Məşrutə inqilabı (1905-1911)

Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur.

İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı.

Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi.

1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi. İran parlamenti 1906–1907-ci illər konstitusiyasını dəyişdirdi və 1797–1925-ci illərdə İranı idarə edən Qacarlar sülaləsini Pəhləvi sülaləsi ilə əvəz etdi. Bununla da, Pəhləvilərin hakimiyyəti legitimləşdirildi. İnqilabı Gilan vilayətində Cəngəlilər hərəkatı (1914–1921) izlədi.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Cənubi Azərbaycanda qələbə çaldıqdan sonra, 19 mart, 1910-cu ildə Səttar xanın rəhbərliyi ilə Tehrana yürüş başlanıb. Səttar xan və Bağır xanın fədai dəstələri Təbrizdən Tehrana yola düşüblər Lakin İran monarxiyasının Rusiyanı köməyə çağırması və Rusiyanın İrana hərbi müdaxiləsi ilə inqilab süqut (1911) etdi. Təbrizə daxil olan rus qoşunları inqilabçılara divan tutdular.

Məşrutə hərəkatına siyasi qiymət

[redaktə | mənbəni redaktə et]

Məşrutə hərəkatı 20-ci əsrdə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların "pioneri" adlandırmaq olar. 1905–1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır.

Səttar xan və Bağır xan (ortada) Azərbaycan məşrutəçı inqilabçılar ilə

Məşrutə qəhrəmanları sırasına milli qəhrəmanlarımızla yanaşı müxtəlif millətlərin – farsların, kürdlərin, ərəblərin, talışların, rusların, gürcülərin, polyakların, bolqarların, hətta uzaq Amerikadan məşrutəçilərə köməyə gəlmiş insanların da xatirələrini minnətdarlıqla yad etmək gərəkdir. Bu, bir daha göstərir ki, Məşrutə hərəkatı bir ölkə çərçivəsindən çıxıb beynəlxalq ictimaiyyətin nəzər-diqqətini özünə yönəldə bilmiş xalq hərəkatı, müstəbid rejimə və onun söykəndiyi əcnəbi müdaxilələrə qarşı mütərəqqi insanların mübarizəsi və həmrəyliyi idi. Bu yolda canlarını fəda etmiş Sərdari-milli Səttar xan, Salari-milli Bağır xanla yanaşı onların vəfalı silahdaşları Əli Müsyonun, Heydər xan Əmioğlunun, Şeyx Məhəmməd Xiyabaninin, yadların əli ilə dara çəkilmiş din xadimi Siqətülislam Təbrizinin, Məmmədtağı xanın, canını və bütün sərvətini Məşrutə yolunda qoymuş Hacı Mehdi Kuzəkünaninin, son nəfəsə qədər Məşrutə bayrağını yerə qoymayan Həsən xan Bağbanın, onun qardaşı Hüseyn xan Bağbanın, "Mərkəzi qeybin rəhbərləri, fəallarının (Hacı Rəsul Sədəqyani , Hacı Əli Davafuruş, Seyid Həsən Şərifzadə, Məhəmmədəli Tərbiyət, Cəfərağa Gənceyi, Mir Bağır ağa, Mirəli Əsgəri, Ağanağı Şücai, Məhəmməd Sadiq Xameyni və s.) və minlərlə məşrutə qəhrəmanlarının adlarını çəkib əziz xatirələrini yad etmək borcumuzdur".

border=none Əsas məqalə: Əncümənlər
- Məşrutə inqilabı (1905–1911) dövrünə aid seçkili inqilabi orqanlar. Əncümənlər İranın və Azərbaycanın bir çox böyük şəhərlərində var idi və inqilabın müdafiəsində və inkişafında mühüm rol oynayırdılar. 1906 ilin sentyabrında Təbrizdə, şah sarayının məşrutənin(konstitusiyanın)verilməsinin qarşısını almaq cəhdlərinə qarşı böyüyən etiraz zamanı, hərəkatın rəhbərliyi üçün İran tarixində ilk dəfə əhali tərəfindən seçilən əncümən seçildi və bununla da bütün İranda əncümənlərin təşkil olunmasının əsası qoyuldu.[1]

Təbriz üsyanı

[redaktə | mənbəni redaktə et]

