Salyan kazarması — Bakıda XX əsrin əvvəllərində Salyan 206-cı atıcı alayı üçün tikilmiş kazarma. Kazarma kompleksi uzun müddət və hazırda Cənubi Qafqazda şəhər içində olan ən böyük hərbi qurğu sayılır.
Salyan kazarması | |
---|---|
Bakı ( Azərbaycan) | |
Yer haqqında informasiya | |
Sahib | Azərbaycan Müdafiə nazirliyi |
Tikinti yerinin tarixi | |
Tikilib | XX əsrin əvvəllərində |
İstifadə illəri | fəaliyyətdədir |
20-ci əsrin əvvəllərində Bakının kənarında, Şamaxı bazarının arxasında Salyan 206-cı motoatıcı alayı üçün şərq memarlığı elementlərinə malik 2 və 3 mərtəbəli kazarmalar, həmçinin zabitlər üçün evlər tikilib. 1909-cu ildə kazarmanın yanında Müqəddəs Jen-Mironosiç adına alay kilsəsi tikilmişdir. 1911-ci ildə Rusiya çarı II Nikolayın əmri ilə 206-cı Salyan alayı üçün tikilmiş şəhərcik çarın oğlu Alekseyin adı ilə "Aleksey kazarmaları" adlandırıldı. 1920-ci ilin aprel işğalından sonra isə bu şəhərciyə "Qızıl Şərq" (Krasnıy Vostok) adı verildi. Amma bu şəhərcik yaddaşlarda daha çox "Salyan kazarmaları" adı ilə qalıb və bu gün də bu ad altında tanınmaqdadır.[1]
Lenin adına Birinci Beynəlxalq Atıcı Alayı və "Qızıl Şərq" atıcı alayı 1936-cı ildə Serqo Orconikidze adına 77-ci Azərbaycan Qırmızı Bayraqlı dağatıcı Diviziyasının tərkibinə daxil oldu.
1933-cü ildə Salyan kazarmasının yanında Serqo Orconikidze adına Bakı Piyada Məktəbi üçün binalar tikildi. 1941-ci ilin dekabrında 77-ci dağatıcı diviziya Kerç-Feodosiya desant əməliyyatı ilə Böyük Vətən müharibəsinə qoşuldu.[2] Müharibə illərində Salyan kazarmasında müxtəlif hərbi məktəblər, kurslar, texnikumlar yerləşirdi.
Müharibədən sonra 295-ci Xerson motoatıcı diviziyasının alayları Salyan kazarmasında yerləşdirilmişdi. 1960–1979-cu illərdə Salyan kazarmasında 80-ci paraşüt-desant alayı da yerləşirdi. Müharibədən sonrakı dövrdə köhnə Salyan kazarmasının yanında yeni kazarmalar, zabit ailələri üçün evlər tikilmişdir.
1980-ci illərin sonunda Salyan kazarmasında 135-ci motoatıcı alayı, eləcə də kadrlaşdırılmış 139-cu motoatıcı alayı, 1090-cı artilleriya alayı, 1056-cı zenit-artilleriya alayı və 295-ci motoatıcı Xerson diviziyasının digər hissələri yerləşirdi.[3]
1990-cı ilin yanvarında Bakıda baş vermiş qanlı yanvar hadisələri zamanı Salyan kazarması əsas qarşıdurma mərkəzlərindən birinə çevrilmişdi.[4][5]
SSRİ-nin dağılmasından sonra Salyan kazarması Azərbaycan Müdafiə Nazirliyinin tabeliyinə verilib. Orada Azərbaycan Hərb Tarixi Muzeyi və Azərbaycan Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzi yerləşir.[6][7]