1918–1919-cu illər Almaniya inqilabı (alm. Deutsche Revolution) və ya Noyabr inqilabı (alm. Novemberrevolution) — 1918-ci ilin noyabrında Almaniya imperiyasında baş vermiş inqilab[1][2][3].
Noyabr inqilabı | |
---|---|
November Revolution | |
| |
Yer | Almaniya |
Tarix | 4 noyabr 1918 — 11 avqust 1919 |
Səbəb | Almaniya imperiyasının iqtisadi blokadası, Avstriya-Macarıstanın məğlubiyyəti, Üçlər ittifaqının dağılması |
Nəticə | monarxiyaya son qoyulması, Veymar Respublikasının yaranması |
Hərəkətverici qüvvələr | fəhlələr, əsgərlər, xırda burjuaziya |
Vikianbarda əlaqəli mediafayllar |
İnqilab |
---|
Kateqoriya |
1914–1918-ci illəri əhatə edən Birinci Dünya müharibəsi ilk növbədə Almaniya-İngiltərə ziddiyyətlərinin son dərəcə kəskinləşməsi üzündən başladı. Almaniya Birinci dünya müharibəsinə ona görə başladı ki, o, imperialist təamları stoluna gecikmişdi, gücləndiyi vaxt günəş altında boş torpaq qalmamışdı. Ona görə də XX əsrin əvvəllərində Almaniya dünyaya meydan oxuyaraq belə hesab edirdi ki, o bu stoldan kimi isə durğuzmalı, bu əsrdə o, ya "çəkic", ya da "zindan" olmalıdır. Birinci dünya müharibəsi başlandıqdan 1916-cı ilə qədər üstünlük Almaniyanın tərəfində idi. Əgər Almaniya 1915-ci ildə Rusiyanı müharibədən çıxara bilsəydi, yəqin ki, müharibənin taleyi bəlkə də başqa cür həll olunardı. Lakin 1915-ci ildə o bu məqsədinə nail ola bilmədi.
1918-ci ildə, yəni müharibənin son ilində Almaniyada həm də sosial partlayış yaranmaq üzrə idi. Bunu həmin ilin yanvar ayında ölkədə 1,5 mln-a qədər fəhlənin tətil etməsi bir daha göstərdi. Ölkə iqtisadi çətinliklə üzləşdi. Almaniya Rusiya ilə Brest-Litovsk sülhünü bağladıqdan sonra bütün qüvvələrini yenidən cəmləşdirərək yay hücumunə böyük ümid bəsləyirdi. Lakin yay hücumunda ABŞ qoşununun Avropada Antantanın tərəfində ilk dəfə hərbi əməliyyatlarda iştirak etməsi Almaniyanın vəziyyətnin daha da ağırlaşmasına səbəb oldu. 1918-ci il avqustun 8-də Almaniya qoşunları qəti məğlubiyyətə uğradılar və bu, Almaniyanın tarixinə "qara gün" kimi daxil oldu. Bu hadisədən sonra Almaniyanın Birinci dünya müharibəsində məğlubiyyəti qaçılmaz oldu. Hadisələrin gedişini diqqətlə izləyən şahzadə Maks Bodenskinin başçılıq etdiyi Almaniya hökuməti 1918-ci ilin oktyabrın 5-də ABŞ prezidenti Vudro Vilsona məktub göndərərək sülh danışıqlarına başlamağı təklif etdi. Hökumət həmçinin yetişən inqilabi böhranın qarşısını almaq üçün bir sıra islahatlar keçirdi. Belə ki, hökumət parlament qarşısında məsuliyyət daşımalı idi. Siyasi məhbuslara amnistiya verildi. Sosialist partiyasının liderləindən olan Karl Libknext həbsxanadan azad edildi. Ölkədə yetişməkdə olan inqilabın qarşısını almaq üçün hökumət manevrlərə də əl atmalı oldu. O, Almaniyanın şimalında Kil limanında yerləşən matrosları dənizdə İngiltərə donanması ilə döyüşə çıxarmaq istədi. Almaniya hökumətinin bu işdə iki məqsədi vardı. Hökumət belə güman edirdi ki, Əgər Almaniya donanması qalib gələrdisə, kütlələrdə vətənpərvərlik əhvali-ruhiyyəsi artar və onlar inqilab fikrindən əl çəkərdilər. İkinci halda, yəni matroslar məğlub olardılarsa, bunun günahını inqilabi əhvali-ruhiyyəli kütlələrin üzərinə yıxmaq və onların üzərinə hücuma keçib inqilabın qarşısını almaq olardı. Lakin hadisələrin gedişi hökumətin gözlədiyi kimi olmadı.
