Vilyam Batler Yeyts (ing. William Butler Yeats, (Yits, Yets, Eyts kimi də transliterasiya olunur); 13 iyun 1865[1][2][…] və ya 13 mart 1865[3], Sandimaunt[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[5][6] – 28 yanvar 1939[1][4][…], Mentona, Fransa və ya Rokbrün-Kap-Marten[7]) — ingilis dilində yazan İrlandiya şairi, dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1923).
Vilyam Batler Yeyts | |
---|---|
ing. William Butler Yeats | |
Doğum tarixi | 13 iyun 1865[1][2][…] və ya 13 mart 1865[3] |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 1939[1][4][…] (73 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | şair, dramaturq, yazıçı, siyasətçi, astroloq |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | simvolizm |
Üzvlüyü |
|
Vilyam Batler Yeyts Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam Batler Yeyts ingiliscə yazan irland şairi və dramaturqdur. Dublində doğulmuşdu. Atası əvvəlcə vəkillik etmək fikrinə düşsə də, sonra rəssam olmağı qərara almışdı. Anası isə zəngin ailədən çıxan, qapalı həyat tərzinə üstünlük verən və hər şeydən tez təsirlənən həssas qadın idi. Onlar bir müddət Londonda yaşadıqlarından Vilyam təhsilini ingilis dilində almışdı. 1880-ci ildə ailə İrlandiyaya qayıtmışdı. Vilyam da atası kimi rəssam olmaq istəyirdi. Hətta bir müddət Metropoliten Gözəl Sənətlər məktəbinin məşğələlərinə davam etmişdi. Lakin sonda poeziyaya maraq bu arzunu üstələmişdi. Onun 1885-ci ildə çap olunan gənclik şeirlərində Spenser və Şellinin güclü təsiri duyulurdu. Bu dövrdə Yeyts kimyagərlik və okkult elmləri ilə də maraqlanırdı. Nəticədə o, Dublin Əlkimyaçılar Cəmiyyətinin yaradıcılarından biri olmuşdu. Sonralar məşhur şair və ictimai xadim kimi tanınanda da bu gənclik marağından əl çəkməmişdi.
"Ossianın səyahətləri və başqa şeirlər" adlı ilk kitabı (1889) şairin öz poetik axtarışlarında irland mifologiyasına və xalq ədəbiyyatı ənənələrinə daha böyük önəm verdiyini göstərirdi. Sənətlə təbiət arasında qarşıdurma və münaqişənin olmadığı, qarşılıqlı ahəngdarlığın hökm sürdüyü bir fəlsəfi-estetik sistem yaratmaq sənətkar kimi Yeytsin ən böyük arzularından biri idi.
Yeyts sözün müsbət mənasında irland millətçisi idi. Xalqının tarixi yaddaşını hərəkətə gətirməyi əsas vəzifəsi sayırdı. İlk dram əsəri "Qrafinya Ketlin"in (1892) eyniadlı qəhrəmanı, əsilzadə qadın Ketlin ac irland kəndlilərini ölümdən xilas etmək üçün ruhunu şeytana satmağa razı olurdu. Bu simvolika hər şeyi İrlandiyanın milli müstəqilliyinə tabe tutmağa çağıran Yeytsin siyasi-ədəbi kredosu sayıla bilərdi.
Həmin mübarizədə onun ən yaxın silahdaşları — özü ingilis olsa da, həyatını irlandların azadlıq mübarizəsinə həsr edən aktrisa və ictimai xadim Mod Honn, Protestant Liqasının üzvü ledi Avqusta Qreqori və gənc irland dramaturqu Con Millinqton Sinq idi. Yeyts sonuncunu Parisdən qayıtmağa və irland kəndliləri arasında yaşamağa təşviq etmişdi. Gənc müəllifin pyesləri milli koloriti, sadə və aydın dili ilə hətta Yeytsin özünün yaradıcılığına əhəmiyyətli təsir göstərmişdi.
Bu üçlüyün birgə səyi ilə 1906-cı ildə Dublində irland milli teatrı yaradılmışdı. Teatr qısa müddətdə irlandların Britaniya asılılığına qarşı mübarizəsinin ideoloji mərkəzlərindən birinə çevrilmişdi. Yeyts Dublin teatrı üçün pyeslər yazır, onun fəaliyyətini genişləndirmək məqsədilə ianə toplayır, tamaşaların hazırlanmasında iştirak edirdi. Dramatik və poetik sahədə eyni ilhamla yazıb-yaradan müəllifin adı artıq irland əsilli məşhurların — Oskar Uayld, Ceyms Coys və Ezra Paundun adları ilə bir sırada çəkilirdi.
