Qızıl payız-69 (azərb-kiril. Гызыл пајыз-69) — 23–29 oktyabr 1969-cu il tarixlərində Bakının Əl oyunları sarayında estrada, muğam və caz janrları üzrə keçirilən musiqi həftəsi. Festival Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (UİLKGİ) və Bakı Şəhər İcraiyyə Komitəsinin mədəniyyət şöbəsi tərəfindən keçirilmişdir.
Qızıl payız-69 | |
---|---|
Гызыл пајыз-69 | |
| |
Janr | estrada, rok, caz, muğam |
Başlayır | 23 oktyabr 1969 |
Bitir | 29 oktyabr 1969 |
Məkan | Əl oyunları sarayı, Bakı |
Ölkə | Azərbaycan SSR |
Vikianbarda əlaqəli mediafayllar |
1960-cı illərin sonları, 1970-ci illərin əvvəllərində Bakıda müxtəlif mahnı və rok müsabiqələri keçirilirdi. "Qızıl payız-69" keçirilən "Qızıl payız" festivallarının birincisi idi və özündən əvvəlki Bakı musiqi festivallarını özündə birləşdirirdi. Bu, həm tamaşaçı sayına, həm də ifaçıların peşəkarlıq səviyyəsinə görə özündən əvvəlkilərdən daha uğurlu hesab olunurdu. Belə ki, festivalda 400-dən artıq bədii özfəaliyyət dərnək üzvləri iştirak edirdi ki onların əksəriyyəti peşəkar musiqiçilər idi. Tamaşaçıların sayı on minlərlə idi.[1]
Konsert həftəsinin proqramına Azərbaycanda həmin dövrün populyar musiqi janrları üzrə müsabiqələr daxil edilmişdi — estrada mahnısı, muğam və caz musiqi ifaçılarının müsabiqələri. Onlar uyğun olaraq "Estrada-69", "Muğam-69" və "Caz-69" adlanırdı və hər biri iki gün davam edirdi. Hər müsabiqə üzrə qaliblər təyin olunaraq onlara "festivalın laureatı" adı verilir və onlar birinci, ikinci və üçüncü dərəcəli diplomlarla təltif olunurdular.
Növbəti, "Qızıl payız-71" festivalına hazırlıq ərəfəsində, 1970-ci ildə Bakıda universitetlərarası "AZİ-1970", "AQU-51" müsabiqələri keçirildi.[2]
III Bakı estrada mahnıları festivalı "Estrada-69" — 1969-cu ilin 23 və 24 oktyabrında keçirildi. Bakı şəhərinin on üç kollektivindən otuza yaxın müğənniləri bu festivalın qalibi olmaq üçün mübarizə aparırdılar. Müsabiqənin münsiflər heyətinə Azərbaycan SSR əməkdar incəsənət xadimi, bəstəkar Zakir Bağırov sədr olmaqla Rauf Atakişiyev, Cabir Novruz, Oqtay Kazımov, Leonid Vaynşteyn, Vaqif Mustafazadə, Rafiq Babayev və başqaları daxil idi.[3]
Festivalda "Ekspress-118", "3+2", "Melodiya", "Minor", "Цвет" (azərb. Rəng), "Qamma", "Məşəl", "Odlar", "Günəş", "Qara Qayalar", "Ritm" və başqa qruplar iştirak etmişdilər. Vokalçıların əksəriyyəti ilk dəfə şouda iştirak edirdilər.[4] Burada Sovet, Azərbaycan və xarici bəstəkarların bəstələdiyi kompozisiyalar azərbaycanca, rusca, ingiliscə və farsca ifa olunurdu.