1918-ci il noyabrın 3-də Kil limanının matrosları dənizə çıxmaqdan imtina etdilər və tətil etdilər. Onların tətili bütün ölkədə tətil və nümayişlərin başlamasına səbəb oldu. Həmin gün Almaniya tarixinə inqilabın başlanması tarixi kimi daxil oldu.
Almaniyada noyabr inqilabını dörd mərhələyə bölmək olar:
Almaniyadakı inqilab öz xarakterinə görə burjua-demokratik inqilabı idi. Bu inqilab öz qarşısına monarxiyanı devirmək və demokratik respublika qurmaq məqsədini qoymuşdu. Noyabrın 9-da inqilab Berlində qələbə çaldı və monarxiya devrildi. Kral II Vilhelm və şahzadə Maks Badenski heç bir müqavimət göstərmədən hakimiyyətdən əl çəkdilər. Almaniyada Hohensolernlər sülaləsinin mövcudluğuna son qoyuldu. Kral Hollandiyaya getdi. 1918-ci ilin noyabrın 10-da təşkil edilən hökumət Xalq Müvəkkilləri Şurası adlandı və ona sosial-demokrat Fridrix Ebert başçılıq etməyə başladı. O, Almaniya sosial-demokrat partiyasının liderlərindən idi. Həmin gün Karl Lipqnext Almaniyanı sosial respublika elan etdi.
Bolşeviklərin qırmızı terrordon istifadə etmələrinin acı təcrübəsini müşahidə edən Almaniya sosial-demokratları vətəndaş müharibəsinə imkan vermədilər. Ona görə də Almaniyada Noyabr inqilabı "məxməri inqilab" adlandı. Birinci dünya müharibəsi Almaniyaya çox böyük zərər vurdu. Müharibədə Almaniyaya vurulan maddi və hərbi zərər 161 milyard marka olmuş, 2 mln. adam ölmüş, 1 mln əsir düşmüş, 4 mln adam isə yaralanmışdı. Almaniya öz əhalisinin 1/10, ərazisinin isə 1/8 hissəsini itirmişdi. Dəmir filizinin çıxarılması 75 %, daş kömür çıxarılması isə 20% azalmışdı. Almaniyanın dirçəlməsi üçün xeyli vaxt lazım idi.
