Seyid Məhəmməd Təbatəbai (tam adı: Seyid Məhəmməd Seyid Əbdülkərim oğlu Təbatəbai, fars. میرزا سید محمد طباطبائی; ləqəbi: Səngilaci (fars. سنگلجی; 22 dekabr 1842, Kərbəla – 28 yanvar 1920, Tehran) — İran Məşrutə hərəkatının dini rəhbərlərindən biri.
Seyid Məhəmməd Təbatəbai | |
---|---|
Doğum tarixi | 22 dekabr 1842 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 1920 (77 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | fəqih |
Vikianbarda əlaqəli mediafayllar |
Seyid Məhəmməd Seyid Əbdülkərim oğlu Təbatəbai 1842-ci ildə Kərbəla şəhərində doğulmuşdu.
Böyük müctəhidlərdən Hacı Seyid İsmayıl Behbəhani, Seyid Məhəmmədsadıq Səngələci, sonra Hacı Şeyx Hadı Nəcmabadi, daha sonra Seyid Məhəmməd Təbatəbai və başqaları "Adəmiyyət cəmiyyəti"nə yardım göstərmiş və bəzi ruhanilər cəmiyyətin sıralarında fəaliyyət göstərmişlər.
Mütləqiyyətlə ruhanilər arasında olan mənafe toqquşmaları bu cəmiyyətin tədbirləri nəticəsində tədriclə şiddətlənmiş, bu iki mühüm qüvvə arasında olan fasilə getdikcə dərinləşərək və 1891-ci il "Tənbəki üsyanı"nda özünün yüksək mərhələsinə çatdırılmışdır. Bu mühüm məsələnin—mütləqiyyətlə ruhanilər arasında ziddiyyətin kəsginləşməsinin gələcək tarixi hadisələr üçün xüsusilə məşrutə inqilabı üçün faydalı nəticələri olmuşdur.
Məşrutə inqilabının başlandığı vaxtda hərəkət başçılarından Seyid Məhəmməd Təbatəbainin kütlələrə təsir göstərən nitqləri və fəaliyyəti mütləqiyyəti təşvişə salmışdı. Hökumət tərkibində nazir vəzifəsində iştirak edən Naserülmülk Təbatəbaini inqilabi hərəkatdan çəkindirmək məqsədilə 1906-cı ilin iyul ayında ona yazdığı məktubda özünü məşrutə hərəkatı tərəfdarları kimi qələmə verərək, eyni zamanda məşrutə üsuli-idarəsinin İran xalqları üçün hələ vaxtı gəlib çatmamasından, məktəblərin sayını artırmağın, savadlı adamlar hazırlamağın faydalı nəticələr verəcəyindən uzun bəhs etmişdir.
Qeyd etmək lazımdır ki, Təbatəbai özü də framason cərəyanına mənsub idi, lakin o, framason cərəyanından xalqın oyanması və azadlıq mübarizəsinə qoşulması xeyrinə istifadə etməyə çalışırdı. Təbatəbai framasonun "Ədalət", "Bərabərlik", "Qardaşlıq" şüarlarını sözün həqiqi mənasında qəbul edir, framason cəmiyyətinə və ümumiyyətlə mütərəqqi siyasi cəmiyyətlərə rəğbət bəsləyirdi.
İranda burjua inqilabının və burjua demokratiyasının bərqərar edilməsi vaxtının gəlib çatmamasını öz məktubunda Təbatəbaiyə inandırmağa və onu təkidlə sübut etməyə çalışan Naserülmülk 1907-ci il avqust ayında məşrutə hökumətinin baş nazirlyini çox minnətdarlıqla qəbul etmişdir. 1911-ci il dekabr ayında o, irticaçı çevrilişdə əsas rol oynayaraq, öz vəzifəsindən istifadə etməklə, milli şura məclisinin bağlanması və nümayəndələrin ordudan qovulub çıxarılması haqqında əmr vermişdir.
Seyid Məhəmməd Təbatəbainin Seyid Məhəmmədsadıq adlı oğlu vardı.