Festivalın ilk günündə yalnız Azərbaycan bəstəkarlarının yeni mahnıları səsləndirildi. Müsabiqədə Tofiq Babayevin və Xəyyam Mirzəzadənin mahnıları, eyni zamanda əvvəlki festivalların qalibləri Eldar Behbudzadə və Cavanşir Zeynallı mahnıları ilə yanaşı, həvəskar müəlliflər tərəfindən bir çox mahnılar təqdim olunmuş və ümumilikdə 25 yeni mahnı səsləndirilmişdi.[5]
Həmin gün bəstəkar Oqtay Kazımovun şair Cabir Novruzun sözlərinə yazdığı "Ey həyat, sən nə qəribəsən?!" mahnısı beynəlmiləl vokal ansamblının — Bakı şəhərində təhsil alan ADR tələbələrindən Yen Ruda və Pris Kotenin, kubalı Radi Fernandes və əlcəzairli Sedim Melum Eldaimin ifasında səsləndirildi. Leninqraddan gəlmiş Vaqif Hüseynov gitarası ilə Bakıya həsr etdiyi mahnını ifa etdi. Daha sonra "Odlar" instrumental ansamblı çıxış edərək "Evləri var xana-xana" Azərbaycan xalq mahnısını ifa etdilər.[6]
Konsertin davamında 26 Bakı Kommissarı adına təmir-mexanika zavodunun "Günəş", İliç adına neftçilər mədəniyyət sarayının "Qamma", Bakı şəhər zabirlər evinin "Melodiya" qrupları və başqa kollektivlər çıxış etdi. Estrada ifaçıları sırasında Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi, müğənni Emin Babayev, gənc bəstəkarlar Eldar Rüstəmov (Səid Rüstəmovun oğlu), Eldar Behbudov, Eldar Bağırov, Tünzalə Qəhrəmanova da var idi. Tədbirdə Azərbaycanın rayonlarından və qonşu ölkələrdən gələn qonaqlar da iştirak edirdi.[7]
Festivalda həmçinin Azərbaycan Dövlət Neft Müəssisələrini Layihələşdirmə İnstitutunun "Цвет" (azərb. Rəng) vokal-instrumental ansamblının, D.Bünyadzadənin adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu simfonik cazının, "Məşəl" ansamblının, müğənnilərdən Bijan Əlizadənin, İsmayıl Abdullahinin və başqalarının çıxışları oldu.[8] "Məşəl" qrupunun solisti Bijan Əlizadə öz mahnısı ilə çıxış etdi.[6]
Əl oyunları sarayında "Qızıl payız" musiqi həftəsinin proqramına daxil olan üçüncü Bakı estrada mahnı festivalının ilk günü gecə saatlarında başa çatdı. Buradakı bütün tamaşaçı tribunası tamamilə dolmuşdu. Festivalın ilk günündə Bakıdan 17 qrup çıxış etmişdi. Bu festival həm tamaşaçıların sayına, həm də ifaçıların peşəkarlıq səviyyəsinə görə özündən əvvəlkilərdən daha uğurlu hesab olunurdu.[9]
Oktyabrın 24-də Azərbaycan Politexnik İnstitutunun tələbəsi və "Ritm" qrupunun solisti Elmar Muradov "Bəri bax" mahnısını ifa etdi. Həmin gecə "3+2" ansamblından Cavanşir Zeynallı Azərbaycan xalq mahnısı "Evləri var xana-xana" mahnısını, "Məşəl" ansamblının solisti Bijan Əlizadə "Bahar gəldi" adlı İran mahnısını oxudu.[3] Bundan əlavə konsertdə "Ay bəri bax" mahnısı yeni ahənglə səsləndirildi. Eldar Behbudzadənin "Xəzər" mahnısı da ifa edilmişdi.[10]
Festivalda Zabitlər evindən matroslar ifaçılar da iştirak edirdi. Onlardan 19 yaşlı solist Fazil Məmmədov dənizçi formasında səhnəyə çıxaraq "Kapitan Qrantın uşaqları" filmindən mahnı, Xəyyam Mirzəzadənin isə bir mahnısını oxudu.[11]