1918-ci ilin sonunda ölkədə baş verən hadisələrlə əlaqədar olaraq, sinfi qüvvələrin qruplaşması və yeni siyasi partiyaların yaranması prosesi sürətləndi. İlk növbədə fəaliyyətdə olan partiyalar öz sıralarına yenidən baxdılar. Bu partiyalardan biri hələ 1869-cu ildə Almaniyanın Eyzenax şəhərində təşkil edilmiş Almaniya sosial-demokrat partiyası idi. Müharibə dövründə bu partiyadan üç qanad ayrılmışdı. Onlardan biri 1916-cı ildə təşkil olunmuş "Spartakçılar" qrupu idi ki, bunlar daha sol mövqedə dururdular. İkinci qrup "mərkəzçilər" qrup idi ki, bu qrup barışdırıcılıq mövqeyində dururdu. Sosial-demokrat partiyasından ayrılan üçüncü qrup isə 1917-ci ilin aprelində Almaniya Müstəqil sosial-demokrat pratiyasını (AMSDP) təşkil etmişdi. AMSDP müharibəni imperialist müharibəsi elan etsə də, barışdırıcılarla əlaqəni kəsmirdi: 1918-ci ilin dekabrın 30-da "Spartak" qrupu Almaniya kommunist partiyasını təşkil etdi. Onun ən görkəmli liderləri K. Libknext və R. Lüksemburq idi. 1918-ci ilin sonunda burjua partiyalarında da yenidən təşkilolunma prosesi başlandı. Bu paritiyalardan biri Almaniyada monarxiyanın tərəfdarı olan Almaniya milli xalq partiyası idi. Bu partiya iri mülkədarları və qolçomaqları, bir sıra inhisarçıları, yüksək rütbəli məmurları, irticaçı zabit korpusunun maraqlarını müdafiə edirdi. Bu mühafizəkarlar, qisasçılar, monarxistlər, militaristlərin partiyası idi. Onun rəhbəri Huqenberq idi. İkinci partiya isə ağır sənaye inhisarçılarını və maliyyə oliqarxiyası quruplarını təmsil edən Ştrezemanın başçılıq etdiyi Alman xalq partiyası idi. Üçüncü burjua partiyası tərkibində əsasən, elektrotexnika və kimya sənayesi inhisarlarının sahiblərini, orta sahibkarlar, bankirlər, dövlət qulluqçuları və ziyalıları birləşdirən Almaniya demokrat partiyası idi. Onun liderləri B. Ratenau, E. Kox və başqaları idi. Onlar ölkədə respublika idarə formasının tərəfdarları idi. Bismarkın dövründə təşkil edilmiş Katolik Mərkəz partiyası da öz tərkibini yenidən qurdu. Bu partiya əsasən ağır sənayedəki katolik dairələrinin, iri mülkədarların maraqlarını müdafiə edirdi. Onlar katoliklərin əksəriyyət təşkil etdiyi rayonlarda, xristian həmkarlar ittifaqlarında kütləvi bazaya malik idilər. Ona M. Ertsberqer, Y. Virt, V. Marks başçılıq edirdilər. Burjuaziya öz əlində çoxlu sayda mətbuat orqanları saxlamış, xüsusi təbliğat mərkəzləri təşkil etmişdi ki, əhalini əks-inqilabi ruhda kökləyə bilsin.
Hakimiyyətdə olan sosial-demokratlar 1918-ci ilin dekabrın 16-dan və 21-nə qədər keçirilmiş Ümumalman sovetlər qurultayında Almaniyada sovet respublikasının qurulmasına yol vermədilər. Qurultay ancaq 1919-cu il yanvarın 19-da Müəssislər məclisinə seçkilər haqqında qərar qəbul etdi. Qurultayın qərarı ilə razı olmayan sosial-demokratların sol qanadı 1919-cu il yanvarın 5-də hakimiyyəti ələ almaq üçün Berlində üsyan təşkil etsə də, Ebert hökuməti tərəfindən bu üsyan yatırıldı. Karl Libknext və Roza Lüksemburq isə 1919-cu ilin yanvar ayının 15-də öldürüldü. 1919-cu ilin yanvarın 19-da Müəssisələr məclisinə keçirilən seçkilərdə burjua partiyaları 54,5%, sosial-demokratlar isə 45,5% səs aldılar. Berlində xalq həyəcanlarından qorxuya düşən hökumət qərara aldı ki, Müəssislər məclisini Türingiyanın paytaxtı Veymarda keçirsin.
1919-cu il fevralın 6-da işə başlayan Müəssislər məclisi Almaniyanı respublika elan etdi. Ebert prezident seçildi. Şeydeman hökumətin başçısı, Noske daxili işlər naziri təyin edildi. 1919-cu ilin aprelin 13-də Bavariyada Sovet respublikası təşkil edildi. Lakin bu respublika çox yaşamadı. 1919-cu il mayın 4-də daxili işlər naziri Noskenin (Onu "inqilabın qanlı köpəyi" adlandırırdılar) başçılıq etdiyi qoşun hissələri Bavariyanın paytaxtı Münhenə daxil oldular və sovet qoşunlarını məğlub etdilər. Bu Noyabr inqilabının Almaniyada sonu demək idi.
