Məmmədağa Məmmədəli oğlu Umudov (27 may 1949, Əmircan) — bəstəkar, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008).[1][2]
Məmmədağa Umudov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Uşaqları | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Umudov Məmmədağa Məmmədəli oğlu 1949-cu il may ayının 27-də Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 84 və 97 nömrəli məktəblərdə almışdır. Əmircandakı musiqi məktəbinin tar sinfini bitirmişdir. 1968-ci ildə Asəf Zeynallı adına musiqi texnukumunu bitirmişdir. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsinin tar ixtisası (1973) və bəstəkarlıq (1977) fakültəsini bitirmişdir. Bəstəkar Cövdət Hacıyevin tələbəsi olmuşdur.[3][4]
Tələbəlik illərinin ilk yaradıcılıq axtarışları nəticəsində kamera instrumental və simfonik janrda bir sıra əsərlər, o cümlədən "12 prelüd", "Fortepiano triosu" (1973–75), fortepiano üçün prelüdlər və sonatına (1974–75), variasiyalar, simli kvartet və s. yazır. Həmin illərin məhsulu olan "Simli kvartet" ilk dəfə 1978-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti Dekadasında böyük müvəffəqiyyətlə səslənmişdir. 1978-ci ildə I simfoniyası dirijor Ramiz Məlikaslanovun rəhbərliyilə Azərbaycan Televiziyasında, 1980-ci ildə "Gənclik" uvertürası dirijor Əli Cavanşirin rəhbərliyilə səsləndirilmişdir. 1983-cü ildə "Xoreoqrafik simfoniya"nı, 1984-cü ildə tarla simfonik orkestr üçün "Konsert", 1987-ci ildə "Fortepiano triosu" və digər onlarla əsərlər yazmışdır.
1990-cı illərdə yazdığı əsərlər sırasında solo violin üçün "Sonata" (1992) ilk dəfə 1994-cü ildə Bakı Dövlət Filarmoniyasında solist Xalq artisti, professor Sərvər Qəniyevin, "Düşüncələr" adlı simli orkestr üçün simfoniyası 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında Orqan və Kamera Musiqi Zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və orkestrin bədii rəhbəri, Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə müvəffəqiyyətlə səslənmişdir.
Böyük simfonik orkestr üçün yazılmış növbəti III simfoniyası da bəstəkarın iri həcmli əsərləri sırasında özünəməxsus yer tutur. Eləcə də "Qobustan" simfonik poeması (2012), Violin və simfonik orkestr üçün "Konsert" (2014), "Balet süitası" (2014), "Konsert pyesi" (2015) kimi əsərləri bəstəkarın yaradıcılığının çoxşaxəliyindən xəbər verir. İlk dəfə "Qobustan" simfonik poeması 2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında Bakı Musiqi Akademiyasının böyük zalında Əməkdar incəsənət xadimi, Niyazi adına Simfonik Orkestrin baş dirijoru Azad Əliyevin, "Balet süitası", 2014-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyi münasibətilə keçirilən silsilə tədbirdə Bakı Dövlət Filarmoniyasında Beynəlxalq müsabiqələr laureatı, Əmədar artist Əyyub Quliyevin; "Konsert pyesi" 2015-ci ildə Orqan və Kamera Musiqi Zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və orkestrin bədii rəhbəri, Xalq artisti Teymur Göyçayevin; 2015-ci ildə Violin və simfonik orkestr üçün Konsert Bakı Dövlət Filarmoniyasında ilk dəfə dirijor, Xalq artisti, professor Rauf Abdullayevin dirijorluğu ilə solist Cəmilə Qarayusiflinin ifasında səsləndirilmişdir.
