Zəyzid məbədi — Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən təxminən X-XI əsrlərə aid kilsə. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.[1]
Zəyzid kilsəsi | |
---|---|
41°10′08″ şm. e. 47°15′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Orta Zəyzid |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | X-XI əsrlər |
Üslubu | Qafqaz Albaniyasının memarlığı |
İstinad nöm. | 4983 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Planda xaçvari formaya malik olan Zəyzid kilsəsində şərq qolu istisna olmaqla, xaçın digər qolları düzbucaqlı formaya malikdir. Şərq qolunda yarımdairəvi plana malik apsida yerləşir. Xaçın kəsişmə yerinin küncləri düzbucaqlı kapitel plitəsinə malik pilyastrlar formasında həll edilmişdir. Bir-birinin üstünə asılan yrımdairəvi tağlar yumru kəməri saxlayır. Kəmər üzərində isə kilsənin barabanı və dövrümüzə çatmamış günbəzi yerləşirdi.
Kilsənin şimal divarında, bütün divar boyunca çəkilmiş iki qat üzləmə dövrümüzə çatmışdır. Üzləmə üzərində qədim freskaların izləri müşahidə edilməkdədir.
Bizim eranın əvvəllərində Qafqaz Albaniyası ərazisində xristianlığın aktiv təbliği və yayılması, IV əsrdən etibarən isə dövlət dininə çevrilməsi çoxlu sayda kilsə və monastırların inşasına vüsət vermişdir.[2] Məbəd və nekropol komplekslərinin tədqiqi, onların aid olduqları dövrlərin müəyyən edilməsi ümümi əsaslarla xristian ideologiyasının Dağlıq Qafqaz, o cümlədən Şima-Qərbi Azərbaycan ərazisində möhkəmlənməsi prosesini izləməyə imkan vermişdir.[2]
Şimal-Qərbi Azərbaycan regionunda qayalıq və təpəlik ərazilərdə, həmçinin meşə ərazilərində 70-ə qədər xristian məbədi və onların qalıqları dövrümüzə çatmışdır.[3] Bunlar əsasən bazilikal memarlıq formasına malik, bir və ya üç nefli tikililərdir.[3]
Regionun xristian məbədləri arazında Şəkinin Orta Zəyzid kəndində yerləşən kilsə, xaçvari plan quruluşu ilə fərqlənir. Arxeoloji tədqiqatlar və tikilinin struktur xüsusiyyətlərinin öyrənilməsi nəticəsində onun V-VIII əsrlərə aid olması müəyyən edilmişdir.[4] Həmçinin memarlıq-arxeologiya araşdırmaları kilsənin bütün hissələrinin bir dövrdə tikildiyini göstərmişdir.[5] Şurf qazıntısı və kilsənin daxilində bir neçə yerdə aparılan tədqiqatlar da bu nəticəni təsdiqləmişdir.[5] Arxeoloji qazıntılar zamanı kilsə ərazisindən aşkara çıxarılmış müxtəlif keramika qalıqları II-VI və VIII-XIII əsrlərə aid edilmişdir.[5] G. Məmmədova kisənin analoji xüsusiyyətlərə malik Gədəbəy kilsəsi ilə müqayisədə daha incə memarlıq formaları və dekorativ xüsusiyyətlərə malik olmasına istinad edərək bir qədər sonrakı dövrdə, ən geci X əsrdə inşa edilmiş olması ehtimalını irəli sürür.[6]
Planda xaçvari formaya malik olan[6] Zəyzit kilsəsində şərq qolu istisna olmaqla, xaçın digər qolları düzbucaqlı formaya malikdir. Şərq qolunda yarımdairəvi plana malik apsida yerləşir.[6] Xaçın kəsişmə yerinin kencləri düzbucaqlı kapitel plitəsinə malik pilyastrlar (50 sm enə malik) formasında həll edilmişdir.[6] Bir-birinin üstünə asılan yrımdairəvi tağlar yumru kəməri saxlayır. Kəmər üzərində isə kilsənin barabanı və dövrümüzə çatmamış günbəzi yerləşirdi.[6]
