Əlizadə Mirzəağa Hacıbala oğlu (15 mart 1910 – 5 may 1981) — azərbaycanlı bioloq alim, biologiya elmləri doktoru (1959), professor (1962), AEA-nın müxbir üzvü (1968), AMEA-nın həqiqi üzvü (1980).[1]
Mirzəağa Əlizadə | |
---|---|
Mirzəağa Hacıbala oğlı Əlizadə | |
Doğum tarixi | 15 mart 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 5 may 1981 (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Mirzəağa Əlizadə 1910-cu il mart ayının 15-də Bakının Əmircan kəndində neftçi ailəsində anadan olmuşdur. 1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1936–1940-cı illərdə Moskva şəhərində Gübrə və Aqrotorpaqşünaslıq İnstitutunda bitki fiziologiyası sahəsində görkəmli rus alimi professor Dmitri Anatolyeviç Sabinin (1989–1951) rəhbərliyi altında elmi fəaliyyətə başlamışdır. O, paxlalı bitkilər tərəfindən molekulyar azotun fiksasiyası sahəsində elmi işlər aparmış və alınan nəticələr əsasında namizədlik dissertasiyasını müdafiə etmişdir (1940).[1]
Dmitriy Sabinin digər məşhur rus akademiki, Stalin repressiyası illərində Saratov həbsxana xəstəxanasında həlak olmuş Nikolay İvanoviç Vavilov (1887–1943) ilə birgə biologiya elmində ideoloji üsulları tədbiq etmiş akademik Trofim Lısenkonun (1898–1976) elmi əleyhdarlarından olmuş və 1951-ci ildə Gəlincik səhərində intihar dərəcəsinə çatdırılmışdır. Akademik Mirzəağa Əlizadə SSRİ-də hökmran olan belə bir gərgin şəraitdə özünün elmi fəaliyyəti ilə məşğul olmuşdur, həmin illər cəza tədbirləri hər an ona da toxuna bilərdi.
Özünün elmi rəhbəri professor Dmitriy Sabinin haqqında "Müəllim və gənclərin dostu" adlı xatirələri 1981-ci ildə akademik Mirzəağa Əlizadənin ölümündən bir qədər sonra "Наука" nəşriyyatında nəşr olunmuşdur.
Mirzəağa Əlizadə 1941-ci ilin iyun ayından 1943-cü ilin dekabrına kimi ordu sıralarında olmuş, Krım uğrundakı döyüşlərdə iştirak etmişdir. 1944-cü ilin əvvəllərində kənd təsərrüfatı mütəxəssisi kimi ordudan tərxis olunmuşdur. Cəbhədən qayıtdıqdan sonra, 1943–1944-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda əvvəlcə baş elmi işçi, sonra direktor müavini vəzifəsini icra etmişdir. 1944–1961-ci illərdə Azərbaycan Elmi Tədqiqat Çoxiillik Bitkilər İnstitutu və Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutlarında laboratoriya müdiri kimi fəaliyyət göstərmişdir.[1] O, Lənkəran Bölgə-Təcrübə Stansiyasının direktoru, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Elm İdarəsinin rəisi kimi vəzifələrdə çalışmışdır.
Elmi fəaliyyətində çay kolunun fiziologiyası sahəsində tədqiqatlar xüsusi yer tutur. Onun tərəfindən müəyyən edilmişdir ki, boy prosesində nuklein turşuları, xüsusilə də RNT (ribo-nuklein turşusu) çox mühüm rol oynayırlar. Çay kolu ilə aparılan tədqiqatların nəticələri sistemləşdirilərək doktorluk dissertasiyası şəklində yazılmış və 1959-cu ildə Moskva şəhərində SSRİ EA Fiziologiya İnstitutunda müvəffəqiyyətlə müdafiə edilmişdir.
1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda Bitkilərin Fiziolojı Genetikası Laboratoriyasına rəhbərlik etmişdir. Mirzəağa Əlizadə 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü olmuşdur.[1]
Azərbaycanda biologiya elminin inkişafında onun əməyi çox böyükdür. 200-dən artıq elmi məqalə, 4 monoqrafiya, dərsliklərin və bir neçə ixtiranın müəllifidir. Rəhbərliyi altında 15 elmlər namizədi və 4 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. Hazırkı dövrdə akademik M. A. Əlizadənin elmi fəaliyyətindən istifadə edilməsi müstəqil Azərbaycan Respublikasının kənd təsərrüfatının inkişafına böyük köməklik göstərə bilər.[1]
Akademik M. A. Əlizadənin Azərbəycan neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovla qohumluq əlaqələri olmuşdur.
Azərbaycanın məşhur alimləri – EA-nın həqiqi üzvləri-akad. İmam Mustafayev, akad. Həsən Əliyev, akad. İlyas Abdullayev, akad. Cəbrayıl Hüseynov, akad. Ələkbər Quliyev, akad. Şamxal Tağıyev, akad. Validə Tutayuq, akad. Valeri Ulyanişşev, akad. Urxan Ələkbərov, akad. Vəli Axundov, EA-nın müxbir üzvləri Kazım Ələkbərov, Əbdürrəhman Güləhmədov, Məmmədəmin Salayev, elmlər doktorları İdris Axundzadə, Mirəli Axundov ilə səmimi münasibətləri olmuşdur.
Mirzəağa Əlizadə 1944-cü ildə Zeybə xanım Baləmi qızı Süleymanova (01.06.1926-15.05.2012) ilə evlənmişdir. Oğlu Hacı Əlizadə (1946–2010) mühəndis idi, Fuad Əlizadə (1948) mühəndis-texnoloqdur, onun iki oğlu, üç nəvəsi vardır. Qızı Elmira Vəkilova (1954) kənd təsərrüfatı elmləri namizədidir (1989). Qızının iki qızı və üç nəvəsi vardır.
Mirzəağa Əlizadə 1981-ci il may ayının 5-də Bakıda vəfat etmiş, Əmircan kəndində dəfn olunmuşdur.[1]
Mirzəağa Əlizadə SSRİ-nin iki "Şərəf nişanı" ordeni (1946 və 1966) və müxtəlif medalları ilə təltif edilmişdir.[1]