1919-cu il iyunun 28-də xarici işlər naziri sosial-demokrat Müller Versal sülhünü imzaladı. Bu sülhdən təxminən bir ay sonra 1919-cu ilin iyulun 31-də Veymarda Almaniya respublikasının konstitusiyası qəbul edildi və avqustun 11-də qüvvəyə mindi. 1933-cü ilə qədər Almaniya respublikası tarixə Veymar respublikası adı ilə düşdü. Veymar konstitusiyasına görə Almaniya parlamentli federal quruluşlu prezident respublikası elan edildi. Almaniya parlamenti iki palatadan ibarət idi. Yuxarı palata reyxstaq adlanır və lantaqların, yəni torpaqların nümayəndələrindən təşkil edilirdi. Aşağı palata isə reyxstaq, yəni ölkə məclisi adlanırdı. Seçib-seçilmək hüququ 20 yaş müəyyənləşdirildi. O, dörd ildən bir əhalinin ümumi sayına görə seçilirdi. 1871-ci il konstitusiyasından fərqli olaraq, Veymar konstitusiyasında demokratik azadlıqlar öz əksini tapmışdı. Prezident ümumi səsvermə yolu ilə yeddi il müddətinə seçilirdi. Reyxstaqın 68 nəfər üzvündən 27-si prezident tərəfindən təyin edilirdi. Konstitusiya prezidentə xüsusi səlahiyyətlər verirdi. Onun 25-ci maddəsinə görə prezident parlamenti buraxa bilərdi. 48-ci maddəyə əsasən prezident ölkədə fövqəladə vəziyyət elan edə bilərdi. Konstitusiyaya görə Almaniyanın muxtar dövlətlərə – torpaqlara bölünməsi saxlanıldı. Landlar, yəni torpaqlar, muxtar dövlət hüququ ilə Almaniyanın tərkibinə daxil olurdular. Onların qanunverici orqanı isə landtaqlar idi. Konstitusiyaya görə qanunverici hakimiyyət reyxstaqa və lanqtaqlara məxsus idi. O zaman Almaniyada landtaqların sayı on yeddi idi. Konstitusiya xüsusi mülkiyyəti qorumağa təminat verirdi. Ümumiyyətlə, konstitusiya nəticəsində Almaniya yunker-burjua Almaniyasından burjua-yunker Almaniyasına çevrildi. Veymar konstitusiyasının tətbiq edilməsi Noyabr inqilabının böyük nailiyyəti və Almaniyada burjua-demokratik prinsiplərin inkişafı və möhkəmlənməsi yolunda mühüm addım oldu.