Festivalın növbəti mərhələsi — "Muğam-69" oktyabrın 25-i və 26-da keçirilmiş, burada Bakı ilə yanaşı Şuşa, Ağdam və Kirovabaddan gələn həvəskar və tanınmış musiqiçilər iştirak etmişdilər.[4] Muğam ifaçılarının yarışına Azərbaycan xanəndəsi Xan Şuşinski başda olmaqla respublikanın xalq artisti Sara Qədimova, əməkdar artist Sahib Şükürov, Hacıbaba Hüseynov, bəstəkar-müəllim Hacıbaba Həsənov, filologiya elmlər namizədi Vəli Məmmədov və başqalarından ibarət münsiflər heyəti hakimlik edirdi.[12]
"Muğam-69" festivalının ilk günü "Bayatı-Şiraz" ilə açıldı. Muğamı tarda Tofiq Zeynalov ifa edirdi. Onun ardınca Asəf Zeynallı adına Musiqi Məktəbinin tələbəsi, Bakıdan Elmira Əliyeva "Mirzə Hüseyn segahı", Canəli Əkbərov "Heyratı", Məmmədəli Məmmədov "Rast", Cəfərqulu Cəfərquliyev isə "Bayatı-Şiraz" muğamlarını oxudular. "Rahab" muğamı Maştağadan olan üç qardaşın – İsmayıl, Sabir və Balaş Ələkbərovların ifasında səsləndirildi. Onlardan A.Zeynallı adına Bakı musiqi məktəbinin muğam sinfinin məzunu və həmin dövrdə Bülbülə mədəniyyət evinin müdiri olmuş İsmayıl tarda, Sabir isə kamançada Balaşı müşayiət edirdi.[12] Onlar birlikdə "Rahab" muğamını, Sabir və tarda başqa ifaçı isə solo və "Orta Mahur" muğamını ifa etdilər.[13] Kirovabaddan Xasay Qərvəndli də "Mirzə Hüseyn segahı"nı oxudu.[12]
Gənclərdən müğənni Süleyman Ağayev, kamançaçı Xeyrulla Kərimov "Çahargah" ifa etdilər. Birinci günün yekununda Tamilla Məmmədova (Məmmədzadə) ansamblın müşayiəti ilə "Qatar" muğamını oxudu. Bir neçə əsərlərin, simfonik kompozisiyaların müəllifi olan Tamilla Məmmədova Firidun Hüseynzadə ilə birlikdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin "Şəlalə" instrumental ansamblının rəhbəri idi.[13]
Muğam festivalın ikinci günü Balaxanı Mədəniyyət evinin "Təravət" xalq çalğı alətləri ansamblının rəhbəri Sidqi Mustafayev tərəfindən tarda ifa olunan "Xaric segah" ilə başlandı. Üzeyir Hacıbəyov adına Mədəniyyət evinin üzvü Lumu Bayramova isə "Segah" muğamını ifa etdi.[12]
"Qızıl payız" festivalında Dərbənddən musiqiçilər — əslən ləzgi olan Dağıstan MSSR əməkdar artisti, müğənni Düriyyə Rəhimova, Verzant Məhəmmədova, Dağıstan MSSR əməkdar mədəniyyət işçisi tarzən Sədi Zamanov və başqaları da iştirak edirdi. Dağıstan azərbaycanlıları Azərbaycan dilində muğamları ifa edirdilər. Düriyyə Rəhmanova ləzgi, qumuq, dargin, avar və başqa xalqların musiqilərini, eyni zamanda "Segah" muğamını oxudu. Tarzən Sədi Zamanov "Cahargah" müğamını səsləndirdi. Ağa Rüstəmov isə tarzən Sədi Zamanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının müşayiəti ilə "Rast" muğamını oxudu. O, qəzəlləri Əliağa Vahiddən seçmişdi.[13]
