları "Söz bağçası" filminə baxmağı tövsiyə etmiş və film iTunes-də 2013-cü ilin ən yaxşı animasiyası seçilmişdir.[70][74] iTunes-dəki böyük bəyənmədən əlavə,[74] "Söz bağçası" 2013-cü ildə Animation Kobe Film Mükafatına layiq görülmüşdür.[100] 2013-cü ildə baş tutmuş Fantaziya Beynəlxalq Film Festivalında uğurlu animasiyasına görə "Berserk: Golden Age Arc III – Descent" animesi ilə birlikdə Satoşi Kon mükafatını qazanmış və ən yaxşı animasiya filminə görə Auditoriya mükafatına layiq görülmüşdür.[101][102] 2014-cü ildə baş tutmuş Ştutqart Animasiya Filmi Festivalında AniFilm mükafatı ilə mükafatlandırılmışdır.[27][72][90]
Şəkilli eskizlər, orijinal art və digər materiallar 2014-cü ilin 28 iyunundan 19 oktyabrına kimi Şizuoka prefekturasının Mişima şəhərində yerləşən Ooka Makoto Kotoba muzeyində sərgilənmişdir. Za-Kai şirkəti tərəfindən idarə edilən muzeydə sərgilənən Şinkayın digər əsərləri arasında "Cross Road" reklamı (Za-Kai üçün), "She and Her Cat" və "5 Centimeters Per Second" var idi. Nümayiş etdirilən və materiallarını sərgilənən bu əsərlərdən əlavə, Takao tərəfindən dizayn edilmiş ayaqqabının surəti də eksponatlardan biri idi.[103]