Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məhərrəmlilər və yaxud Məhərrəm uşağı — Şimal-qərbi Azərbaycan ərazisində əsasən Qax və Şəki rayonları ərazisində məskunlaşmış ən böyük[1] nəsillərdən biri.
Bu nəslin soykökü ilə bağlı əldə edilən məlumatlar tək xarakter daşıyır. Məhərrəmlilər oğuzların Yıva qolundan olan Baranlı Sülaləsi ilə bağlayır. Anadoluda QaraYusif tərəfindən əsası qoyulmuş Qaraqoyunlular Ağqoyunlu Şahı Uzun Həsən tərəfindən ləğv edildikdən sonra bu nəslin sağ qalan Bir hissəsi Azərbaycana köç edərək Azərbaycanın Qazax, Zaqatala, Qax ərazilərinə və cənubi Dağıstanın Ulukosor mahalında məskunlaşmışlar. Yıvaların fəaliyyəti nəticəsində Qazaxda Şəmşədil sultanlığı, Azərbaycanın şimal-qərbində isə Car-Balakən azad icması və İlisu sultanlığı yarandığı iddia edilməkdədir.
Nəslin nümayəndələrinin qoruyub saxladiqları tam olmayan arxeoqrafik və geneoloji materiallara görə onların sələflərinin XVI əsrin sonlarında Osmanlı ordusunun tərkibində gəlmış Yıva tayfasindandır. Kipr fatehi Lələ Mustafa Paşanın Qafqaza yürüşü zamanı Tiflisin alınmasında önəmli rol oynamış bu tayfanın nümayəndələri sonralar Özdəmiroğlu Osman Paşanın hakimliyi dövründə Şirvanın şimal-qərb sərhədini qorumaq məqsədilə Şimali Azərbaycan və cənubi Dağıstan ərazilərində bir sıra müdafiə məqsədli yaşayış məskənləri salmışlar. Bunlardan biri də məhərrəmlilərin ilk dövrlərdə məskunlaşdıqları Sögüt kəndi (cənubi Dağıstanda indiki Rutul rayonuda eyniadlı kənd) hesab olunur. Adını tayfanın ana vətəni olan Domaniç yaylağının Sogüt kəndindən götürdüyü bilinməkdədir.
Şəki rayonundakı Göynük və Biləcik, Qax rayonu ərazisindəki İlisu, Lələpaşa (Lələ Mustafa Paşanın adı ilə bağlıdır), Lələli, Qındırğa, Armudlu Dəmirqazıx (Qanıxçayın sol sahilində qədim yaşayış məskəni), Pir Osman kurqanı və bunun kimi onlarla yer adları da həmin dövrdə Osmanlı Türkiyəsi ərazisindən gətirilmə toponimlər hesab olunur.
Məhərrəmlilər bir müddət sonra İlisuda Qaradolaq məhəlləsinin əsasını qoymuşlar. Məhərrəmlilərin sələfləri olan şəxslər 1844-cü ildə Daniyal sultanla birlikdə Şeyx Şamilin tərəfinə keçmiş və uzun müddət ruslara qarşı vuruşmuşlar.Bu nəsildən olan Səid bəy Daniyal Sultanın naibi kimi Andalal mahalını idarə etmişdir.
Qafqaz müharibəsi sona çatdıqdan sonra onların bir hissəsi Rusiya imperiyası dairələri tərəfindən təqib olunduqları üçün Avarıstanının Ulukosor mahalının İrib (hal-hazırda Gilan) və Ratlub (hal-hazırda Bilt) aullarında yaşayışlarını davam etdirmiş, digər qismi isə yenidən İlisuya geri qayıtmış, bir necə ailə isə Zaqatalanın Yuxarı Tala kəndinə köçərək Dürüstoba məhəlləsini salmışlar.
Bu təqiblərin nəticəsidir ki, Məhərrəmlilər sonralar dörd əsas qola ayrılmaqla (Damad oğlu, Surxay oğlu, Hasip oğlu, Kərəm oğlu) müxtəlif soyadları götürmək məcburiyyətində qalmışlar. Belə ki, hal-hazırda Məhərrəmlilərin Azərbaycanda yaşayan nümayəndələri Məhərrəmov, Əhmədov, Rəşidov, Babayev, Xəlilov, İmamov, Həsilov, Məmmədov,Qafulov soyadlarını daşıyırlar. Maraqlı faktdır ki, İlisu sultanlarının nəsil şəcərəsi ilə bağlı ilk məlumatlar XIX əsrin ortalarında, alman əsilli rus tədqiqatçısı A.İ.Fon-Plottoya, bu soyun nümayəndəsi, Zaqatala dairəsində dövrünün tanınmış elm adamı olan ilisulu Hacıbaba Əfəndi (hazırda onun xələfləri Babayev soyadını daşıyırlar) tərəfindən verilmişdir. Sonralar bu məlumatlar yazılı mənbə şəklində hansısa yolla Dağıstanda Mahaçqala arxivinə aparılmışdır. Molla Abid oğlu Allahverdi tərəfindən tərtib olunan bu yazının tarixi 1700-cü ilə aiddir və yaşadığı dövrü hələ də araşdırılmamış Qax hakimi Məlik Turqay haqqındakı məlumatlar məhz bu mənbədə öz əksini tapmışdır.
İlisuda yaşadıqları dövrdə nəslin bir qrup üzvü Zaqatala dairəsinin erməni əsilli rəisi ştabs-kapitan Behbud Martirosoviç Şelkovnikovla aralarında yaranan münaqişə nəticəsində 1869-cu ildə Osmanlıya köç etmişlər. Bir müddət Osmanlıda İzmir ətrafında zeybəklərin içərisində məskunlaşmış və onlarla birlikdə başıpozuq dəstələrinin tərkibində könüllü olaraq qeyri-nizami ordu sıralarında vuruşmuşlar. Onlar bolqar millətçiləri Todor Kableşkov və Georgi Benkovskinin başçılıq etdiyi Aprel üsyanının yatırılmasında yaxından iştirak etmiş, daha sonra isə rus-türk müharibəsinə qatılaraq ön dəstələrin tərkibində rusların piyada birliklərinə qarşı vuruşmuşlar. 1915-ci ildə Gelibolu yarımadasında Çanaqqala döyüşlərində Kilidbahir qalasının müdafiəsində və Anafartalar cəbhəsində Anzak birliklərinə qarşı vuruşduqları məlumdur.
Həmin döyüşlərdən sonra sağ qalmış nəslin 17 (say tam dəqiq deyil) nəfər nümayəndəsi Çanaqqalanın Biqa ilçəsinin Sarıca kəndində və Eceabat ilçəsində və həmin ilçənin Biqalı kəndində yaşayışlarını davam etdirmişlər. Azərbaycan ərazisində yaşayan Məhərrəmlilər sovet hakimiyyəti illərində 1918-ci il erməni-müsəlman davasındakı iştirakına görə repressiyaya məruz qalmışlar.
İlisu kəndindəki digər böyük nəsillərdən biri olan Seyidəlilər ilə eyni qan bağına malik olduğu bilinməkdədir.
Bu nəsildən olan bir çox şəxs Azərbaycan ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli yer tutmuş və tuturlar.