Daha sonra həvəskar müğənni Abbasqulu Səfərov "Bayatı-Şiraz" muğamını Füzulinin sözləri ilə ifa etdi. Onun ifası nöqsanlı olmuşdu. Müsabiqədə iştirak edən iki qadın müğənni — Lumu Bayramova və Dağıstan MSSR əməkdar artisti Düriyyə Rəhimova "Mirzəhüseyn segahı"nı oxudular. Tahir Quliyev isə "Şüştər" muğamını kamançada ifa etdi. Bundan başqa, Tahir Əliyev isə "Cahargah" muğamını oxudu. Konsertin sonunda M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti Baba Mirzəyev "Qatar" muğamını şaqraq zəngulələrlə başa vurdu.[14]
Oktyabrın 27-də Əl oyunları sarayında "Muğam-69" festivalı başa çatdırıldı. Ümumən, iki gün ərzində festivalda 24 nəfər xanəndə və sazəndə iştirak etdi. Onlardan 6-ı "festivalın laureatı" adına layiq görüldü.[12]
"Qızıl payız" festivalının sonuncu mərhələsi — III Bakı caz musiqi festivalı olan "Caz-69" 27 və 28 oktyabr tarixlərində keçirildi. Burada Bakıdan başqa Moskva, Leninqrad, Novosibirsk, Tallin və Tbilisidən gəlmiş caz qrupları da iştirak edirdi. Bakını isə Rafiq Babayev kvarteti, "RD" kvarteti, Vaqif Mustafazadənin rəhbəri olduğu "Qafqaz" üçlüyü və digər qruplar təmsil edirdi.[4]
Caz ansambllarının ifaları sədr Xəyyam Mirzəzadə, Azərbaycan SSR xalq artistləri Tofiq Quliyev, Rauf Hacıyev, festivalın iştirakçıları – Rafiq Babayev, Vaqif Mustafazadə və başqalarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi.[15]
Konsertin birinci hissəsində Yuri Qukasovun rəhbərliyi ilə "Xəzər" caz kvartetinin ifasında Qara Qarayevin "Yeddi gözəl" baletindən "hind gözəli"nin rəqsi səsləndirildi. Caz kvartetində gənclər — saksofonçu Yuri Qukasov, kontrabasçı Aleksandr Simonyan, zərb alətlərində çalan Valeri Qriqoryan və fortepianoçu Mixail Xotyanov ifa edirdilər. Onların ifasındakı ikinci əsər isə Con Koltreynin "Ballada"sı oldu. Onlar kvartetin bədii rəhbəri Y.Qukasovun "Blyuz"u ilə çıxışlarını yekunlaşdırdılar. Daha sonra həvəskar bəstəkar Aleksandr Koçarovun rəhbərliyi ilə "KM" caz triosu Tofiq Quliyevin "Sən mənimsən, mən sənin", Dyuk Ellinqtonun "İn de melaqon", Aleksandr Koçarov isə "Qızıl payız haqqında ballada", "Tatyana üçün blyuz" melodiyalarını ifa etdi.[16]
Caz-69 festivalında həmçinin "Ekspress-118" ansamblının üzvü, İrina Alleqrova da iştirak edirdi.[17]
Tədbirdə Bakının "Dostluq" restoranının kvarteti də çıxış edirdi. Truba ifaçısı Tofiq Ələkbərovun rəhbərlik etdiyi bu kollektiv Azərbaycan və sovet bəstəkarlarının bir sıra əsərlərini ifa etdilər. Daha sonra Tbilisidən gəlmiş caz kvartetləri öz ifalarına başladı. Ansamblın rəhbəri Aleksandr Rakviaşvili, qrupun gitaraçısı Roman Braqvadze, kontrabasçısı Tamaz Kuraşvili, zərb alətləri ifaçısı isə İvan Arutyunov idi. "Amerika əsgərlərinin taleyi" kino filmindən bir melodiya, Entonn Nyuolinin "Məni kim əvəz edəcək" əsəri və "Ey uşaqlar" rus xalq mahnısı onların ifasında səsləndirildi.[16]
"Qızıl payız"ın caz musiqisi festivalında "Qafqaz" ansamblı tamaşaçılara və münsiflər heyətinə dörd kompozisiya təqdim etdi, bunların arasında müəllif Vaqif Mustafazadənin üçüncü Bakı caz musiqi festivalına həsr etdiyi yeni "Festival" kompozisiyası da yer aldı. Rəhbəri Vaqif Mustafazadə olan ansambl muğamların, xüsusən də "Cahargah"ın ladlarını qorumaqla özünəməxsus formada ifa edirdi.[18]