Son illərdə yazdığı əsərlərdən "Qələbəyə doğru" 2 marşı və "Cahargah" Muğam simfoniyasını göstərmək olar. "Cahargah" muğam-simfoniyası son əsərləri sırasında xüsusilə fərqlənir.[3] Məmmədağa Umudov simfonik muğam janrına bir qədər fərqli müraciət edərək, özünəməxsus musiqi dili olan orijinal bir əsər yaratmışdır. Simfonik orkestr və solistlər: xanəndə, tar, balaban, zurna və bədii qiraətçi üçün yazılmış bu əsərdə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin "Muğam" poemasından istifadə etməklə, bəstəkar yeni bədii ifadə vasitələri yaratmağa çalışmışdır.
Məmmədağa Umudov son illərdə Fortepiano üçün 7 pyes və 2 marş (2017); fortepiano üçün 9 prelüd (2017);[5] sözləri Vüqar Əhmədə məxsus fortepiano və xor üçün "Cümhuriyyət marşı" (2018),[6] xor üçün "Sülhdür məramımız" əsəri və Violin və orkestr üçün Konsertin (2018) bəstəkarıdır.
Tar ilə simfonik orkestr üçün Konsert ilk dəfə 1985-ci ildə Bakı Dövlət Filarmoniyasında dirijor Ramiz Məlikaslanov, solist Ramiz Quliyevin, 2011-ci ildə II Beynəlxalq Muğam Festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dirijor Fəxrəddin Kərimov və solist Sahib Paşazadənin ifasında səslənmişdir.
Bəstəkarın müxtəlif konsert salonlarında müəllif konsertləri də keçirilmişdir. Bunlardan 16 noyabr 2016-cı ildə Azərbaycan Milli Konservatoriyasında keçirilən tədbiri, eləcə də 14 mart 2017-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqında baş tutan müəllif konserti və "Alətşünaslıq" kitabının təqdimat mərasimi,[7] 6 mart 2019-cu ildə Niyazinin ev-muzeyində keçirilən tədbirləri qeyd etmək olar.
Azərbaycanın bir çox görkəmli musiqiçiləri onun musiqisinə müraciət edir. Dirijorlardan xalq artistləri Rauf Abdullayev, Ramiz Məlikaslanov, Teymur Göyçayev, Fəxrəddin Kərimov, Əməkdar İncəsənət xadimi Azad Əliyev, Məmmədağa Umudovun əsərlərini səsləndirmişlər. Xalq artisi Ramiz Quliyev (tar), Əməkdar artist Sahib Paşazadə (tar), Beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli (violin), Xalq artisi Sərvər Qəniyev (violin) və digərləri bir sıra əsərlərinin ifaçısı olmuşlar.[3]
Məmmədağa Umudov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2008-ci il sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.[1]
Məmmədağa Umudovun yetirmələri respublikanın müxtəlif musiqi müəssisələrində çalışaraq, musiqi mədəniyyətinin inkişafına öz töhfələrini verirlər. Pedaqoji fəaliyyətinə Bakı Kitabxanaçılıq Texnikumunda başlayan Məmmədağa Umudov 1968–77-ci illərdə bu texnikumda, 1977–2005-ci illərdə isə Asəf Zeynallı adına Bakı Musiqi kollecində, eyni vaxtda, yəni 1978–1988-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim kimi çalışmışdır. 2005-ci ildən Azərbaycan Milli Konservatoriyasının professoru vəzifəsində çalışır.[3]
Məmmədağa Umudov ailəlidir, üç övladı var. Böyük qızı Ülkər Umudova şahmat üzrə FİDE tərəfindən beynəlxalq dərəcəli hakim pilləsinə layiq görülən ilk azərbaycanlı qadındır.[8][9] Digər qızı — şahmat üzrə qadınlar arasında beynəlxalq qrosmeyster Nərgiz Umudova 2006-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvüdür. O, yığmanın heyətində Olimpiada (2006, 2008, 2010, 2012, 2016) və Avropa (2007, 2011, 2013) çempionatlarının iştirakçısı olub.[10] Digər qızı Günay Umudova isə hazırda 1 nömrəli Şahmat Məktəbində müəllim kimi fəaliyyət göstərir.[11]