Pipan bazilikası — ( av. Пипанил гьатӀанрукъ ) Zaqatala rayonunun Pinalı kəndindən 3 km aralıda[1], yüksək dağlıq ərazidəki meşə içərisində yerləşən üçkilsəli bazilika formalı tarixi kilsə xarabalığı. Pipan kəndindəki iki kilsədən daha gənc olanıdır.
Pipan bazilikası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Zaqatala |
Yerləşir | Pinalı kəndi |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | X əsr |
İstinad nöm. | 1813 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Bazilika VII–VIII əsrlərə aid edilən və Pinalı kəndi yaxınlığında meşə ərazisində yerləşən qədim kilsənin memarlıq formalarının təkrar edilməsi ilə inşa olunmuşdur. Kilsənin dam örtüyü və dekor elementləri demək olar ki, dağılmış, dövrümüzə isə yalnız divarlarının bir hissəsi çatmışdır. Ölçü baxımından bazilika Pipandakı digər bazilikadan xeyli iridir, kilsənin mərkəzində isə kifayət qədər böyük ölçülərə malik birnefli zal yerləşir.
Abidə Zaqatalanın Pinalı kəndi ərazisində yerləşən iki bazilikadan daha cavan olanıdır. Qədim Pipan bazilikası ölçü baxımından daha kiçik olmaqla erkən xristianlıq dövrü və VII–VIII əsrlərə aid edilir, daha sonrakı dövrdə tikildiyi ehtimal olunan bu bazilika isə IX–X əsrlərə aid olunur.[1][2] Hər iki abidə elmi ədəbiyyatda üçkilsəli bazilika kimi tanınan memarlıq quruluşuna malikdir.[3]
Bazilika VII–VIII əsrlərə aid edilən və Pinalı kəndi yaxınlığında meşə ərazisində yerləşən qədim kilsənin memarlıq formalarının təkrar edilməsi ilə inşa olunmuşdur.[2] Kilsənin dam örtüyü və dekor elementləri demək olar ki, dağılmış, dövrümüzə isə yalnız divarlarının bir hissəsi çatmışdır.[2] Ölçü baxımından bazilika Pipandakı digər bazilikadan xeyli iridir, kilsənin mərkəzində isə kifayət qədər böyük ölçülərə malik birnefli zal yerləşir.[4]
Mərkəzi zal iki cüt pilyastr və divar tağına malikdir. Qədim Pipan bazilikasından fərqli olaraq, burada pilyastrlar T formalı quruluşa malik olmaqla yalnız tavan tağlarını yox, həm də divar tağlarını dəstəkləyir. Altar apsidasının yanlarında, divar dərinliyində dairəvi formaya malik iki yan otaq yaradılmışdır.[2] Yerdən yüksəkdə yerləşən altar apsidası da iki düzbucaqlı formalı niş və pəncərəyə malikdir.[4]
Şimal, cənub və qərb divarlarında olmaqlaq üç giriş qapısına malik olan kilsə, üç tərəfdən qalereya ilə əhatə olunmuşdur.[4] Qalereya hissələrə bölünməmişdir və tikilinin plan xüsusiyyətlərinə əsasən demək olar ki, bütöv, üçhissəli dəhliz formasına malik olmuşdur.[2] Qalereyanın şərq qurtaracaqlarında nalvari altar apsidası və pəncərə yerləşir.[2] Arxüoloji qazıntılar zamanı şimal qalereyasının altar apsidasına malik şərq hissəsi ayıran və orta zalın qapısı ilə əlaqələndirən divar qalıqları aşkar edilmişdir.[2] G. Məmmədova yaradılmış bu kiçik otağın məbəd qurbangahı kimi istifadə edilmiş olması ehtimalını irəli sürür.[3] Kilsənin inşası zamanı yerli çaydaşı və bişmiş kərpicdən istifadə edilmiş, üzəri isə kirəmit plitələrlə örtülmüşdür.[3]
G. Məmmədova qeyd edir ki, Pipan bazilikalarının kompozisiyalarının analizi zamanı onların Qum bazilikası ilə ideya əlaqəsini görmək mümkündür.[5] Bu əlaqə hər şeydən əvvəl mərkəzdə hündür kilsənin yerləşməsi (Pipan bazilikalarında birnefli, Qum bazilikasında isə üç nefli) və əsas özəyin şimal, cənub və qərbdən tağlı, daha alçaq hissə ilə əhatə olunmasında özünü büruzə verir.[5] Həm Qum, həm Pipan bazilikalarında qalereyaların şərq qurtaracağı yan otaqlar şəklində həll edilmişdir. Fərq ondadır ki, Qum bazilikasının qalereyaları açıq tağlı dəhliz, Pipan bazilikalarının qalereyaları isə qapalı, çox hissədə bütöv divara malik məkandır.[5]