Caz günündə rəhbəri Tofiq Ələkbərov olan "RD" kvarteti və tərkibi Vladimir Sermakaşev, Valeriya Bağıryan, Vladimir Koçaryan və Yuriya Tuşinskidən ibarət Moskvadan "KM" kollektivləri də çıxış edirdi. Rəhbəri və saksofonçusu Vladimir Sermakaşev olan "KM" kollektivi tədbirdə bir sıra orijinal kompozisiyalar, eləcə də V.Sermakaşevin "Blyuz" kompozisiyasını ifa etdilər. Tofiq Ələkbərov özünün "1002-ci gecə" kompozisiyası ilə çıxış etdi.[19]
Faiq Sücəddinovun rəhbərlik etdiyi "Radio-televiziya" kvarteti improvizasiyasında muğam musiqisindən istifadə olunmuş "İçərişəhər" kompozisiyasını ifa etdi.[19]
Caz festivalının sonuncu günündə Gürcüstan SSR-dən gəlmiş qruplar da iştirak edirdi. Onların arasında gitaraçı Roman Braqvadze əvvəlki Bakı festivalının qalibi idi. Bundan əlavə, Albert Avadyaevin rəhbərlik etdiyi simfocaz qrupu da çıxış etmişdi.[20]
Estrada-caz ansambllarının üzvləri xarici ölkə bəstəkarlarının əsərlərinə daha çox meyl edirdilər. Repertuarda Azərbaycan bəstəkarlarının mahnılarına daha az rast gəlinirdi.[8]
Festival laureatlarına mükafatları Azərbaycan SSR xalq artistləri Xan Şuşinski və Sara Qədimova, bəstəkar, Azərbaycan SSR əməkdar incəsənət xadimi Zakir Bağırov və Bakı şəhər komsomol komitəsinin katibi Elmir Şərifov və digər münsiflər təqdim etdi.[1]
Festivalda iştirak etmiş gənc bəstəkarlar Eldar Behbudzadə və Eldar Rüstəmov bəstələdikləri mahnılara görə laureat adını qazanaraq ikinci dərəcəli diplomla təltif olundular. İrina Alleqrova Eldar Behbudzadənin "Xəzər" adlı mahnısının ifasına görə laureat adını qazandı. Gürcüstan müğənnisi Elza Bandzeladze və "A və B" mahnısının müəllifi 23 yaşlı Eldar Rüstəmov festivalın laureatı oldular.[15]
Muğam-69 festivalının birinci dərəcəli diplomları laureatlar Elmira Əliyeva və kirovabadlı Xasay Qərvəndliyə təqdim olundu.[19] İkinci dərəcəli diplomlar isə Cəfərqulu Cəfərquluyev və Abdulla Əzizova ("Segah" muğamının ifasına görə) verildi. Üçüncü dərəcəli diplomların laureatları isə Dərbənddən Ağa Rüstəmov və Baba Mirzəyev oldu.[15] İfaçılıqda fərqlənənlərə isə həvəsləndirici mükafatlar verildi.[12]
Xarici ölkələrdən gəlmiş Aleksandr Rekviaşvilinin rəhbərlik etdiyi Tbilisi caz-kvarteti də laureat adını aldı. Bakılı tələbələr Tünzalə Qəhrəmanova və Eldar Bağırov estrada mahnılarının ifasına görə birinci dərəcəli diploma layiq görüldülər. Bəstəkar Tofiq Babayevə isə Bakı şəhəri haqqında mahnı bəstələdiyi üçün "Bakı" axşam qəzetinin xüsusi mükafatı verildi.[8]
Festivalın üç müsabiqəsinin laureatları oktyabrın 29-da Bakı Əl oyunları sarayı keçirilən yekun konsertində çıxış etdilər. 28 yaşlı Vaqif Mustafazadə festivalın üçqat laureatı oldu. Vaqifin başçılıq etdiyi "Qafqaz" caz üçlüyündəki piano ifası və "Festival" kompozisiyası ona birincilik mükafatlarını qazandırmışdı.[18]