Tehranda baş verən 10(23) iyun çevrilişindən sonra irtica İranın bütün əyalətlərində hücuma keçdi. Rəştdə, Ənzəlidə, Məşhəddə, Səbzəvarda, Kuçanda, Kirmanşahda, Buşirdə, Bəndər-Abbasda, eləcə də başqa şəhərlərdə qubernatorlar şahın əmri ilə bütün əncümənləri qovdular və bir çox qəzetləri bağladılar.23 iyun 1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edəndə, Mir Haşimin başçılığı altında Təbriz irticaçıları şəhəri ələ keçirməyə və mücahidlərlə, fədailərlə və əncümənlərlə birdəfəlik haq-hesab çəkmək fikrinə düşdülər. Mir Haşimin davəçılərınə Mərənd xanı Şüca-Nizamın və Təbrizin qərb hissəsinin-Qaraməlik məhəlləsinin dəstələri də qoşuldular. İrticaçılar əvvəlcə Təbrizin, Səttarxanın fədailərinin əlində olan şimaldaki Əmirxız məhəlləsindən başqa, şimal-şərq hissəsini-Davəçı məhəlləsini, Şişgilan və Baqemişe məhəllələrini ələ keçirdilər. Şəhərin cənub-şərq hissəsi Bağır xanın fədailərinin əlində idi, onların əsas bazası Xiyaban məhəlləsi idi. Təbrizdə döyüşlər başlayandan sonra Təbriz əncüməninin mülkədar-liberal kəsimi xarici ölkələrin konsulluqlarında gizləndilər. Əncümən sədri Bəsir əs Səltənə və Əclal əl Mülk rus, hacı Mehdi Kuzəkünani və Şeyx Səlim osmanlı, Mirzə Hüseyn Vaiz -fransız konsulluqlarında bəstə oturdular. Əksəriyəti mülkədar, tacirlər və ruhanilərdən ibarət Təbriz əncüməni müvəqqəti olaraq dağıldı. Mürtəce dəstələrə qarşı mübarizəni-Təbriz sosial-demokrat mücahidlər təşkilatlarının başçıları- Əli Müsyo, Davafuruş, eləcə də Səttarxan və Bağır xan davam etdilər.

Məşrutə dövründə mətbuat

[redaktə | mənbəni redaktə et]

1905–1911 illər İran Məşritə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və ictimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı.[2]

border=none Əsas məqalə: Səttar xan
Səttar xan

Ötən yüzilin əvvəllərində Rusiyada çıxan "Novaya Vremya" dərgisinin "Xalq qəhrəmanı", İtaliya mətbuatının "İranın Hannibalı" adlandırdığı, Məşrutə hərəkatının rəhbəri Səttarxanın həyatı, onun keçdiyi mübarizə yolu, xüsusən Məşrutə hərəkatındakı tarixi rolu, sərkərdəlik məharəti və ömrümün faciəli sonluğu barədə danışan Ə.Rəhimli deyir: "Tehranın yaxınlığında, Həzrət Əbdüləzimin "Tuti" adlanan bağında adına və qəhrəmanlığına layiq olmayan çox sönük bir məzarda uyuyan Səttar Hacı oğlu 1867-ci il avqustun 16-da Qaradağda anadan olub. Atası Hacı Həsən ailəsini şəxsi təsərrüfatı və xırda alverlə dolandırarmış. Hacı Həsənin vəfat etmiş əvvəlki arvadından bir qızı və bir oğlu, sonrakı evləndiyi arvadından isə Səttar, İsmayıl və Qafar adlarında üç oğlu, bir qızı dünyaya gəlir. Səttar üçüncü oğlan uşağı idi. O, ilk təhsilini mollaxanada almış, erkən yaşlarında mədrəsəni tərk edərək təsərrüfat işlərində atasının köməkçisi olmuşdu".

Səttar uşaqlığından zirək imiş: "Çevik, uşaq oyunlarında belə məğlub olmağı sevməyən imiş, bu fərqləndirici cəhətlər onu öz yaşıdları arasında fəxri "xan" titulu ilə məşhurlaşdırmışdı. Səttarxanın böyüyüb boy atdığı ailə çarizmin, həm də şahlıq istibdadının barışmaz düşməni idi. Hər iki zülmkar rejimin əleyhinə çıxanlar çox vaxt Hacı Həsənin komasında sığınacaq tapırdılar. Çar məmurlarının zorakılığı əleyhinə olduğu üçün Arazın o biri sahilinə – Qaradağa keçən Fərhad adlı şəxs Səttarxanın qardaşı İsmayıl tərəfindən himayə olunmuşdu. Fərhadı himayə edib gizlətdiyi üçün Təbriz vəliəhdinin əmrilə İsmayıl dara çəkilmişdi.

Oğlunun dərdinə dözə bilməyən, həm də yerli məmurlar tərəfindən təqib olunub izlənilən Hacı Həsən Qaradağdan Təbrizə köçmək məcburiyyətində qalır. O, Təbrizdə uzun müddət yaşaya bilmir, xəstələnir və yenidən Qaradağa qayıdır. Az sonra burada vəfat edir və Ağyazı kəndindəki qəbiristanlıqda dəfn olunur".

