Möhtəşəm Yüz İl: Kösəm (Türkcə: Muhteşem Yüzyıl: Kösem) — Tims Productions tərəfindən hazırlanan[1], Star TV tərəfindən 12 noyabr 2015 tarixində yayıma başlayan tarixi türk teleserialıdır. 2011–2014 tarixlərində yayımlanan Möhtəşəm Yüz il teleserialının davamı olaraq çəkilən serialın prodüseri Timur Savcı, ssenaristi Yılmaz Şahin, rejissorları isə Mert Baykal və Yağız Alp Akaydındır. Serialın ilk bölümləri Yunanıstanın Saqqız adasında çəkilmişdir.[2] Serialda Osmanlı padşahı I Əhmədin cülus mərasimi səhnələri üçün İstanbulun Hadımköy səmtində xüsusi studiya quruldu.[3] Bu səhnənin çəkimləri üçün Topqapı sarayının bir hissəsi ilə Babüssəadət və Babüssalam qapıları xüsusi olaraq yenidən hazırlandı.[4] Serialın mövzusu isə hələ 13 yaşında bir şahzadə ikən atası III Mehmedin vəfatı ilə taxta çıxan I Əhmədin və o illərdə saraya kölə olaraq gətirilən Kösəm Sultanın sevgisindən, ardından Kösəm Sultanın intiqam üçün girişdiyi taxt mübarizəsindən bəhs edir. Teleserial hələ televiziyada yayımlanmadan 50 fərqli ölkəyə satılmışdır.[5]
Möhtəşəm Yüz il: Kösəm | |
---|---|
Muhteşem Yüzyıl: Kösem | |
Janr |
Tarix Dram |
Rejissor | Çağatay Tosun |
Prodüser | Tims Productions |
Ssenarist | Yılmaz Şahin |
Rollarda |
Ekin Koç Beren Saat Aslıhan Gürbüz Hülya Avşar |
Bəstəkar | Aytəkin Ataş |
İstehsalçı ölkə | Türkiyə |
İl | 2015 |
Dil | Türk dili |
Mövsüm sayı | 2 |
Seriya sayı | 60 |
Seriya vaxtı | 125-155 dəqiqə |
Davametmə müddəti | 12 noyabr 2015 - 27 iyun 2017 |
Telekanal |
Star TV FOX TV |
IMDb | ID4787028 |
Format | Serial |
tims.tv/serie/muhtesem-y… | |
Vikianbarda əlaqəli mediafayllar |
Atasının ani ölümünün ardından taxta çıxan Sultan Əhməd (Ekin Koç) kiçik qardaşını edam etdirməyəcəyini deyir. Bu əsnada Safiyə Sultanın əmriylə saraya gətirilən Anastasiya (Anastasia Tsilimpiou) Sultan Əhmədə hədiyyə edilir. Anastasiya ilk öncə evinə və ailəsinə dönmək istəsə də, saray ona burada qalacağını öyrədir və beləliklə, Sultan Əhmədə aşiq olaraq Kösəm (Beren Saat) adını alır. Kösəm 4 şahzadə ilə 4 sultan dünyaya gətirir və bütün düşmanlarına qalib gələrək hasəki sultan olur. İllər sonra Sultan Əhmədin vəfatı ilə Kösəm Sultan üçün qara qış başlayır. Sultan Əhmədin qardaşı Şahzadə Mustafa (Boran Kuzum) "Əkbər və Ərşəd" sistemi ilə taxta çıxır ancaq əqlən zəif olduğu üçün taxtdan endirilərək Kösəm Sultanın ögey oğlu Şahzadə Osman (Taner Ölmez) taxta oturur. Ancaq Sultan Osman yeniçəri orudusunu ləğv edib yeni bir ordu qurmaq istədiyi üçün yeniçərilər tərəfindən taxtdan endirilərək Yeddiqüllə zindanlarında qətlə yetirilir və Sultan Mustafa ikinci dəfə taxta çıxır. Daha sonra Kösəm Sultan tərəfindən taxtdan endirilərək taxta Şahzadə Murad çıxır.
11 yaşlı oğlu taxta keçəndə "səltənət naibəsi" olan Kösəm Sultan (Nurgül Yeşilçay) bütün düşmənlərini məğlub edərək əldə etdiyi güclə yanaşı, dövləti idarə edən bir validə sultan olmuşdur. Ancaq illər keçdikcə böyüyən oğlu Sultan Murad (Metin Akdülger) artıq dövlətin əsl idarəsini əlinə almaq istəyir. IV Murad əzmi, qabiliyyəti və qüdrətiylə Osmanlı imperiyasının Qanunidən sonrakı ən böyük padşahı oldu. Digər tərəfdən ailəsini və vətənini tərk edərək qaçan Şahzadə Farya (Farah Zeynəb Abdullah) ilə bir-birini sevən Sultan Murad anasına qarşı çıxdığı taxt mübarizəsində qardaşları Şahzadə Bəyazid (Yiğit Uçan) və Şahzadə Qasımı (Doğaç Yıldız) qurban versə də, məğlub olur.
Mövsümün sonunda Validə Kösəm Sultanın kiçik oğlu Sultan İbrahimin (Tugay Mercan) səltənət illəri əks olunur. Ancaq bu dəfə əvvəlki gücünü itirən Validə Kösəm Sultan dövlət işlərindən müvəqqəti də olsa uzaqlaşır. Nəhayət, yeganə oğlunu da öz əlləri ilə taxtdan endirən və edam etdirən Validə Kösəm Sultan nəvəsi Şahzadə Mehmedi taxta oturdaraq "validə-i müəzzəm" olaraq dövlət idarəsini yenidən ələ alır. Ancaq bu dəfə ki, rəqibi vaxtilə ən yaxın adamı olan Validə Turhan Sultandır (Hande Doğandemir). Öz əliylə yaratdığı bu düşməni ilə mübarizədə nəvəsini qurban verməyə hazırlaşan Validə Kösəm Sultan özü bu planın qurbanına çevrilir və o gecə qətlə yetirilir.