Azərbaycan mədəniyyətində xəttatlıq
Azərbaycan mədəniyyətində xəttatlıq (az.-əski. آزربایجان مدنییّتینده ختّاتلیق) — tarixən və müasir dövrdə Azərbaycan mədəniyyətində ərəb əlifbası ilə icra edilən xəttatlıq. Orta əsrlərdə Azərbaycan əlyazmalarının yazılmasında müxtəlif xəttatlıq nümunələrindən (nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi) istifadə edilmiş, elmi əsərlər isə nəsx xətti ilə yazılmışdır. XIX əsrdə gözəl yazı ilə bağlı "İnşai-Mirzə Kazım", Əbdülqəni Xalisəqarızadə Nuxəvinin "Məcməül-xoş xətt" və Əbdüssəlam Axundzadənin "Xətti-təliq və nəstəliq" əsərləri yazılmışdır. Sovet dövründə Azərbaycanda xəttatlıq tənəzzülə uğrasa da, müasir dövrdə hələ də ondan istifadə edilir.
== Tarixi ==
=== Orta əsrlər və erkən müasir dövr ===
Orta əsrlərdə Azərbaycan ərazisində rəssamlar əsasən xəttatlıq ilə məşhur idilər. Azərbaycan əlyazma kitablarının yazılmasında nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi və s. xətt nümunələrindən istifadə edilmişdir. Elmi əsərlər əsasən nəsx xətti ilə yazılmışdır. Bundan başqa məscid kitabələrində, misgərlik nümunələrində, döyüş əşyalarında, sufi dərvişlərinin istifadə etdiyi kəşkül və təbərzində xəttatlıq nümunələrinə rast gəlinir.