Təbrizə köçdükdən sonra şəhərin sosial-siyasi mühiti və Səttarxanı əhatə edən insanlar onun dünyagörüşünün formalaşmasında, vətənə, xalqa bağlılıqda müstəsna rol oynayır: "Rejimin əleyhinə çıxan şəxsi müdafiə etdiyinə, həmin şəxsin tərəfini saxladığına görə 1898-ci ildə Səttarxan Təbrizdə həbs olunur və Ərdəbilin "Narın qala" zindanında iki ilə yaxın məhbus həyatı keçirməli olur.

Səttarxan həbsxanada tanış olduğu bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyilə zindandan qaçır. Bir müddət Təbrizdə və ətraf bölgələrdə gizli şəkildə yaşayan Səttarxan rejim əleyhinə, onun yerlərdəki məmurlarının xalqa etdikləri zülm və özbaşınalığına qarşı mübarizə aparan dəstələrə qoşulur. Bu haqda Seyid Əhməd Kəsrəvinin, İsmayıl Əmirxizinin, Kərim Tahirzadənin, Səməd Sərdariniyanın, Rəhim Rəisniyanın, Məmmədrza Afiyətin, rus şərqşünası S.M.İvanovun və başqa müəlliflərin əsərlərində dəyərli faktlar var. S.Ə.Kəsrəvinin yazdığından bəlli olur ki, Səttarxan məşrutəçilərə qoşulmazdan xeyli əvvəl dövlətin "qaçaqçı" adlandırdığı partizan dəstələri yaratmış, iqtidar nümayəndələrinə, zülmkar məmurlara və mülkədarlara qarşı hücumlar təşkil etmişdi. Rejim əleyhinə silahlı dəstələr təşkil etməzdən əvvəl Səttarxan Mərəndə gəlir və atasının tanışı Rzaqulu xanın vasitəsilə bir müddət Mərənd-Xoy-Salmas xətti üzrə yol mühafizəçisi vəzifəsində çalışır, çox keçmədən bu işi tərk edib əvvəl Tehrana, sonra isə Xorasana gedir və orada çox davam gətirə bilməyib yenidən Təbrizə dönür".

Səttarxan Təbrizə dönən vaxt artıq Təbriz rejimi əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı: "Xalq hərəkatının xofu qarşısında millətə məşrutə azadlıqları vəd edən Müzəffərəddin şahdan fərqli olaraq taxt-taca gələn Məhəmmədəli şah atasının millətə verdiyi vədləri yerinə yetirmək əvəzinə əcnəbi silahına söykənib xalqa divan tutmağa başlayır. Üstəlik İranı nüfuz dairəsinə çevirmək haqda 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı oldu. Bunun ardınca 1908-ci il iyun ayının 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutuldu. Ölkədə kütləvi həbslər və təqiblər başlandı.

Məşrutə hərəkatına ağır zərbə endirildiyi, verilmiş nisbi azadlıqların əldən alındığı, Əncümənlərin qapılarına qıfıl vurulduğu ağır günlərdə Azərbaycan, onun baş şəhəri Təbriz ayağa qalxdı. Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil etməkdə Səttarxan və onun silahdaşları başda olmaqla "Mərkəze-Qeyb"in, Müdafiə Şurasının və Təbriz əncüməninin böyük və danılmaz xidmətləri olmuşdu. Bu tarixi xidmət həm İranda, həm də onun hüdudlarından kənarda obyektiv tarixçilər və tədqiqatçılar tərəfindən dönə-dönə qeyd edilib. Məmmədəli şahın Məşrutə hərəkatına xəyanət etməsinə, rejimin işə saldığı zorakılığa və amansız cəza tədbirlərinə qarşı təbrizlilərin etirazı əvvəlcə bazar-dükanın bağlanması və kütləvi nümayişlərlə başlamışdı. Hakimiyyət orqanları və qoşun xalqa qarşı zor tətbiq etmək istədikdə məşrutəçilər zora zorla cavab vermək məcburəyyətində qalmışdılar".

Görkəmli iştirakçılar

[redaktə | mənbəni redaktə et]