Konstitusiya qəbul ediləndən sonra da Almaniyada inqilabi əhvali-ruhiyyə davam etməkdə idi. Bu isə ilk növbədə yuxarı dairələri narahat edirdi. Ona görə də onlar çarəni faşist partiyasını yaratmaqda gördülər. Almaniyada ilk faşist partiyası 1919-cu ilin yanvarında Anton Dreksler tərəfindən Almaniya fəhlə partiyası adı ilə yarandı. Onun proqramı 1920-ci ildə qəbul edildi və orada Böyük Almaniya yaratmaq ideyası irəli sürüldü. Bu partiyanın liderləri tezliklə müəyyən etdilər ki, Almaniyada həm millətçilik, həm də sosializm ideallarına sədaqət çox güclüdür. Ona görə də 1921-ci ildə onlar bu partiyanın adını dəyişdirərək Almaniya nasional-sosialist fəhlə partiyası (NSDAP) adlandırdılar. Ümumiyyətlə, Almaniya faşistləri özlərini faşist yox, "nasist" adlandırırdılar. 1921-ci ildən bu partiyaya Adolf Hitler başçılıq etməyə başladı. Həqiqi adı Adolf Şkilqruber olan Hitler Avstriyanın Braunau şəhərində anadan olmuş və 1932-ci ilə qədər Avstriya vətəndaşlığını saxlamışdır. O, marksizm, sionizm, pasifizmin düşməni olsa da, sosializm ideyalarından istifadə edərək özünə geniş sosial baza yaratmağa çalışırdı. Adolf Hitler 1914-cü ildə Birinci dünya müharibəsi başlayarkən könüllü müharibəyə getmiş, yaralanmış, yefreytor rütbəsi almışdır. O, belə hesab edirdi ki, müharibədə Almaniyanın məğlubiyyətinin əsas səbəbi yəhudilərin pozuculuq siyasəti və xəyanəti, həm də Almaniya sosial-demokratiyasının alman xalqına arxadan zərbə vurmaları olmuşdur. Almaniya nasional-sosialist fəhlə partiyası XX əsrin iyirminci illərinin əvvəllərində fəhlə hərəkatına təsir etmək qüvvəsinə o qədər də malik deyidi və miskin bir varlığa bənzəyirdi. Versal sülhü və Veymar konstitusiyasına münasibət iki istiqamətdə özünü göstərirdi. Bunlardan biri liberal, ikincisi mühafizəkar istiqamət idi. Liberal istiqamət tərəfdarları belə hesab edirdilər ki, mövcud şəraitlə barışmaq vacibdir. Veymar konstitusiyası çərçivəsində hərəkət edib Versal sülhünün şərtlərini Almaniya üçün yumşaltmaq lazımdır. İkinci istiqamət tərəfdarları isə belə hesab edirdilər ki, bunların heç biri ilə barışmaq lazım deyil, Almaniyada monarxiyanı yenidən bərpa etmək lazımdır. Bu məqsədlə 1920-ci ilin martın 13-də Bavariya mülkədarı Kappın başçılığı ilə Berlində qiyam baş verdi. Qiyamçılar Milli Məclisin buraxılmasını, yeni prezident seçkiləri keçirilməsini, reyxsverin ixtisarından imtina edilməsini, hərbi canilərin Antanta ölkələrinə verilməsini tələb edirdilər. Hökumət bu ultimatumu rədd etdi. Qiyam o qədər güclü idi ki, hökumət Ştutqarta qaçmalı oldu. Lakin Berlin fəhlə sinfinin qətiyyətli mövqeyi qiyamın yatırılmasına və hökumətin Berlinə qayıtmasına səbəb oldu. Almaniyada monarxiyanın bərpası məsələsinə birdəfəlik son qoyulmuş oldu. Hökumətə Bauer başçılıq etməyə başladı.
