Mədət Çoşqun (doğum adıyla Mədəd İsa oğlu İsmayılov; d. 18 iyun 1938, Azərbaycan Gəyliyən kəndi, Başkeçid rayonu, Gürcüstan SSR, SSRİ) — azərbaycanlı şair, publisist və ictimai xadim.
Mədəd Coşqun | |
---|---|
Mədəd İsa oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Gəyliyən, Başkeçid rayonu, Gürcüstan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan Respublikası |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Ziyafət Həsən qızı Əliyeva |
Uşaqları | Sədaqət İsmayılova, Mətanət İsmayılova, Ədalət İsmayılov, İsa İsmayılov |
Atası | İsa İsmayıl oğlu |
Anası | Xanım Əjdər qızı |
Təhsili | A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutu |
Fəaliyyəti | şair, jurnalist |
Əsərlərinin dili | Azərbaycan |
Janrlar | Şeir, poema |
Mədəd İsa oğlu İsmayılov 1938-cı il iyunun 18-də Borçalıda Dmanisi (Başkeçid) rayonunun Azərbaycan Gəyliyən kəndində anadan olmuşdur. 1959-cu ildə Dmanisi rayonu Qızılkilsə kəndində orta məktəbini qızıl medalla, 1961-ci ildə isə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Tarix-Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Tbilisidə nəşr olunan "Samqori" qəzeti Mədəd Coşqunun ilk iş yeri olub. İnstitutu bitirdikdən sonra o, Dmanisi rayonuna qayıdıb, Qamışlı kəndində səkkizillik məktəbin direktor müavini, Dmanisi rayonunun yerli radio verilişləri redaksiyasının redaktoru, rayon partiya komitəsinin ideologiya şöbəsində təlimatçı vəzifələrində çalışıb. Mədəd Coşqun uzun illər Dmanisidə iki dildə (gürcü və Azərbaycan) çıxan "Trialeti" adlı rayon qəzetində Azərbaycan şöbəsinin redaktoru olub.[1] Borçalıda milli qarşıdurma dövründə Mədəd Coşqunun Gürcüstanda sonuncu iş yeri olan "Trialeti" qəzetinin Azərbaycan dilində nəşri 1991-ci ildə dayandırılıb.[1] Gürcüstanda azərbaycanlıların milli zəmində sıxışdırılmasının, yeni-yeni başlayan köç prosesinin qarşısını almaq, soydaşlarımızı məlumat blokadasından çıxarmaq üçün Mədəd Coşqun "İnam"[2] adlı qeyri-leqal qəzet yaradaraq Borçalıda yayımlamağa başlayır. Mədəd Coşqun Dmanisidə 1992-ci ilə qədər mübarizəsini davam etdirir.[3] 1992-cü ildə o ailəsi ilə Gürcüstandan köçməyə məcbur qalır.
M. Coşqun müxtəlif illərdə "Ozan", "Qeyrət" və "Borçalı" kimi ictimai birliklərin fəallarından olub.[4] Həmçinin o, Bakıda nəşr olunan "Kəndin səsi", "Azərbaycan dünyası", "Rabitə dünyası" qəzetlərinin redaktoru olmuşdur.[5]
Mədəd Coşqun SSRİ Jurnalistlər İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Həyat və yaradıcılığı haqqında tanınmış alim, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı "Mədəd Coşqunun poeziya yaradıcılığında özünəməxsusluq" adlı kitab yazmış, Bakıda ("Borçalı",2014, 2016) və Tbilisidə ("Universal",2015) nəşr etdirmişdir.
Mədəd Coşqunun şeir və məqalələri 1960-cı ildən etibarən "Sovet Gürcüstanı", "Samqori", "Axali Marneuli", "Trialeti", "Qələbə bayrağı" (Gürcüstan), "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Kommunist", "Azərbaycan dünyası", "Kəndin səsi", "Rabitə dünyası", "Şərqin səsi" (Azərbaycan) və s. qəzetlərdə, "Pioner" jurnalında ("Bənövşə" poeması 1967-ci il), Azərbaycanın və Gürcüstanın dövlət radio-televiziyalarında səslənib.[6] Mədəd Coşqunun şeirləri həmçinin "Çeşmə" (Tbilisi, 1980), "Dan ulduzu" (Tbilisi, 1987), "Addımlar", (Bakı, 1994, 1995, 1997), "Ədəbi Gürcüstan" (Tbilisi, 2007, 2012), "Azərbaycan ədəbiyyatı antologiyası. Borçalı" (Bakı, 2008) ədəbi məcmuələrində dərc edilib.