Konstitusiyaçı iştirakçılar

[redaktə | mənbəni redaktə et]
  • Mirzə Nəsrulla xan — İranın seçilmiş ilk baş naziri
  • Mirzə Cahangir xan — "Sur-e İsrafil" qəzetinin yaradıcısı və redaktoru
  • Mirzə Ağa xan Kirmani — millətçi yazıçı və ədəbiyyat tənqidçisi
  • Seyid Məhəmməd Təbatəbai — məşhur din xadimi
  • Seyid Cəmaləddin Vaiz İsfahani — yazıçı və konstitusiyapərəst din xadimi
  • Seyid Hüseyn Ərdəbili — Məşhəddə aktiv olmuş siyasətçi
  • Arif Qəzvini — şair və musiqiçi
  • Mirzə Əliəkbər Dehxuda — dilçi və "Dehxuda" lüğətinin yaradıcısı
  • Mehdi Kont
  • Səttar xan — inqilabın Cənubi Azərbaycandakı lideri
  • Bağır xan — "Salar-e milli" ləqəbli inqilab iştirakçısı
  • Mirzə Kiçik xan — Gilandakı inqilabı hərəkatın rəhbəri
  • Mirzə Mülküm xan — ziyalı və modernizm tərəfdarı
  • Yeprem xan — hərbi rəhbərlərdən biri
  • Sərdar Əsəd — 1909-cu ildə Tehranı ələ keçirən Bəxtiyari tayfa rəhbəri
  • Bibixanım Astrabadi — satirist, yazıçı və İrandakı qadın hərəkatının pionerlərindən biri
  • Həsən Pirniya — tarixçi və siyasətçi
  • Əhməd Kəsrəvi — tarixçi
  • Əmənullah xan Ziyaəssəltənə — Məhəmmədəli şaha bomba hücumu etməkdə ittiham edilən və Britaniyanın müdaxiləsi ilə azad edilən torpaq sahibi və zadəgan
  • Məhəmmədtağı Bahar — şair, yazıçı, tarixçi və məliküşşüəra
  • Seyid Həsən Tağızadə — siyasətçi və tarixçi
  • Mirzə Əbdürrəhim Talıbov — ziyalı və sosial islahat tərəfdarı
  • Əbdülhüseyn xan Teymurtaş — siyasətçi və İranın gələcəkdəki ədliyyə naziri
  • Əbdülhüseyn mirzə Fərmanfərma — Abbas Mirzənin nəvəsi və görkəmli siyasətçi
  • Məhəmmədvəli xan Tənkabuni — Mazandaran və Gilandakı inqilabçı qüvvələrin lideri
  • Hovard Baskervil — Təbrizdə Səttar xanla birgə döyüşərkən vəfat edən amerikan müəllim
  • Məhəmməd Müsəddiq — liberal millətçi və İranın gələcəkdəki baş naziri
  • Murtuzaqulu xan Hidayət — siyasətçi və İran parlamentinin ilk sədri
  • Əbdülməcid mirzə Qovanlı-Qacar — Fələli şah Qacarın nəvəsi olan Qacr şahzadəsi. O, həmçinin iki dəfə baş nazir vəzifəsində də çalışmışdır.

Şeyx Fəzlullah Nuri -din xadimi. İnqilabdan sonra asılmışdır.

  • Vladimir Lyaxov — Məhəmmədəli şah Qacarın dövründə İran Kazak diviziyasının komandiri olan rus hərbçisi. Şahın əmri ilə parlament binasını mühasirəyə almış və bombardman etmişdir.
  • Axund Məhəmmədkazım Xorasani — konstitusiya tərəfdarı
  • Seyid Cəmaləddin Vaiz İsfahani — konstitusiya tərəfdarı
  • Seyid Məhəmməd Təbatəbai — konstitusiya tərəfdarı
  • Mirzə Məhəmmədhüseyn Naini — konstitusiya tərəfdarı
  • Seyid Məhəmmədkazım Yəzdi — konstitusiya əleyhdarı
  • Şeyx Fəzlullah Nuri — konstitusiya əleyhdarı
  • Mirzə Əbutalib Zəncani — konstitusiya əleyhdarı
  • С. М. Алиев История Ирана. XX век, М.: Ин-т востоковедения РАН: Крафт+, 2004.
  • М. Р. Годс Иран в XX веке: политическая история, М., 1994
  • М. С. Иванов Иранская революция 1905–1911 годов, М.: издательство ИМО, 1957
  • С. Л. Агаев. Иран в прошлом и настоящем. М., 1981 г.
  • С. Л. Агаев, Пластун В. Н. Спорные вопросы социал-демократического движения в Иране в 1905–1911 гг. // Иран: история и современность. М., 1983 г.
  • Вопросы Истории. 1980 г. № 5.
  • Л. М. Кулагина. Экспансия английского империализма в Иран в конце XIX — начале XX вв. М., 1981 г.
  • M. S. Ordubadi, Dumanlı Təbriz. Bakı, 1966.

http://www.azadliq.org/media/soundslide/24670155.html

  1. Новая история Ирана. Хрестоматия.Издательство "Наука"Главная редакция восточной литературы. Москва 1988 səh 184–187
  2. Bakı-Təbriz. Dünya azərbaycanlılarının dərgisi. 2007 № 9 səh. 37–38 "Amalımız, əfkarımız iqbali-vətəndir…"(Məşrutə dövrü mətbuatına bir nəzər). Pərvanə Məmmədli