Dəstəgül[1], Dostahir[2][3][4] — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş kənd. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Ağdərə rayonunun tərkibində bu adda kənd qeyd olunmur[5][6], 26 mart 1982-ci il tarixli Fərman ilə əslində mövcud olmayan kəndlər kimi yaşayış məntəqələri siyahısından çıxarılmasının təsdiq olunması qərara alınmışdı[7].
Dəstəgül | |
---|---|
40°19′17″ şm. e. 46°41′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5900 |
Nəqliyyat kodu | 59 |
Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə bu kənd o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir[4].
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə Dostahir kəndinin əslində mövcud olmayan kəndlər kimi yaşayış məntəqələri siyahısından çıxarılmasının, bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı[7].
Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı[8]. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun bir neçə yaşayış məntəqələri, o cümlədən Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi[9]. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü[10].
Keçmiş kəndin ərazisi 1994-cü ilin mart-aprel aylarından[11] 10 noyabr 2020-ci ilə kimi erməni silahlı birləşmələrinin işğalı altında olmuşdur. İşğal vaxtı keçmiş kəndin ərazisini tanınmamış qondarma, özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran separatçı rejim nəzarətində saxlayırdı. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq keçmiş kəndin ərazisi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində keçmiş kəndin ərazisi Azərbaycanın nəzarətinə qayıtmışdır[12].
Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə[13] Ağdərə rayonu yenidən yaradılmış[14], və Çaylı kənd inzibati ərazi dairəsi, tərkibindəki Çaylı, Suqovuşan, Təpəkənd kəndləri ilə birgə Ağdərə rayonunun tərkibinə daxil edilmişdi.[13]
Keçmiş kəndin ərazisi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dostahir kimi rəsmiləşdirilmişdi. Yerli əhali keçmiş kəndin adını Tahir adlı şəxslə bağlayır. Tədqiqatçıların bir qismi toponimi XIX əsrdə qeydə alınmış qaraçorlu tayfa birliyinə daxil olan dəstagir tirəsinin adı ilə, digər qismi isə alban hökmdarı Vaçaqanın (V əsr) qızı Dəstəgülün adı ilə əlaqələndirir və guya keşmiş kəndin vaxtilə bu şahzadənin yay iqamətgahı olduğunu söyləyirlər. Əslində, oykonim dəstə (su arxı) və hır (axar) komponentlərindən ibarət olub, "axar su kənarında kənd" mənasını daşıyır. Keçmiş kəndin ərazisinin Kürəkçayın qollarından birinin kənarında yerləşməsi və Çaylı adlanan inzibati ərazi vahidliyinin tərkibində olması da bu fikri təsdiqləyir.[1]