Britaniya ağalığına qarşı irland üsyanı zamanı (1916) Yeyts Londonda idi. O, əvvəlcə İrlandiya adından danışanların amansızlığından sarsılmışdı. Sonra isə qanlı mübarizənin iştirakçılarını, ilk növbədə sıralarında üç nəfər söz adamının da olduğu 16 qurbanı — Britaniya məhkəməsinin qərarı ilə dar ağacından asılmaqla edam edilən milli mücadilə qurbanlarını şeirlərində hərarətlə vəsf etmişdi.
Bu üsyandan iki il sonra İrlandiya müstəqilliyinə qovuşdu. Ümummilli şair kimi tanınan Yeyts ölkə parlamentinin ilk senatorları sırasında yer aldı. 1923-cü ildə isə Nobel laureatı oldu. Mükafatın məhz irlandiyalı müəllifə verilməsində yaradıcılıq amili ilə yanaşı siyasi konyuktura da öz rolunu oynamışdı. İsveç Akademiyası növbəti laureatı irland sənətkarları arasından seçməklə Avropanın siyasi xəritəsindəki yeni dövlətə öz mənəvi dəstəyini ifadə etmək istəmişdi.
Müstəqillik savaşında Vilyam Yeytsin də mühüm xidmətləri olmuşdu. Təsadüfi deyil ki, Nobel mükafatı ona "yüksək bədii formada milli ruhu ifadə edən ilhamlı poetik yaradıcılığına görə" verilmişdi. İsveç Akademiyasının üzvü Per Halmstrem Yeytsi "irland-kelt dirçəlişinin mərkəzi siması" adlandırmış, onun "yüksək poetik tələblərə cavab verən sənətkar" olmaqla yanaşı həm də xalqla bağlılığını heç zaman itirməməsini" şəxsiyyətinin mühüm məziyyətlərindən biri kimi qeyd etmişdi.
"İrland dramatik hərəkatlı" adlı Nobel mühazirəsində Yeyts özü də əsas diqqəti ədəbi fəaliyyətindən daha çox ölkəsinin müstəqillik uğrunda mübarizədəki xidmətlərinə yönəltmişdi. İlk növbədə o, mübarizə yoldaşlarını — həyatdan erkən köçmüş Sinqi və ledi Qreqorini xatırlamışdı: "Burada sizin kralın əlindən İsveç Akademiyasının yüksək mükafatını alanda düşündüm ki, sağ tərəfimdə çoxdan vəfat etmiş gənc bir adam, sol tərəfimdə isə, şükürlər olsun ki, bu gün də yaşayan orta yaşlı bir qadın dayanmalı idi".
Yeyts Nobel laureatı olandan sonra yaradıcılığı yüksələn xətlə inkişaf edən və yeni, uğurlu əsərlər yaradan azsaylı sənətkarlardan idi. Həyatının son 15 ilini o, İrlandiyanın milli şairi kimi böyük sayqı və ehtiram şəraitində yaşamışdı. Səhhətindəki problemlərə baxmayaraq bu illərdə "Qüllə" (1928), "Dairəvi pilləkən və digər şeirlər" (1933) kitablarında toplanan əsərlərini yaratmışdı. Dünyanın bir çox ölkələrinə səyahət edən şair əsas diqqəti İrlandiyanın tarix və mədəniyyətinin təbliğinə yönəltmişdi. O, İrlandiya və Britaniyanın bir sıra universitetlərinin fəxri doktoru adına layiq görülmüşdü.
Fransız riverasında vəfat edən şair vəsiyyətinə uyğun şəkildə 1948-ci ildə vətənində torpağa tapşırılmışdı. Müasir irland şairi Şeymas Hininin fikrincə, Yeyts öz əsərləri ilə hər bir irlandı "bir daha sənətin Allah tərəfindən yaradıldığı və sənətdən kənar sivilizasiyasının qeyri-mümkünlüyü həqiqətinə" inandırmışdı.