Züleyxa Hüseynova

Züleyxa İsmayıl qızı Hüseynova (29 may 1924, Bakı24 may 1996, Bakı) — ictimai və dövlət xadimi, texnika elmləri namizədi, professor, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1965–1970), Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri (1970–1981), SSRİ Ali Sovetinin (7–8-ci çağırış) deputatı, SSRİ Parlament qrupu Komissiyasının üzvü.[1]

Züleyxa Hüseynova
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri
1 iyun 1970 – 23 yanvar 1981
ƏvvəlkiQüdrət Dadaşov
SonrakıLidiya Rəsulova
Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri
20 oktyabr 1965 – 30 iyun 1970
Əvvəlkikomitə nazirliyə çevrilib
SonrakıDanil Quliyev
Azərbaycan SSR Nazirlər Soveti Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri
28 may 1963 – 20 oktyabr 1965
ƏvvəlkiAbdulla Qarayev
Sonrakıkomitə nazirliyə çevrilib
Şəxsi məlumatlar
Doğum tarixi 29 may 1924(1924-05-29)
Doğum yeri
Vəfat tarixi 24 may 1996(1996-05-24) (71 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni “Əmək igidliyinə görə” medalı

Hüseynova Züleyxa İsmayıl qızı 29 may 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almış, daha sonra 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsinə qəbul olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Züleyxa xanım Yesman adına Energetika İnstitutunun aspiranturasında oxumuşdur.

O, 1953-cü ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonrakı 6 il ərzində Azərbaycan SSR Elmlər Akademiyasında fəaliyyət göstərib. Daha sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və tədris müəssisələri şöbəsinin müdir müavini təyin edilmişdir.

Züleyxa Hüseynova respublikada ali və orta ixtisas təhsili müəssisələrini özündə birləşdirən Ali və Orta İxtisas Təhsili Nazirliyinin yaradılması üçün ardıcıl çalışan ziyalılardan biri idi. O, dəfələrlə Moskvada SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin rəhbərliyi ilə görüşərək müttəfiq respublikalarda müvafiq qurumun yaradılmasının zəruri olduğunu əsaslandırmağa çalışmışdır. Beləliklə, onun səyləri nəticəsində Nazirlər Soveti nəzdində Ali və Orta İxtisas Təhsili Komitəsi yaradılmış, Züleyxa xanım isə komitə sədrinin müavini vəzifəsinə təyin olunmuşdur. Daha sonra 1963-cü ildə isə o, komitənin sədri vəzifəsinə layiq görülmüşdür.[2]

1965-ci ilin iyulunda komitə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilmiş, Züleyxa Hüseynova isə nazir təyin edilmişdi. Onun nazir kimi fəaliyyəti dövründə respublikada ali təhsil şəbəkəsinin genişləndirilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində sanballı işlər görülüb. Belə ki, Azərbaycan Neft və Kimya İnstitutu nəzdində 4 yataqxananın, xarici tələbələr üçün tədris korpusunun inşası onun təşəbbüsü və köməyi ilə reallaşdırılıb. Ölkənin ikinci sənaye şəhəri olan Sumqayıtda Azərbaycan Neft və Kimya İnstitutunun filialı açılıb (həmin filialın bazası əsasında hazırda Sumqayıt Dövlət Universiteti fəaliyyət göstərir).

Kirovabad (indiki Gəncə) Texniki İnstitutu da onun təşəbbüsü ilə yaradılıb.

1965–1970-ci illərdə ali və orta ixtisas təhsili naziri vəzifəsində uğurla çalışan Züleyxa Hüseynova 1970-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri vəzifəsinə seçilmişdir.

1981-ci ildən təqaüdə çıxanadək Züleyxa xanım Azərbaycan SSR Nazirlər Sovetində Elm, texnika və təhsil müəssisələri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Onu bir çox elmi məqalə və metodik işləri nəşr olunub. "Avtomobillər və traktorlar" adlı orijinal ali məktəb dərsliyinin həmmüəlliflərindəndir. Təqaüdə çıxandan sonra Azərbaycan Texniki Universitetində daxiliyanma mühərrikləri kafedrasında məsləhətçi-professor işləyib.

Züleyxa Hüseynova SSRİ Ali Sovetinə (VII–X çağırış) deputat seçilmiş, Ali Sovetin daimi komissiyasının sədr müavini və sədri, Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.

Züleyxa Hüseynovanın əməyi yüksək qiymətləndirilmiş, "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" ordenləri, bir sıra medal və fəxri fərmanlarla təltif edilmişdir.

  1. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.
  2. "Züleyxa İsmayıl qızı Hüseynova". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.