1920-ci ilin iyununda keçirilən parlament seçkilərində burjua partiyaları 58% səs alaraq çoxluq təşkil etdilər. Katolik Mərkəz partiyasının liderlərindən olan Ferenbaxın başçılığı altında hökumət təşkil edildi. Onun tərkibinə sosial-demokratlar daxil olmadılar. Bu hökumətin dövründə Almaniya ilə ABŞ arasında 1921-ci il avqustunda separat sülh bağlandı. 1921-ci ilin noyabrında keçirilən parlament seçkilərində hökumətə Katolik Mərkəz partiyasından olan Virt gəldi. Onun dövründə müharibədən məğlub, iqtisdiyyatı dağılmış vəziyyətdə çıxmış Almaniya öz qəddini düzəltmək üçün yollar axtarmağa başladı. Qaliblər arasındakı ziddiyyətlərdən istifadə edən Almaniya 1922-ci ilin aprelin 16-da İtaliyanın Rapallo şəhərində Sovet Rusiyası ilə müqavilə imzaladı. Bu, Almaniyanın diplomatik və iqtisadi təklənməkdən xilas olmaq yolunda atdığı ilk addım idi. Almaniyada sosial-siyasi sabitlik yaratmaq o dövrün ən mühüm vəzifəsi idi. 1922-ci ilin noyabrından Almaniya hökumətinə Kuno başçılıq etdi. Bu dövrdə ən xarakterik hadisə 1923-cü ilin yanvarında Belçika və Fransa dövlətinin Almaniyaya qoşun yeritməsi oldu. Buna bəhanə isə Almaniyanın təzminat verməsini gecikdirməsi idi. Hökumət çətin vəziyyətdə qaldığına görə passiv itaətsizlik kampaniyasını irəli sürdü. Almaniyanın kömür ehtiyatlarının 72%-i, çuqun və polad ehtiyatının 50%-i Fransa və Belçika qoşunlarının soxulduğu Rur hövzəsində idi. Almaniya ciddi maliyyə və iqtisadi böhranla qarşılaşdı. Əgər 1919-cu ildə Almaniyada bir dollar on dörd marka təşkil edirdisə, 1923-cü ildə bir dollar yüz doqquz min markaya bərabər idi. Almaniya hökumətinin bu ağır vəziyyəti İngiltərə və ABŞ hökumətinin ciddi narahatlığına səbəb oldu və onların ciddi təzyiqi nəticəsində Fransa və Belçika qoşunları 1923-cü ilin sonunda Almaniya ərazisini tərk etdilər. 1923-cü ilin avqustunda Kuno hökuməti istefa verdi və hökumətə Almaniya xalq partiyasının lideri olan Ştrezeman başçılıq etməyə başladı.
1923-cü ilin dekabrında katolik mərkəz partiyasından olan Vilhelm Marks "Kiçik koalisiya hökuməti" təşkil etdi. 1923-cü ilin dekabrından 1924-cü ilin fevralınadək 75 fövqaladə qanun qəbul edildi. Mühasirə vəziyyəti ləğv edildi. Kommunist partiyası açıq fəaliyyətə keçdi. "Rentabelli iqtisadiyyata keçid proqramı" elan edildi. İş günü 9–12 saata çatdırıldı. İşsizləri işlə təmin etmək üçün yeni iş yerləri açıldı. Əlillərə pensiya verildi. Müharibədə ziyan çəkmiş müəssisələr kompensasiya aldılar. 1924-cü ilin əvvəllərindən isə hökumətə sosial-demokrat Lüter başçılıq etdi. 1923-cü ildə Almaniyanın Saksoniya, Bavariya, Trungiya torpaqlarında xalq hərəkatı gücləndi. Hətta Hamburqda üsyan baş verdi. Bu vəziyyətdən istifadə edən faşistlər yenidən fəallaşdılar. 1923-cü ilin noyabrın 8-də Münxendə pivəxanalardan birində Hitlerin başçılıq etdiyi faşistlər qiyam təşkil etmək haqqında qərar qəbul etdilər. Lakin məğlub oldular. Bu qiyam tarixə "pivə qiyamı" kimi daxil oldu. Hitler isə beşillik həbs cəzasına məhkum edildi, lakin cəmi 6 ay yatdı. Bu müddətdə silahdaşları Moris və Gessə "Mənim mübarizəm" kitabını diktə edib yazdırdı. Faşistlər ona görə hakimiyyətə gələ bilmədilər ki, o dövrdə Almaniya burjuaziyasının faşistlərə ehtiyacı yox idi. Alman sosial demokratları burjuaziyaya hakimiyyətlərini gücləndirməkdə kömək edirdi. Sosial-demokratlar xalqı inandırırdılar ki, sosial islahatlar yolu ilə fəhlə sinfinin vəziyyətini yaxşılaşdırmaq mümkündür.
1923-cü ilin sonunda Almaniya iqtisadi və maliyyə böhranından ilk növbədə ABŞ və İngiltərə hökumətlərinin verdiyi kreditlər hesabına çıxa bildi və 1924-cü ildə kapitalizmin nisbi sabitləşməsi dövrünə qədəm qoydu. Bu proses 1929-cu ilə qədər davam etdi və bu dövr Almaniya tarixinə "qızıl dövr" kimi daxil oldu.