Ağa İsmayıl oğlu Sultanov (1901, Bakı – 12 iyun 1936, Axalsıx) — Azərbaycan inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maarif komissarı (1929–1930), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1930–1933), Gürcüstan Kommunist Partiyası Axalsıx Rayon Komitəsinin birinci katibi (1933–1936).
Ağa Sultanov | |
---|---|
1933 – 1936 | |
1930 – 1933 | |
Birinci katib | Vladimir Polonski |
1929 – 1930 | |
Əvvəlki | Ruhulla Axundov |
Sonrakı | Maqsud Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1901 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 1936 |
Vəfat yeri |
|
Partiya |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ağa İsmayıl oğlu Sultanov 1901-ci ildə anadan olmuşdur. Əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindəndir. Onun atası İsmayıl Sultanov maddi səbəblərə görə Bakıya gəlmiş, Qara şəhərdə fəhləlik etməyə başlamışdır. Burada anadan olan Ağa Sultanov yalnız ibtidai məktəbi bitirə bilmiş və böyük qardaşı Qasımla birlikdə dəmirçi emalatxanasında işə girmişdir. 1917-ci ildə inqilabi hərəkata qoşulmuş, 1918-ci ildə Qriqori Petrovun döyüşçü dəstəsinə qatılmışdır.[1][2]
1919-cu ildə bolşeviklər partiyası sıralarına qəbul olunan Ağa Sultanov həmin ildən Azərbaycan dəmir yolunda işləyərək Bakı dəmiryolçularının həmkarlar ittifaqına başçılıq etmişdir. Bakı Partiya Komitəsinin tapşırığı ilə dəmiryolçular arasında gizli təbliğat və təşviqat işi aparmışdır. 1920-ci ilin fevral ayında Ağa Sultanov Bakı partiya təşkilatı tərəfindən Hacıqabula göndərilmiş və burada, eləcə də Kürdəmirdə və Yevlaxda həmkarlar ittifaqı təşkilatlarına başçılıq etmişdir.[1]
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra ilk vaxtlar o, Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri, sonralar isə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Baş Milis İdarəsində komissar vəzifəsində və digər məsul işlərdə çalışmışdır. 1922–1924-cü Azərbaycan diviziyasında rəhbər partiya-siyasi vəzifələr tutmuşdur.[1]
Sonralar Ağa Sultanov Ağdaş Qəza Partiya Komitəsinin, Gəncə Dairə Partiya Komitəsinin katibi, 1929–1930-cu illərdə isə Azərbaycan SSR xalq maarif komissarı vəzifələrində çalışmışdır. 1930–1933-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi respublika rəhbərlərindən biri olmuşdur. 1933-cü ildə Gürcüstana göndərilmiş və həyatının sonunadək — 1936-cı ilədək burada Axalsıx Rayon Partiya Komitəsinin katibi (birinci katib) vəzifəsində çalışmışdır.[1]
Ağa Sultanov UİK(b)P Zaqafqaziya Diyar Komitəsinin, Azərbaycan K(b)P və Gürcüstan K(b)P mərkəzi komitələrinin, eləcə də ZSFSR və Azərbaycan SSR mərkəzi icraiyyə komitələrinin üzvü seçilmişdir.[3] ÜİK(b)P XIV qurultayının (1925) nümayəndəsi olmuşdur.[1]
Ağa Sultanov 12 iyun 1936-cı ildə Axalsıxda vəfat etmişdir.[3] Onun ölümü ilə bağlı Lavrenti Beriya başda olmaqla bir sıra Zaqafqaziya rəhbərləri başsağlığı veriblər.[4]
İnqilabçı Qasım İsmayılovun, Hökumə Sultanovanın və Azərbaycanın ilk təyyarəçilərindən olan Yaqub Sultanovun qardaşıdır.