Zəyzid kilsəsinin girişi qərb divarında yerləşir.[3] Giriş qapısı 90 sm enə və 1.80 sm hündürlüyə məlaikdir.[3] Kilsənin divarları fasad hissəsi yaxşı yonulmuş əhəngdaşından inşa edilmişdir. Daşıyıcı divarların qalınlığı 80 sm-ə çatır.[3] Künclərin inşasında həm daxildə, həm də xaricdə yaxşı yonulmuş səliqəli daş bloklarından istifadə edilmişdir. Həmin blokların bəziləri böyük ölçüyə (80x60x20; 75x65x22 sm) malikdir.[3] Divarların hörgüsündə üyüdülmüş keramika qarışığına malik möhkəm əhəng məhlulundan istifadə edilmişdir.[3]
Kilsənin altar hissəsi xaricdən beşbucaqlı formasında həll edilmiş və üç pəncərəyə malikdir. Həmçinin qolların hər birində bir pəncərə vardır.[6] Pəncərə yerlərinin hündürlüyü 1.5 metrə malikdir.[3]
Kilsənin baraban və günbəzinin inşasında künc yerlərinin hörgüsündə istifadə edilmiş yaxşı yonulmuş əhəng daşından istifadə olunmuşdur.[7] Divarların bəzi yerlərində sonrakı dövrlərdə həyata keçirilmiş təmir işləri və üzləmələrin izlərini müşahidə etmək olur.[7] Kilsənin barabanında yalnız bir ədəd 40 sm enə malik pəncərə yeri vardır.[7]
Kilsənin günbəzi dövrümüzə çatmadığından tədqiqatçıların onun forması haqqında yalnız fərziyyələr irəli sürürlər. Lakin, inşa edildiyi ilk növrlərdən kilsənin günbəzə malik olması şübhə doğurmur.[4] V. Kərimov Zəyzid kilsəsindən daha əvvəlki dövrlərə (II-V əsrlər) aid olan Kilsədağ, Ləkit və Mamrux kilsələrində günbəzli qüllə formasının tətbiqinə əsaslanaraq region memarları üçün bunun yenilik olmadığını bildirir.[4]
Zəyzit kilsəsinin damında örtük materialı kimi kifayət qədər böyük ölçülərə (34-36x4749 sm) malik su axtırma yerli və bu cür dərinliyə malik olmayan kirəmit lövhələrdən istifadə edilmişdir.[4]
Kilsənin şimal divarında, bütün divar boyunca çəkilmiş iki qat üzləmə dövrümüzə çatmışdır. Üzləmə üzərində qədim freskaların izləri müşahidə edilməkdədir.[3]
Kilsənin dövrümüzə çatmış bütün karniz kəmərləri eynitipli mürəkkəb oyma naxışlarla bəzədilmişdir.[8] Dekorativ qabartma və heykəl qalıqları yalnız cənub qolundakı pəncərənin kənarlarında dövrümüzə çatmışdır.[8] Qorelyef pəncərənin bütün dörd tərəfini də əhatə edir.[8]
Zəyzid kilsəsinin cənub-qərb küncündə keşiş otağı olması güman edilən kiçik tikilinin xarabalıqları vardır.[9] Tağtavana malik digər bir tikili isə Zəyzit kilsəsinin şimal tərəfində yerləşir. Kilsə kapellası (sovməə) olması güman edilən tikilinin giriş və pəncərə yeri şərq divarındadır.[9]
Kiləsnin şima-qərb tərəfində bir qədər aralıda ciddi dağıntıya məruz qalmış daha bir tikili vardr. Həmin tikili təməl hissəsinə qədər dağılmışdır.[10] Kilsədən bir qədər aralıda erkən orta əsrlərə aid xristian qəbirsanlığı və qəbir daşları yerləşir.[10]
Kilsənin daxilində, şimal divarının altında aparılan arxeoloji qazıntı işləri zamanı müəyyən edilmişdir ki, tikilinin təməli 30 sm dərinlikdə yerləşməklə 1.20 m qalınlığa malikdir.[7] Təməlin inşasında tünd boz rəngli qaya daşlarından istifadə olunmuşdur.[7]
Kilsənin daxilində qazıntılar zamanı sıfır nöqtəsindən 60 sm dərinlikdə heç bir mədəni təbəqə aşkar edilməmişdir.[7] Kilsənin daxilinin təmizlənməsindən sonra sıfır nöqtəsindən 22 sm dərinlikdə mədəni təbəqə və artefaktlar üzə çıxarılmışdır.[7]