Mədəd Coşqun novator şairdir — ilk dəfə dörd, iki və hətta bir hecalı şerləri dünya poeziyasına məhz Mədəd Coşqun gətirib.[7][8][9] Mədəd Coşqun nəinki dörd, iki, birhecalı şeir yazmışdır. O, həm də dördhecalı şeirlərdə daxili qafiyələr yaratmışdır:[10]
Mədəd Coşqunun əsərləri gürcü, rus, türk, abxaz, ingilis dillərində çap edilmişdır.
Mədəd Coşqun "Trialeti" qəzetinin redaktoru işlədiyi müddət ərzində gənc şair və yazarlara istiqamət vermiş, ədəbiyyata təzə-təzə addım atmış yaradıcı insanların bələdçisi olmuş və onların ilk şerlərini çap etmiş. Mədəd Coşqun bir çox şair və yazarların kitablarının ön sözünün müəllifidir. Və bu gün heç də təsadüf deyil ki, Azərbaycanın və Borçalının sevilən və oxunan Knyaz Aslan, Səadət Buta, Etimad Başkeçid, Qəzənfər Mənsimoğlu[11] və başqaları Mədəd Coşquna "üstadım" deyə müraciət edirlər.[12]
Mədəd Coşqun şair-tərcüməçi kimi də məhsuldar fəaliyyət göstərib. Belə ki, o, Y.Şiqayevin, Lesya Ukrayinkanın, D. Kuquldinovun, Nikolos Barataşvili, Qalaktion Tabidze, Teymuraz Canqulaşvili, Şota Xodaşeni, Georgi Sereteli, Giorgi Qiqauri və s. şairlərin şerlərini Azərbaycan dilinə tərcümə etmişdir.[13] Ədəbiyyatşünas professor Əflatun Saraclı gürcü şairi N. Narimanidzenin "Görən hara gedir?" şeirini misal gətirərək yazırdı: "Mədəd Coşqunun tərcüməsində şeirlər Azərbaycan dilində yaxşı səslənir".[14]
Fəlsəfə elmləri doktoru, professor Teymuraz Cəfərli isə qeyd etmişdir ki, "…Mədəd Coşqunun əsərlərinin gürcü, rus, abxaz dillərinə tərcüməsi də fərəhli haldır".[15]
N | Əsərin adı | Bəstə | Sözlər | İfa |
---|---|---|---|---|
1 | "Vurğunum" | Nəriman Məmmədov | Mədəd Coşqun | İlhamə Quliyeva |
2 | "Salam Vətən" | Ədalət Mədədoğlu | Mədəd Coşqun | Adil Vəliyev |
3 | "Vətəndən küsmək olmaz" | Ədalət Mədədoğlu | Mədəd Coşqun | Adil Vəliyev |
4 | "Necə unudum səni" | Adil Vəliyev | Mədəd Coşqun | Adil Vəliyev |
5 | "Kəndimiz" | Adil Vəliyev | Mədəd Coşqun | Adil Vəliyev |
6 | "Zuleyxa" | Adil Vəliyev | Mədəd Coşqun | Adil Vəliyev |
7 | "Dağlara-dağlara" | Aşıq Vəkil | Mədəd Coşqun | Aşıq Vəkil |
Həmçinin Mədəd Coşqunun "Borçalı", "Dağlar", "Dağlara-dağlara", "Ərşə çəkilər kişilərin yuxusu", "Başkeçidin obaları, elləri" və s. populyar şeirləri el aşıqları, ozanlar və bədii qiraətçilər tərəfindən ifa edilməkdədir.
Mədəd Coşqun 1959-cu ildə tələbə yoldaşı Ziyafət Həsən qızı Əliyeva ilə ailə qurub.
Dörd övladı olub:
Mədəd Coşqunun atası: İsa İsmayıloğlu (1905–1942) İkinci Dünya müharibəsində itkin düşmüş hesab edilir.[17]
Əmisi: Musa İsmayıl oğlu Borçalıda ünlü qaçaqlardan olub və Qaçaq Musa adı ilə tanınıb.[18]
Atasının əmisi Molla Mustafa (XIX əsrin ortaları—XX əsrin əvvəli) Borçalıda nəkşibəndiyyə təriqətinin öndəgedən simalarından olmuş. Hal-hazırda da Azərbaycan Gəyliyəni kəndində onun məzarı pir olaraq ziyarət edilir.
Anası: Xanım Əjdər qızı (1918–1992).
Dayısı Mürsəl Əjdər oğlu (1908–1968) Borçalıda tanınmış el sənətkarı, dəfçi olub.
Dayısı Paşa Əjdər oğlu (1933–2008) Borçalının tanınmış zurnaçısı olub.[19]